Modern.az

Ramiz Mehdiyev: “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin hüquqi bazası 1975-ci il Helsinki Yekun Aktıdır”

Ramiz Mehdiyev: “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin hüquqi bazası 1975-ci il Helsinki Yekun Aktıdır”

9 Dekabr 2010, 10:21

“Azərbaycanın dəstəklədiyi millətlərin öz müqəddəratını təyin etmək hüququ hərc-mərcliyi və sərhədləri ağlına gələn kimi dəyişmək hüququnu nəzərdə tutmur. Bu hüququn Ermənistanda özünə rəva görülən kimi yozulması yolverilməzdir. Əks təqdirdə bu gün dünyada milli azlıqlar olmazdı, çünki onların hamısı, ən xırdası belə təyini-müqəddərat hüququndan istifadə edərək özünü dünya birliyinin müstəqil subyekti elan edər, beynəlxalq tanınma haqqında xahiş edərdi. Görünür, bu prinsipin primitiv təfsirindən irəli gələn xof Ermənistan hökumətini azərbaycanlıları keçmiş İrəvan xanlığının əzəli torpaqlarından planlı şəkildə qovmağa, respublikalarını monoetnik dövlətə çevirməyə, sonra isə Azərbaycan ərazisinin işğal edilmiş hissəsində də etnik təmizləmələr aparmağa vadar etmişdir”.

Bu fikirlər Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “Gorus – 2010: absurd teatrı mövsümü” adlı kitabında əks olunub. Sözügedən nəşrdə qeyd edilib ki, hazırda Dağlıq Qarabağın erməni əhalisinin aid olduğu milli azlıqların təyini-müqəddəratının yalnız beynəlxalq hüquq çərçivəsində mümkün olması ilə Ermənistan barışmalı olacaq.

“Bu hüququn prinsipləri çoxsaylı konvensiya və sənədlərdə təsbit olunmuşdur ki, bunların da dürüst ifadələri ilə Ermənistanda, şübhə etmirik ki, yaxşı tanışdırlar. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin hüquqi bazası 1975-ci il Helsinki Yekun Aktıdır. Orada təyini-müqəddərat hüququ dövlətin ərazi bütövlüyü çərçivəsində göstərilmişdir.

Dağlıq Qarabağ Azərbaycanın bir hissəsi olub və olacaqdır. O, bir sıra nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən BMT, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, İKT, NATO, GUAM, bir çox dövlətlərin parlamentləri və dövlət başçıları tərəfindən bu şəkildə tanınmışdır. O, Azərbaycanın bir hissəsi kimi ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən də tanınmışdır. Həmsədrlər bəyanatlarında erməni adı ilə yanaşı, həm də tarixi Xankəndi adını işlədirlər, təkcə faktiki erməni icmasının liderləri ilə deyil, həm də Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərləri ilə görüşlər keçirirlər, regiona Azərbaycan ərazisindən səfərlərini "sərhədi yox, qoşunların təmas xəttini keçmək" adlandırırlar. BMT Təhlükəsizlik Şurasının qətnamələrində Dağlıq Qarabağ "Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu" kimi göstərilir. Digər beynəlxalq təşkilatların sənədlərində də analoji ifadələrə rast gəlmək olar. Əgər Ermənistanda hələ də bu incə fərqləri görə bilmirlərsə, dünya birliyinin onları dəstəkləmədiyini başa düşmək üçün heç olmasa sənədlərə müraciət etsinlər, orada hər şey açıq, incə eyhamlarsız yazılmışdır.
Yalnız erməni rəhbərlərinin nitqlərində "dağlıq qarabağ respublikası" adına rast gəlmək olar. Tam tənha qalmalarına baxmayaraq, onlar özlərinə və öz vətəndaşlarına toxtaqlıq verməkdə davam edirlər ki, dünya birliyi onların "ümidləri"ni dəstəkləyir. İşğal olunmuş ərazidə yaradılmış oyuncaq, yalançı respublika heç kim tərəfindən tanınmayıbdır. Bəzən Ermənistan rəhbərlərinin hədələdiyi kimi onların bu ölkə tərəfindən tanınması bu qanunsuz qurumu legitimləşdirməyəcək və Ermənistanın vəziyyətini daha da ağırlaşdıracaqdır. Reallığı dərk etmək əvəzinə Serj Sarkisyan Gorusdakı nitqi ilə özünü pis vəziyyətə salmış və qonaqlara yanlış məsləhətlər vermişdir. Başa düşmək çətin deyil ki, Ermənistanın gələcək nəsilləri bu səhvlərin ağır nəticələrini öz üzərlərində hiss edəcəklər”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər