Modern.az

Saatlıdan olan jurnalistlər: "Saatlıda hər şey saat kimi işləmir..."

Saatlıdan olan jurnalistlər: "Saatlıda hər şey saat kimi işləmir..."

10 Dekabr 2010, 11:30


Bu rayonda doğulan media nümayəndələri bölgədə inkişafdan çox problem olduğunu deyirlər

Modern.az
saytı “Doğulduğu bölgələr jurnalistlərin gözü ilə” adlı layihəsini davam etdirir. Bu dəfə Saatlı rayonundan olan jurnalistlər doğulduqları bölgənin iqtisadi vəziyyəti, inkişaf və problemləri, əhalinin məşğuliyyəti barədə saytımıza danışdılar.

“Heç kim bilmir rayondakı Biyan zavodunda nə istehsal olunur, kim işləyir...”

İlk müsahibimiz “Xalq qəzeti”nin əməkdaşı Əliqismət Bədəlov bildirdi ki, Saatlı rayonunda iqtisadiyyatın əsasını keçmişdə pambıqçılıq, heyvandarlıq, taxılçılıq təşkil edib: “Lakin torpaqlar xalqın istifadəsinə verildikdən sonra, bir müddət pambığın qiymətinə və əkininə nəzarət azaldı. Bu da əhalinin həyat tərzində müəyyən problemlərə səbəb oldu. Çünki Saatlıda əhalinin dolanışıq yeri pambıqçılıq və taxılçılıq idi, heyvandarlıq o qədər də inkişaf etməmişdi. Torpaqlar özəlləşdirildikdən sonra əhali arasında böyük çaşqınlıq yarandı. Onlar bilmirdilər ki, istehsal etdikləri məhsulları hara versinlər. Bu, bir müddət durğunluğa səbəb oldu. Sonradan isə əhalinin öz torpağından səmərəli istifadəsi bu sahədə müəyyən inkişafa səbəb oldu”.
Ə.Bədəlov qeyd etdi ki, son dövrlər Saatlıda əsas iş yerləri pambıqçılığa bağlı olub: “Rayonda iki dövlət Pambıq zavodu və bir özəl zavod var idi və əhali burada işləyirdi. Pambıqçılıq sahəsində durğunluq yarandığından zavodlar fəaliyyətini dayandırdı. Pambıq zavodlarından başqa bir sıra sənaye müəssisələri də vardı ki, artıq onlar da bağlanıb.

Bu gün Saatlıda Pambıq zavodu keçmiş gücünə görə xeyli az inkişaf edib və orda insanlar mövsümi işlə əlaqədar çalışır. Bu da əhalinin tam işlə təmin olunmaması deməkdir. Rayonda Biyan zavodu açılıb ki, o da qapalı təşkilat olduğundan heç kim bilmir ki, orada nə istehsal olunur, kim işləyir. İndi isə əhali şəxsi torpaqlarında işləməklə və həyətyanı sahələrini becərməklə dolanır. Yaxşı ki, ümummilli lider Heydər Əliyev torpaqları əhalinin istifadəsinə pulsuz olaraq verdi. Bu olmasa idi, rayon camaatı nə ilə dolanardı? Bu torpaqlarda becərdikləri məhsulun hesabına çoxlu mal-qara alıblar. İstədikləri kimi məhsulu yetişdirir, satır və özlərinə dolanışıq mənbəyi yaradırlar. Ümumiyyətlə, Saatlı rayonu bu gün Azərbaycanın digər rayonları ilə müqayisədə iş yerlərinin açılmasına görə ən geridə qalmış rayondur”.

Müsahibimiz onu da vurğuladı ki, son illər Saatlı rayonunun enerji təminatı əvvəlki illərlə müqayisədə yaxşılaşıb: “Qaz təminatı isə yoxdur. Rayonun mərkəzi müəyyən mənada mavi yanacaqla təmin olunsa da, kəndlərdə qaz yoxdur. Qazlaşdırma keçmişdə rayonun əksər kəndlərini əhatə etmişdi, amma nəzarətsizlik ucbatından həmin kəndlərə gedən qaz boruları oğurlanıb. Yollar çox bərbad vəziyyətdədir. Saatlını Sabirabad ilə birləşən Qalaqayın kəndindən rayonun bir neçə kəndlərinə gedən yol, o cümlədən Ahıska türklərinin yaşadığı Şirinbəy, Fətəli, Nəsimi, Acıgün kəndlərinə gedən yollar elə bir vəziyyətdədir ki, insanlar həmin yollardan bezib. Həmin Qalaqayın kənd yolunun bir qismi Saatlı, bir qismi də Sabirabad rayonuna aiddir. Amma Sabirabad və Saatlı rayonunun rəhbərliyi arasında düşən mübahisəyə görə heç biri o yolu təmir elətdirmir. Azərbaycan bu gün inkişaf edir, Avropaya, dünyaya inteqrasiya olunur. Saatlı rayonunun kənd yollarına baxanda fikirləşirsən ki, hansı inteqrasiyadan söhbət gedir? Yəni bu inteqrasiyadan bura pay düşmür? Cənab Prezidentin sərəncamı ilə Saatlı rayonunun su basmış kəndlərinə yol çəkilməsi ilə bağlı vəsait ayrılıb. Belə hesab edirəm ki, yolları bələdiyyələr, yerli qüvvələr hesabına təmir etmək olar”.

Ə. Bədəlov Saatlı rayonunun təhsil sistemi, məktəblərdə əsas fənn müəllimlərinin olmadığını barədə də  məlumat verdi: “Rayonun bəzi kəndlərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni məktəblər tikilib. Ondan sonra şagirdlərin məktəbə, dərsə olan marağı artıb. Məktəblərin əsas problemi müəllim çatışmazlığıdır. Rayonda elə məktəblər var ki, orda ingilis dili fənnindən müəllim yoxdur, amma səkkiz bədən tərbiyəsi müəllimi işləyir. Çox maraqlıdır ki, məktəblərə əlavə bədən tərbiyəsi müəllimlərini Təhsil Nazirliyi göndərir. Təhsil Nazirliyi bilmir ki, həmin məktəbdə altı bədən tərbiyəsi  müəllimi var, əlavə ikisini niyə göndərir? Bunun əvəzinə məktəblərə böyük ehtiyac duyulan ingilis dili müəllimi göndərsinlər. Ümumiyyətlə, bu gün rayonda ingilis dilini elə müəllimlər tədris edir ki, onlar Bakıya ixtisasartırma kurslarına gəlib ingilis dilini öyrənənlərdir. Maraqlıdır ki, beş il Azərbaycan Dillər Universitetində oxuyanlar ingilis dilini yaxşı öyrənə bilmir, ancaq 7-8 aylıq kurslarda oxuyanlar rayonda ingilis dilindən dərs deyir. Bu da uşaqların taleyi ilə oynamaq deməkdir.

Ümumiyyətlə, Saatlı rayonunda təhsilin səviyyəsini o qədər də yüksək qiymətləndirmək olmaz. Biz bunu ali məktəbə daxil olan tələbələrin sayında da görürürk. Ötən illərlə müqayisədə rayondan ali məktəbə qəbul olanların sayı azalıb”.

Əliqismət Bədəlov Saatlı rayonu İcra Hakimiyyəti ilə yerli əhali arasında münasibətlərdən danışarkən heç bir problemin olmadığını qeyd etdi: “Əhalinin İcra Hakimiyyəti tərəfindən qəbulu normal həyata keçirilir. Onlara çox vaxt kömək edilməsə də, şikayətlərinə qulaq asılır, zor və ya bəhanə ilə qəbuldan kənarlaşdırılmır. Həftənin bir günü qəbul günüdür. Həmin gün rayon müəssisə rəhbərləri qəbula dəvət olunur və bəzi şikayətlər yerindəcə həll olunur. Bu baxımdan əhali ilə söhbət edərkən də heç bir narazılıq hiss etməmişəm”.

Həmkarımız Saatlı rayonunun inkişafı ilə bağlı şəxsi fikirlərini də söylədi: “Rayonda üç Pambıq zavodu var. Pambığın qiyməti müəyyən qədər artırılsa və Pambıq zavodlarına şərait yaradılsa, onlar tam gücü ilə işləyər və əhalinin işsizlik problemi qismən də olsa həll olunar. Bundan əlavə, rayonda bir sıra sənaye obyektlərinin tikintisi yarımçıq qalıb. Həmin müəssisələrin də qurulması işi davam etdirilsə, işsizliyi müəyyən qədər aradan qaldırmaq olar. Əsas odur ki, əkinçiliyin inkişafına şərait yaradılsın və əhali öz dolanışığını nisbətən yaxşılaşdırsın”.

“Saatlıda quruculuq işləri gedir”

“Yeni Azərbaycan” qəzetinin müxbiri Nardar Bayramlı bildirdi ki, doğulduğu Saatlı rayonuna tez –tez gedib gəldiyindən orda olan dəyişikliklərdən daim xəbərdardır: “Son illər rayonda yaxşı işlər görülüb, xüsusilə də rayonun sosial – iqtisadi inkişaf göstəriciləri nəzərə çarpır. Belə ki, 2008 –ci ildən Saatlıda yeni müəssisələr açılıb ki, bu da rayon camaatının işlə təmin etməyə şərait yaradır”.

N. Bayramlı qeyd etdi ki, Saatlıda kəndarası yollar da son dövrlər təmir olunub, eyni zamanda  dövlət tərəfindən plana düşən magistral yolların vəziyyəti də yaxşıdır: “Rayonun ucqar kəndlərindən mərkəzə yeni yollar çəkilib. Əvvəllər 10-dan çox kəndi rayon mərkəzilə birləşdirən 10 km-lik yol təmirsiz idi. Artıq həmin yol da təmir olunub, əhalinin istifadəsinə verilib. Saatlının hardasa 10-dan çox kəndindən birbaşa rayon mərkəzinə getmədən Sabirabada keçməklə Bakıya gəlmək olur. Lakin həmin kəndlərin yolu ilə birləşən 3 km-lik yol – Qalaqayın yolu deyilir – çox bərbad vəziyyətdədir. O yoldan istifadə edən insanlar çox əziyyət çəkirlər. Qalaqayın yolu Sabirabad rayonuna məxsusdur və orda yaşayış yoxdur. Həmin ərazidən Sabirabadın kəndlərinə yol olmadığından və ora rayonun təsərrüfat sahəsi olduğundan təmir işləri aparılmır.  Qalaqayın yolu Saatlı rayonunun ərazisi olmadığından rayon icra hakimiyyəti həmin yolu təmir elətdirmir. Bu, çox mübahisəli sahədir. Bununla bağlı dəfələrlə müraciətlər olunub, ANS televiziyasının “İç xəbər” proqramı həmin ərazidə çəkilişlər aparıb. Aidiyyatı qurumlardan vədlər verilsə də, hələki bu sahədə heç bir irəliləyiş yoxdur. Çox istərdim ki, həmin yol tezliklə təmir olunsun və bir çox kəndlərdən insanlar maşınla rahat magistral yola çıxa bilsinlər. Bütövlükdə isə Saatlı rayonunda quruculuq işləri gedir, əhalinin rifahı üçün addımlar atılır, yollar təmir olunur. Hətta daşqınlar zamanı təbii fəlakətdən əziyyət çəkən insanlara yardımlar edilir, problemlərin həlli üçün müəyyən addımlar atılır”.  

Nardar Bayramlı onu da vurğuladı ki, Saatlı kənd təsərrüfatının inkişaf etdiyi rayondur: “Rayonda pambıq, bostan bitkiləri yetişdirilir. Hazırda rayon əhalisi əkib becərməklə məşğuldur və demək olar ki, dolanışıq var. Əgər su probblemi olmasa, dolanışıqla bağlı heç bir problem yaranmaz. Əvvəllər Saatlının bir sıra kəndlərində, o cümlədən mənim anadan olduğum kənddə da su problemi ciddi idi, artıq indi o da həll olunub. Sovet dövründən qalma kolxoz təsərrüfatı dağıldıqdan sonra torpaqlar insanlara paylanıldı. Digər bölgələrlə müqayisədə bizim rayonda adambaşına düşən torpaq sahələri böyükdür və bu da rayon əhalisinə həmin pay torpaqlarında müxtəlif məhsullar yetişdirməyə imkan verir.

Saatlıda təhsili olan insanlar, xüsusilə də müəllimlər və həkimlər aldıqları təhsilə uyğun işləyirlər. Bundan əlavə, rayonda yeni müəssisələr də yaradılıb. Sarıcalı kəndində Pambıq zavodu fəaliyyət göstərir. Bir neçə kənddə Pambıqtəmizləmə məntəqələri var. Ümumilikdə isə Saatlı rayonunda insanlar heyvandarlıqla, əkinçiliklə dolanıb ailələrini  saxlaya bilərlər” deyə həmsöhbətimiz bildirdi.

Nardar Bayramlının sözlərinə görə, Saatlıda son dövrlər yeni məktəblər də tikilib.

O, rayonun icra başçısı ilə insanlar arasında heç bir problemin omadığını da bilidirdi: “İndiki icra başçısı idarə müdirlərinin xəbəri olmadan kəndlərə gedir, oradakı problemləri öyrənir və həmin problemlərin həlli istiqamətində çalışır. Belədə insanlar hər zaman Rayon İcra Hakimiyyətinin qəbuluna gedirlər”.

Nardar Bayramlı rayonda qaz və işıq problemlərinin də həll olunduğunu vurğuladı: “Rayonun bəzi kəndlərində qaz yox idi, artıq o problem də həll olunub. Qaz boruları pis vəziyyətdə olan məntəqələrdə yeni qaz xətləri çəkilib və ya təmir olunub. Sadəcə, mənim doğulduğum Məmmədabad  kəndində mavi yanacaqla bağlı problem qalır. Sovet dövründə üç kənd – Məmmədabad, Əliabad, Girişkənd bir sovetlikdə birləşdirilmişdi. İndi isə onlar ayrı –ayrı icra nümayəndəliyinə tabedirlər. Sovet dövründə mənim doğulduğum kəndə qaz xətlərini çəkməyə başlamışdılar, amma SSRİ dağılandan sonra bu iş yarımçıq qaldı. İndi məlumatlar verilir ki, bir–iki il çərçivəsində həmin kəndə qaz xətləri çəkiləcək. O problem həll olunsa, orda yaşayan əhalinin də yaşayış tərzi yaxşılaşar”.

“Saatlıda işıq hələ də fasilələrlə verilir”

“Azadlıq” qəzetinin əməkdaşı Rövşən Hacıbəyli bildirdi ki, Saatlı rayonunun iqtisadi vəziyyəti bütün ölkədə olduğu kimidir: “Rayon ilə müntəzəm olaraq əlaqə saxlayıram, xüsusilə də daşqınlar zamanı Saatlı və Sabirabad rayonlarına tez – tez getmişəm. Bundan əlavə, rayondan da mənimlə əlaqə saxlayanlar var.  Saatlıda hər hansı problem olanda onları qəzetdə ya mən, ya da əməkdaşlarımız işıqlandırırlar. Ümumilikdə isə Saatlıdakı iqtisadi vəziyyət Azərbaycanın digər regionlarından elə də fərqlənmir”.

Rövşən Hacıbəyli qeyd etdi ki, Saatlıda qaz, işıq və yol problemləri hələ də qalmaqdadır: “Əksər bölgələrdə olduğu kimi, bu rayonda da qaz yoxdur. Saatlının kəndlərində mavi yanacaq axırıncı dəfə sovet dövründə olub. SSRİ dağıldıqdan sonra isə qaz xətləri də sıradan çıxdı. Saatlının enerji təminatında da problemlər mövcuddur. Rayonun bütün kəndləri, hətta ucqar kəndləri belə, sayğacla təmin olunanda hamı fikirləşdi ki, artıq işıqla bağlı problemlər yaranmayacaq. Buna baxmayaraq, rayonda işıq yenə də fasilələrlə verilir. Məsələn, axşam saat 24.00-dan səhər saat 8.00-a kimi işıq olmur, günorta isə tez –tez yanıb sönür. Hər ikisi çox ciddi problemdir. Saatlı rayonunun yolları isə çox bərbad vəziyyətdədir. Hər dəfə o rayona gedib-gələndə maşınım xarab olur. Deyilənə görə, 2011-ci ilin planında Şirvan-Bəhramtəpə yolu yüksək səviyyədə təmir olunmalıdır. Daşqınlar zamanı yolların təmirinə vəsait ayrılmışdı. Amma yolları təmir etmək əvəzinə yamaq vurdular. Onu da təmir adlandırmaq olmaz. Kənd yolları da bərbad vəziyyətdədir”.

Rövşən Hacıbəyli onu da vurğuladı ki, Saatlı əsasən pambıqcılıq rayonudur və əhalinin dolanışığı kənd təsərrüfatı sahəsindən çıxır: “Amma bu sahədə də vəziyyət ürəkaçan deyil. İnsanlar pambıq becərməkdən də imtina ediblər. Çünki 30-35 qəpiyə satılan pambıq onun maya dəyərini ödəmir. Bu cür təsərrüfatla məşğul olmaq rayon əhalisinə sərf eləmir.  Saatlıda əvvəllər özəl müəssisələr də fəaliyyət göstərirdi. Məsələn, rayonda Şirə zavodu fəaliyyət göstərirdi ki, burda nar və digər şirələr istehsal olunurdu. Bildiyimə görə, o da fəaliyyətini dayandırıb. İndi Saatlı camaatı kənd təsərrüfatı, maldarlıq, əkinçilik, bostançılıqla məşğul olur. Amma bu sahələrdə də inkişaf zəifdir. Məhsullar bazara çıxana kimi öz maya dəyərini itirir. Yol polisləri, Nəqliyyat Nazirliyinin müfəttişləri var. Onlar ancaq soyğunçuluqla məşğuldurlar. Onların əlindən insanlar dad eləyirlər. Belə olan halda isə bazara çıxarılan məhsuldan mənfəət götürmək barədə söhbət gedə bilməz. Nəticədə paytaxtda qiymətlər qalxır ki, buna bir tərəfdən monopoliya səbəb olur, digər tərəfdən isə həmin amillər”.

“Saatlı rayonunda təhsil yox səviyəsindədir. Məsələn, bizim kənddə yaxşı havalarda beş-altı nəfər məktəbə gedir. Küləkli, çiskinli havalarda isə dərsə nə müəllim, nə də şagird gedir. Bayram günləri uzun müddətli olsa da, bizim kəndlərdə onun da müddəti uzadılır. Məsələn, əgər tətil üç günlükdürsə, rayon məktəblərində 3 gün əvvəldən, 3 gün sonradan bayram müddətinə əlavə olunur, bu da edir doqquz günlük tətil.  Məktəblərdə uşaqlara dərs keçilmir. Heç birinin adi yazı qabiliyyətləri yoxdur” deyə Rövşən Hacıbəyli əlavə etdi.

Rövşən Hacıbəyli onu da qeyd etdi ki, rayon icra başçısı kəndlərə gedib əhalinin problemləri ilə maraqlanmır: “Amma insanların icra başçısı ilə münasibətləri barədə elə də məlumatlı deyiləm. Sadəcə, əhali arasında savadlı, fəal insanların problemlərlə bağlı icra başçısının qəbuluna getdiyini bilirəm”.

Müsahibimiz regionun inkişafı üçün sadəcə, işləmək lazım olduğunu qeyd etdi: “Hər il dövlət büdcəsi təsdiqlənəndə regionların inkişafı üçün pullar ayrılır. Hətta müxtəlif vaxtlarda Prezidentin Ehtiyat Fondundanda vəsait ayrılıb. Həm büdcədən, həm Prezidentin Ehtiyat Fondundan, həm də daxili imkanlar hesabına nələrsə görmək olar Ancaq o pullar ya burda, ya da orda mənimsənilir və heç bir iş görülmür. Bunu da sadəcə dövlət başçısına bağlamaq olmaz. İş görməmək, insanları pis vəziyyətdə, çörəyə möhtac saxlamaq, yeni iş yerləri açmamaq, bütün bunlar artıq dövlət siyasətinə çevrilib. Bütün bölgələrdə vəziyyət belə acınacaqlıdır. Kənddə tibb məntəqəsi yoxdur, uşaqlar arasında ölüm halları artıb, həkim yoxdur, doğuşu çox vaxt evlərdə qəbul edirlər. Yəni bütün bölgələrə aid spesifik problemlər bizim rayonda da qalmaqdadır”.

“İcra başçısı Vaqif Hüseynov 3 il müddətində rayon iqtisadiyyatı üçün heç nə etmədi...”

“Respublika” qəzetinin şöbə müdiri Nəriman Cavadov bildirdi ki, Saatlının əsas özəlliyi bərəkətli Muğan çöllərində yerləşməsidir: “1943-cü ildən inzibati rayon statusu verilən Saatlı kənd təsərrüfatı rayonudur. Burada taxılçılıq, pambıqçılıq, şəkər çuğunduru əkini və heyvandarlıq inkişaf edib. Saatlı sovet dövründə olduğu kimi, müstəqillik illərində də pambıqçılıqda liderliyi öz əlində saxlayıb. Ölkə pambığının təxminən 25 faizini bu rayon istehsal edir. Ümumilikdə Saatlı rayonu pambıqçılıqda birinci yerdə, taxılçılığa görə isə ilk onluqdadır. Ancaq rayonda sənaye sahəsi kənd təsərrüfatına nisbətən az inkişaf edib”.

N.Cavadov qeyd edib ki, Saatlının sosial – iqtisadi inkişafı rayon rəhbərliyindən daha çox asılıdır:
“Cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkənin bütün bölgələri misilsiz inkişaf yolu keçdiyi halda, Saatlıda bunu müşahidə etmək mümükün deyil. Saatlı rayonunun rəhbərlik baxımından bəxti gətirmir. Gülhüseyn Əhmədov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunanda hamı fikirləşirdi ki, Saatlıya yeni nəfəs, yeni iş üsulu gələcək, durğunluq aradan qalxacaq. Amma onun əvəzinə  təyin olunan Vaqif Hüseynov da icra başçısı olduğu üç il müddətində rayon və onun iqtisadiyyatı üçün heç nə etmədi. Günlərini bahalı restoranlarda, kefdə-damaqda keçirdi, xanım müğənnilərə pul payladı, pambıq dərən xanımlardan utanmayaraq soyunub su kanallarında, Arazda çimdi.
Siracəddin Cabbarov yeni icra başçısı təyin olunanda əhali sevindi ki, axır ki, Saatlıya da günəş çıxdı. Düzü, ilk vaxtlar iki iş gördü: respublika əhəmiyyətli avtomobil yolu kənarına təxminən 8-10 km uzanan (bəlkə də çox) daş hasar çəkdirdi və rayon mərkəzində müasir park saldırdı. Bununla da onun Saatlı rayonunda gördüyü işlər bitdi.

Ümumilikdə isə son iki il ərzində Saatlı rayonunda görülən işlərdən biri Mərkəzi xəstəxananın təmiri, digəri isə Məzrəli deyilən Arazqırağı şosse yolunun çəlişinə başlanmasıdır. Hər iki iş də cənab Prezidentin tağşırığı və ayırdığı vəsait hesabına aparılır. Konkret icra başçısı heç nə etmir”.

Nəriman Cavadov onu da bildirdi ki, hazırda Saatlı rayonu sosial-iqtisadi inkişaf baxımından digər bölgələrdən geri qalıb: “Burada çoxlu işsizlər ordusu var. Son illər heç bir yeni müəssisə işə salınmayıb. Təbii qaz xətlərinin çəkilişi ucqar bölgələrdə aparıldığı halda, Saatlının mərkəzə yaxın böyük kəndlərində bu müşahidə olunmur”.

Aytən ƏLIYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı