Modern.az

“AXCP-Müsavatın birləşməsi mənim istəyimlə bağlı məsələ deyil”

“AXCP-Müsavatın birləşməsi mənim istəyimlə bağlı məsələ deyil”

Müsahibə

6 Dekabr 2010, 17:47

Vahid Əhmədov: «Siyasi gücü, çəkisi, rəqabət aparamağa qadir olan partiyalar əsasən dövlət tərəfindən maliyyələşdirilməlidirlər»


- Vahid müəllim, artıq üzvü olduğunuz 4-cü çağırış parlament öz işinə başlayıb. Ancaq cəmiyyətdə bu çağırış parlamentin tərkibi ilə bağlı müxtəlif fikirlər səslənməkdədir. Bəziləri bu parlamenti müxalifətsiz və məhz bu baxımdan səmərəsiz parlament kimi dəyərləndirir, bəziləri isə ali qanunverici orqanın məhz belə tərkibdə olmasının daha məqbul olduğunu iddia edirlər.
Siz bu haqda nə düşünürsünüz?

- Əvvəla, 4-cü çağırış parlamentin tərkibində təxminən 38 nəfərə yaxın yeni millət vəkili var. Onların bir çoxunu yaxından tanıyıram. Həmin şəxslər intellektual səviyyələri çox yüksək olan insanlardır. Amma onlar parlamentdə hansı mövqedə dayanacaqlar, hansı təkliflərlə, ideyalarla çıxış, hansı qanun layihələrini təqdim edəcəklər, bunlar hamısı parlamentin sessiyalarının gedişində bəlli olacaq. Bununla belə hesab edirəm ki, müxalifətin də təmsilçilərinin parlamentdə olması vacibdir. Bu, ölkəmizdə demokratik cəmiyyətin inkişafına da daha çox təsir göstərər. Amma indiki çağırış parlamentin tərkibində də bəzi müxalifət partiyalarının təmsilçiləri , liderləri var. Yəni, 4-cü çağırış parlamenti müxalifətsiz parlament adlandırmaq heç cür düzgün olmaz.

- Şəxsən bir millət vəkili olaraq, sizin özünüzün konkret təklifiləriniz varmı, olacaqmı?

- Bəli, şəxsən mənim özümüm və millət vəkili Əli Məsimlinin konkret təkliflərimiz var. Bildiyiniz kimi, hələ 3-cü çağırış parlamentin dövründə biz birlikdə bir neçə təkliflə çıxış etmişdik. Bunların arasında da «Büdcə sistemi haqqında, «Maliyyə nəzarəti haqqında», «Təhsil krediti haqqında» qanunların qəbulu məsələsi var idi. Eyni zamanda biz Rəqabət Məcəlləsinin, sovetlər  dövründən əmanət banklarında yatıb qalmış pulların geriyə qaytarılmasını nəzərdə  tutan qanun layihəsinin qəbul olunmasının tərəfdarı olmuşuq və bu gün də öz mövqeyimizdə israrlıyıq. Ona görə çalışacağıq ki, heç olmasa, 4-cü çağırış parlamentin dövründə bu məsələlər öz müsbət həllini tapsın.

- Sizcə, sözügedən qanunların qəbul edilməsi, xüsusilə, sovetlər dövründən qalmış əmanətlər və Rəqabət Məcəlləsi ilə qanunvericilik aktlarının qəbulunun yubadılması nə ilə bağlıdır? Burada bu məsələlərə məsul olan məmurlar günahkardır, yoxsa, başqa amillər var?

- Bu iki sənədin ikisi də çox ciddi sənəddir. Sovetlər dövründən qalmış əmanətlərinin qaytarılması məsələsi birbaşa dövlət büdcəsi ilə bağlıdır. Bildiyiniz kimi, hətta, bununla bağlı dövlət başçısının imzaladığı məlum sərəncam mövcuddur. Yəni, siyasi qərar var, iqtisadi qərarı da biz millət vəkilləri və hökumət birlikdə verməliyik. Onu da qeyd edim ki, bu yöndə bir neçə qanun layihəsi hazırlanıb və çalışacağıq ki, nəhayət, heç olmasa, bu çağırış parlamentdə bu məsələ öz həllini tapsın, insanların intizarına son qoyulsun. Rəqabət Məcəlləsinə gəlincə, o da çox ciddi və əhəmiyyətli bir məcəllədir. Azərbaycanın daxili bazarında inhisarçılığıın, monopoliyanın aradan qaldırılması üçün bu məcəllənin qəbululuna böyük ehtiyac var. Keçən çağırışda biz bu məcəlləni 2 oxunuşdan keçirmişik, qalır üçüncü oxunuş. Xatırladım ki, 3-cü çağırış parlamentin son iclasında bu məsələyə bir daha toxunuldu və o zaman məlumat verildi ki, bu sənəd üzərində işlər gedir, hökumət üzvlərilə müəyyən razılaşdırmalar aparılır və sair. Ona görə, inanıram ki, 4-cü çağırışda biz bu məcəllənin də qəbuluna nail ola biləcəyik.

 - Bu məcəllənin qəbulundan sonra bəzi sahələrdə monopoliya elementlərinə son qoyulacaqmı?

- Mən heç də bu fikirdə deyiləm. Mən demirəm ki, bu məcəllə qəbul olunandan sonra, Azərbaycanda inhisarçılıq, monopoliya elementləri tam aradan qaldırılacaq. Amma bu məcəllənin qəbulu Azərbaycanda müəyyən qədər normal, azad rəqabət mühitinin formalaşmasına gətirib çıxaracaq.

- Parlamentdə, bütövlükdə cəmiyyətdə ən çox dartışılan məsələlərdən biri də «Siyasi partiyalar haqqında» qanunun dəyişdirilməsi məsələsidir. Siz necə hesab edirsiniz, bu qanun dəyişidirilməlidirmi? Eyni zamanda, belə təkliflər də var ki, Azərbaycanda «ailə», «cırtdan» partiyalarından yaxa qurtarmaq üçün qeydiyyata alınma ilə bağlı tələb olunan say göstəricisi mindən ən azı beş minə qaldırılmalıdır?

- Birincisi, mən də belə hesab edirəm ki, 9 milyonluq bir xalq üçün bu qədər partiya çoxdur. Siyasi partiyaların çox olması əslində cəmiyyətdə durğunluq, fikir ayrılığı yaradır. Azərbaycan kimi dövlətdə 9 milyonluq əhali üçün bir neçə partiyanın olması daha məqsədəuyğundur. Çünki onlar daha çox rəqabət apara, yəni, siyasi arenada bir-birləri ilə mübarizə apara bilərlər və sair. Odur ki, ona görə partiyaların öz ideoloji və siyasi baxışlarına görə birləşməsi, bir araya gəlməsi doğru olardı. Bu gün Azərbaycanda ən güclü partiya hakim Yeni Azərbaycan Partiyası (YAP) hesab edilir və siyasi arenada da əsas qüvvə həmin təşkilatdır. Onunla yanaşı, digər partiyalar da güclü, rəqabətə davamlı olmaları üçün birləşmə məsələsini nəzərdən keçirməlidirlər. Elə partiya var ki, orada cəmi 5-10 nəfər təmsil olunur. «Adı var, özü yox» olan partiyalar da çoxdur. İndi belə olan halda, onların fəaliyyət göstərməsinə nə ehtiyac var? Mövcud qanuna dəyişikliklərə gəlincə, burada əsas söhbət partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi məsələsindən gedir. Bu da çox ciddi bir məsələdir. Yadınızdadırsa, bir zamanlar qeyri-hökumət təşkilatları ilə bağlı məsələ gündəmdəydi. Həmin təşkilatların bir çoxu xarici donor təşkilatlar tərəfindən maliyyələşirdi və bu da çoxlu söz-söhbətlərə səbəb olurdu. Sonradan bu yöndə yeni qanun layihəsi hazırlandı, qəbul olundu, Dövlət Dəstəyi Şurası yaradıldı və demək olar ki, bu məsələ  yoluna qoyuldu, söz-söhbətlər də aradan qalxmış oldu. Ona görə yaxşı olardı ki, partiyalar da dövlət tərəfindən maliyyələşdirilsin…

- Qeydiyyatdan keçən partiyaların hamısı, yoxsa?..

- Əlbəttə, hamısı yox. Daha çox nüfuzu, siyasi gücü, çəkisi, rəqabət aparamağa qadir olan partiyalar əsasən dövlət tərəfindən maliyyələşdirilməlidirlər. Dövlət tərəfindən maliyyələşdirilən partiyalar daha çox dövlətə, dövlətçiliyə bağlanırlar, nəinki xarici təşkilatlar tərəfindən hansısa yardım alan partiyalar. Ona görə hesab edirəm ki, sözügedən qanuna müəyyən dəyişikliklərə ehtiyac var.

- Bəs, say göstəricisi ilə bağlı məsələ haqda nə deyərdiniz?

- Mən bunun da tərəfdarıyam. Əgər biz siyasi partiya deyiriksə, o həqiqətən də siyasi təşkilat, siyasi arenada təsir gücünə malik olan bir qüvvə olmalıdır. Yoxsa, 5-10 nəfər, yaxud, 100-200 nəfərlə partiya olmaz ki? Olsa da, onun elə bir əhəmiyyəti olmur, axı?! Ona görə, dövlət qeydiyyatına alınma üçün siyasi təşkilatlardan tələb olunan say göstəricisi artırılmalıdır, bu rəqəm ən azı  5 və ya 10 minlə ifadə olunmalıdır. Bu zaman əsl siyasi partiyalardan,  çoxpartiyalılıqdan danışmaq olar.

- Son zamanlar AXCP ilə Müsavatın birləşməsi məsələsi də gündəmə məşğul etməkdədir. Siz bu partiyaların birləşməsinə necə yanaşırsınız?

-  Yuxarıda qeyd etdim ki, Azərbaycanın siyasi arenasında siyasi partiyalar həddindən artıq çoxdur. Bunlar nə qədər tez bir yerə yığışsa, birləşsə, müəyyən qədər ictimai-siyasi vəziyyətə təsir etmək imkanı geniş olsa, bu, müsbət haldır. Burada qeyri-adi heç nə  yoxdur. Bir vaxtlar Azərbaycanda cəmi bir böyük siyasi təşkilat varıydı - AXC. O Azərbaycanın ictimai-siyasi mühitinə də çox böyük təsir göstərirdi. Ona görə indi bu iki partiyanın bir araya gəlməsinə də müsbət yanaşıram, burada pis heç nə görmürəm. Bir sözlə, partiyaların birləşməsi, iri partiyaların əmələ gəlməsi Azərbaycanın  siyasi, iqtisadi həyatı üçün çox önəmlidir.

- Siz, bu birləşmiş partiyanın rəhbəri olaraq kimi görmək istərdiniz: İsa Qəmbəri, yoxsa Əli Kərimlini?

- Bunu qabaqcadan söyləmək çox çətindir. Siyasi arenada elə hadisələr baş verir ki, onu proqnozlaşdırmaq çətin olur. Mən bu şəxslərlə zamanında işləmiş bir insanam, ikisini də tanıyıram, ikinisini də siyasi arenada gördüyü işlərdən, eləcə də Azərbaycanın müstəqillik qazanmasındakı xidmətlərindən xəbərim var. Ancaq bu mənim istəyimlə, verəcəyim qərarla bağlı məsələ deyil. Bu, həmin birləşmiş partiyanın üzvlərinin verəcəyi qərarla bağlı olan bir məsələdir. Bunu onlar özləri həll etməlidirlər.

- Yeri gəlmişkən, ortalıqda Müsavat başqanı İsa Qəmbərin partiya sədrliyindən getməsi məsələsi də var. Sizcə, o, Müsavat başqanlığından getməlidir, yoxsa?

- İsa Qəmbər Azərbaycanın siyasi arenasında tanınmış insanlardan biridir. O, bir müddət Azərbaycan prezidentinin səlahiyyətlərini icra edib. Eyni zamanda, Azərbaycan parlamentinin sədri olub. O eyni zamanda, müstəqilliyimiz dövründə Müsavat Partiyasını ikinci dəfə yaradan və ona başçılıq edən bir şəxsdir. Ona görə mən onun Müsavat başqanlığından getməsini arzulamazdım. Mən onun başqan kimi qalmasının, fəaliyyət göstərməsinin tərəfdarıyam. Amma mən onu da qeyd etmək istəyirəm ki, müxalifət partiyaları iqtidar-müxalifət münasibətlərinə yenidən baxsınlar, bir araya gəlsinlər, bir stol arxasında əyləşsinlər. Azərbaycanın Qarabağ kimi çox ağrılı bir problemi var, onun həllində, digər məsələlər var, onları açıqlamaq istəmirəm, onların həllində həmişə bir yerdə olsunlar. Ola bilər ki, müəyyən məsələlərdə fikir ayrılıqları olsun, mən bunun da əleyhinə deyiləm. Ancaq elə məsələlər var ki, onlar Azərbaycan xalqının birbaşa taleyi ilə bağlıdır və bu məsələlərdə iqtidar-müxalifət münasibətlərinin yüksək səviyyədə olmasının çox böyük əhəmiyyəti var.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir