Modern.az

Habil Əliyevin məzəli ƏHVALATLARI

Habil Əliyevin məzəli ƏHVALATLARI

4 Dekabr 2010, 23:27

Azərbaycanda görkəmli sənətkar kimi tanınmış istedadlı kamança ustası Habil Əliyev həm də müdrik, hazırcavab və zarafatcıl söz adamıdır. Uzun illərdir  musiqiçilər, ziyalılar arasında onun lətifələri, atmacaları, məzəli söhbətləri gəzib dolaşmaqdadır.

Modern.az ötən günlərdə Habil Əliyevin duzlu-məzəli lətifələrindən bəzilərini oxucuların diqqətinə çatdırmışdı. Bu zarafatcıl söz adamının danışdığı real hadisələrdən bəhs edən daha bir neçə maraqlı əhvalatı sizə təqdim edirik:

***

Habil Əliyev və xanəndə Arif Babayev öz dəstəsilə məşhur qəzəlxan şair Əliağa Vahid vəfat edəndən bir müddət sonra (altmışıncı illərin axırlarında) Hacıqabula toya gediblərmiş. Toyda Arif Babayev müxtəlif muğamlar üstündə Əliağa Vahidin qəzəllərini oxumalı olur. Hər dəfə qəzəlin axırında “Vahid” adı çəkilən kimi toyxanadakılar hamılıqla bir nəfər kimi ayağa qalxaraq xorla “Allah rəhmət eləsin!” deyirlər.
O gecə toyda o qədər “Allah rəhmət eləsin!” deyilir ki, axırda Habil Əliyev hirslənib muğamın şirin yerində çalğısını yarımçıq kəsir, ayağa durub ucadan deyir:
-Ay camaat, Allah hamınızın ölənlərinə rəhmət eləsin! Ay balam, bura yas mərasimi deyil ee, biz toy aparırıq!

***

Sovet hökumətinin vaxtında bir dəfə Habil Əliyev Filarmoniyada müğənni Niyaməddin Musayevlə üz-üzə gəlir.  Onun qanıqara olduğunu görüb soruşur ki, Niyaməddin, nə olub, niyə kefin yoxdur?
Niyaməddin cavab verir:
- Gör başıma nə iş gətirdilər! Məni xaricə gedən dəstədən çıxartdılar.
 - Niyə?
- Atamın adı pasportumda Cabbar yazılıb, ancaq viza vərəqinə “Cabar” düşüb. Dedilər, onsuz da Moskvadan geri qaytaracaqlar, yaxşısı budur, Bakıda qal.
- Elə bircə “b” hərfinə görə?
- Hə.
Habil Əliyev deyir:
- Ay rəhmətliyin oğlu, mənə niyə demirdin axı..?
- Sən kömək edə bilərdin?
- Əlbəttə, adımın “b”sini verərdim sənə, sən qayıdanacan mən elə  “Hail”nən dolanardım də. Habil Əliyevin zarafatı Niyaməddin Musayevi lap dilxor edir.

***

Bir dəfə Habil Əliyev Ağdaşa, qardaşıgilə qonaq gedir. Qardaşı deyir ki, Ucarın Qızılqumlaq kənində bir qohumları rəhmətə gedib, mütləq yas yerinə baş çəkmək lazımdır.
Gedirlər hüzr yerinə. Orda məlum olur ki, uzun illər dəmir yolunda fəhlə işləmiş rəhmətliyi qatar vurub öldürüb. Hadisə belə olub:
Rəhmətlik iki relsin arası ilə yolu yoxlaya-yoxlaya gedirmiş. Bu zaman qarşı tərəfdəki qonşu yolla qatar gəlirmiş. Demə həmin anda arxadan da başqa qatar yaxınlaşırmış. Arxadan gələn qatar nə qədər siqnal verirsə, rəhmətlik yoldan çıxmır, elə bilir siqnalı verən qarşıdan gələn qatardı. Beləcə o, qatarın altında qalıb ölür.
Habil Əliyev və qardaşı yas mərasiminən geriyə - Ağdaşa qayıdanda gecəyə düşürlər. Maşınla pambıqlığın arası ilə gedən torpaq yolla irəliləyərkən görürlər ki, yolu su basıb. Sən demə pambıqlığa buraxılan su yola axıbmış…
Sulu yolda maşın palçığa batıb qalır. Sözün qısası, maşını palçıqdan çıxarınca əl-ayaqları, üst-başları batır. Maşını güc-bəla ilə çıxarandan sonra qan-tər içində olan Habil Əliyev hirsli-hirsli ölən qohumunun adını tutub onun qarasınca deyinir:
- Ay rəhmətliyin oğlu, qatar siqnal verir, çıx yoldan qırağa də..!

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi