Modern.az

Uşaq qidaları ilə bağlı ciddi problemlər var

Uşaq qidaları ilə bağlı ciddi problemlər var

8 Dekabr 2010, 15:50

Statistikaya görə Azərbaycanda cəmi 11,6% körpə ana südü ilə bəslənir. Yerdə qalan 88,4% körpə isə süni qidalarla qidalanır. Bunu nəzərə alaraq deyə bilərik ki, ölkəmizdə uşaq yeməklərinə tələbat xeyli çoxdur. Bu gün gənc analara müxtəlif şirkətlərin uşaq qidaları təqdim olunur. Amma onların keyfiyyəti barədə birmənalı fikir yoxdur.

“Azərbaycan bazarlarında kifayət qədər keyfiyyətsiz və istifadə müddəti bitmiş uşaq qidaları var. Bu məhsullar dərhal satışdan çıxarılmalıdır”. Bu haqda Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov  Modern.az-a danışıb. O, bildirib ki, “Körpə qidaları haqqında”  Azərbaycan Respublikası qanununun tələbinə əsasən, uşaq qidalarının üçüncü bir ölkədən Azərbaycana gətirilməsi qadağandır.

Azərbaycanda uşaqlar üçün qida məhsullarının istehlsal edilmədiyini bildirən  AİB sədri qeyd edib ki, ölkəmizə süni uşaq qidaları daha çox  Türkiyə, Almaniya, İordaniya, İsveçrə və Rusiyadan gətirilir. Məhsulların keyfiyyəti ilə bağlı aparılan monitorinqlərə münasibət bildirən  Eyyub Hüseynov bir sıra maraqlı məqamlara toxunub. O, vurğulayıb ki, ölkədə bu məhsulların keyfiyyətini yoxlayacaq normal qurum yoxdur. “Azərbaycanda heç bir normal işləyən qurum yoxdur ki, məhsulların keyfiyyətinə nəzarət etsin. Saxlama müddəti və keyfiyyətlə bağlı çox ciddi problemlər mövcuddur. Məhsulların çoxunun üzərində Azərbaycan dilində heç bir məlumat yazılmır. Onların saxlanma qaydalarına düzgün riayət edilmir. Hətta satışda kustar üsullarla hazırlanmış mənbəyi məlum olmayan qidalara da rast gəlmək mümkündür.  Təəssüflər olsun ki, aidiyyəti qrumlar buna nəzarət etmir, bəzən isə göz yumurlar”.

 Mövcud durumla bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətindən bildirdilər ki, xaricdən ölkəmizə gətirilən bütün növ qida məhsullarının keyfiyyəti və saxlanma müddəti daim yoxlanılır, bununla bağlı mütəmadi olaraq monitorinqlər keçirilir. Aparılan monitorinqlər nəticəsində keyfiyyətində şübhə doğuran məhsullar aşkarlansa, satışdan çıxarılır. “Bu məhsulların satışı ilə məşğul olan mağaza və sahibkara qarşı lazım gəlsə, cərimə sanksiysı da tətbiq edilir”-deyə nazirlikdən bildirdilər.

Uşaq həkimi Fikrət Osmanov da hesab edir ki, hələlik süni qidaların zərərli göstəricilərilə bağlı ciddi fakt qeydə alınmayıb. “Təbii ki, ana südü əvəz olunmazdır. Ana südü olmayan yerdə süni qidalardan istifadə etmək olar. Lakin mağazalarda və apteklərdə satılan uşaq qidalarını alarkən mütləq istifadə müddətinə və digər göstəricilərinə diqqət yetirmək lazımdır”-deyə həkim vurğulayıb.  

Anar Rüstəmov

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir