Arxiv
9 Dekabr 2010, 15:23 |
“Siyasi qardaşlaşma”nın tarixi: hansı partiyalar bir-biri ilə birləşib?


AXCP-Müsavat partiyalarının birləşməsi bu gün siyasi müstəvinin ən çox müzakirə olunan mövzusudur. Siyasi müşahidəçilər bu məsələdə birmənalı fikir yürütmürlər. Birləşməni dəstəkləyənlər də var. Onun əleyhdarları da...

Bəs Azərbaycanın siyasi tarixində partiyaların birləşməsi ilə bağlı faktlar varmı? Modern.az son 10 ildə siyasi qüvvələrin birləşməsi ilə bağlı faktları araşdırıb. Belə faktlar olub...

Müsavat Partiyası 90-cı illərin ortalarında bir neçə partiya ilə birləşib. Bunlardan biri Azərbaycanın hazırda Hindistanda olan səfiri Tamerlan Qarayevin yaratdığı Doğru Yol Partiyasıdır. Bu partiya 90-cı illərdə Müsavatla birləşib. Müsavatla qovuşan digər bir partiya isə Rövşən Qəmbərovun sədri olduğu Ana Torpaq Partiyasıdır . Modern.az saytına açıqlamasında partiyanın rəsmisi Mehman Cavadoğlu  bildirib ki, hər iki partiya Müsavata birləşən zaman heç bir problem yaşanmayıb. Həmin partiyaların rəhbərləri müvafiq olaraq partiyanın Divanında və digər seçkili orqanlarında kvotaya uyğun olaraq yerləşdirilib. Daha sonra 2003-cü ildə “Bizim Azərbaycan” blokuna daxil olan bir neçə xırda partiya da Müsavata birləşib.

Azərbaycan Demokrat Partiyası da siyasi “qardaşlaşmadan” kənarda qalmayıb. 1996-cı ildə İlyas İsmayılovun rəhbərlik etdiyi Ədalət partiyası ADP ilə birləşib. Daha sonra parçalanmış Demokratik İslahatlar Partiyasının bir hissəsi  də demokratlara qovuşub. ADP sədri Sərdar Cəlaloğlunun sözlərinə görə, Ədalət Partiyası ilə birləşən zaman heç bir şərt irəli sürülməyib. Ədalət Partiyası öz adından, ADP isə sədrindən imtina edib. Birləşmiş pariyanın sədri İlyas İsmayılov olub. Sonradan YAP-dan isefa verən Milli Məclisin sədri Rəsul Quliyev ADP-yə daxil olub və birləşmiş pariyanın həmsədri olub. Maraqlıdır ki, 1996-cı ildə ADP Müsavatla birləşmək üçün İsa Qəmbərə rəsmən müraciət edib. Lakin Müsavat Divanında uzun sürən müzakirələrdən sonra ADP-yə “yox” cavabı verilib.

Liberal Partiyasına da birləşmə təcrübəsi yoxdur. Lalə Şövkət dövlət katibi postundan istefa verdikdən sonra bir neçə partiya ALP-yə birləşmə ilə bağlı təklif versələr də, bu qəbul edilməyib. ALP sədri Əvəz Temirxan bildirib ki, müzakirələrdən sonra bu məsləhət bilinməyib. “Biz indi də həmin partilarla xoş münasibətlərdəyik”-deyə o, vurğulayıb.

Ümid Partiyası siyasi “qardaşlaşmaya” ehtiyac duymur. İqbal Ağazadənin sözlərinə görə, belə birləşmələr partiyanın tutduğu siyasi kursunda ciddi problemlər yaradır. Çünki birləşmələrdən sonra partiya təzə gələnlərlə birgə siyasi kursunu müəyyən etməyə məcbur olur.
Ümid Partiyasının tarixində bir dəfə birləşmə olub. Bu Ayaz Mütəlibovun rəhbərlik etdiyi Vətəndaş Birliyi Partiyasında parçalanmadan sonra VBP-nin bir hissəsi Ümid Partiyasına birləşib.

Azərbaycan Milli İstiqlal Partiyasına bir partiya birləşib. Bu birləşmənin ciddi rezonansı olmayıb. 2003-cü ilin seçki ərəfəsində Mütərəqqi Xalq Partiyası AMİP-ə birləşdiyini bəyan edib. Partiyanın rəsmisi Əli Orucovun sözlərinə görə, bu partiyanın sədri olmuş Rauf Muradov AMİP üzvü olsa da, partiyanın rəhbər strukturlarında təmsil olunmayıb. AMİP bir birləşmədən isə imtina edib. 2003-cü ildə Liberal Partiyadan qopmuş bir qrup yeni partiya yaradaraq sonra AMİP-ə birləşməklə bağlı Etibar Məmmədova müraciət edib. Lakin AMİP Lalə Şövkətlə münasibətlərinə görə, bu təklifdən imtina edib.

AXCP-yə bu illər ərzində heç bir partiya birləşmə təklifi etməyib. 

Sosial-Demokratlar da belə bir birlşəməyə ehtiyac duymayıblar.

YAP-da siyasi birləşməyə ehtiyac duyulmayıb. Bir neçə dəfə müttəfiq partiyalardan belə təkliflər olsa da, YAP bundan imtina edib. 90-cı illərin ortalarında Azərbaycan Demokratik İslahatlar Partiyasının parçalanmasından sonra təşkilatın bir hissəsi Yeni Azərbaycan Partiyası ilə birləşib. Onların ən tanınmışı hazırda icra katibinin müavini olan Mübariz Qurbanlıdır.

Digər siyasi partiyalar isə yeni yarandıqları üçün onların siyasi arxivlərində “birləşmə planları”na rast gəlmək olmur. Ölkə siyasi partiyalarının “birləşmə” siyasətini müşahidə edəndə bəlli olur ki, müxtəlif vaxtlarda baş vermiş bu qovuşma daha çox “balina” effekti yaradıb. Yəni “nəhənglər” “xırdaları” udmaqla siyasi arenanı öz xeyirlərinə genişləndirmək xətti aparıblar.

Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv