Modern.az

Ali məktəblərin bölgələrə köçürülməsi təklif olunur

Ali məktəblərin bölgələrə köçürülməsi təklif olunur

13 Dekabr 2010, 11:33


Dünyanın əksər ölkələrində iri təhsil müəssələri, çoxsaylı işçiləri olan müəssisələr və başqa böyük qurumlar yalnız paytaxtda deyil, bölgələrdə də fəaliyyət göstərir. Bu paytaxtdakı sıxlığı aradan qaldırmaqla yanaşı, bölglərin inkişafına yönəlmiş bir addımdır.
Azərbaycanda isə vəziyyət xeyli fərqlidir, bütün təhsil ocaqları, iri müəssisələr paytaxt Bakıda yerləşib. Odur ki, bu gün Azərbaycan deyiləndə daha çox Bakı göz önünə gəlir.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvi, “Odlar Yurdu”  Universitetinin rektoru Əhməd Vəliyev bildirib ki, bu gün Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin bir çoxunun bölgələrə köçürülməsinə böyük ehtiyac var: “Azərbaycanın Qərb qapısı olan Qazax şəhərində, Şimal bölgəsi olan Quba-Xacmaz bölgəsində və digər rayonlarda universitetlərin açılmasını vacib hesab edirəm. Bölgələrdə təhsil müəssisələrinin açılması eyni zamanda  həmin bölgələrin inkişafına da kömək edə bilər. Bilirsiniz, rayonlarda iş tapmaqda çətinlik çəkən gənclərin Bakıya yığılması gələcəkdə bir sıra problemlərin yaranmasına səbəb ola bilər. Belə ki, bölgələrdə getdikcə boşalma müşahidə edilir. Hesab edirəm ki, rayonlarda universitetlərin açılması gənclərin orada qalmasına və formalaşmasına çox kömək edə bilər”.

Ə.Vəliyevin sözlərinə görə, Avropanın əksər böyük üviversitetləri bölgələrdə, mərkəzdən iki-üç saatlıq məsafədə yerləşir: “Hesab edirəm ki, Azərbaycanda da uviversitetlər bu şəkildə olmalıdır”.  

Bakı şəhərində sıxlığı aradan qaldırmaq üçün bir sıra addımların atılmasını vacib sayan Ə.Vəliyev bidirib ki, bu sahədə ilk addım olaraq təhsil müəssisələrindən başlamaq lazımdır:
“Rayonlarda universitetlərin açılması gənclərin və ziyalıların həmin bölgələrə diqqətini də artıra bilər.  Bundan sonra regionlarda digər müəssisələrin açılmasına diqqət yönəltmək lazımdır. Universitetlərin bölgələrə köçürülməsi həm də həmin bölgənin inkişafı baxımından vacib amildir”.

Nazirliklərin paytaxtda yerləşməsi məsələsinə münasibət bildirən Ə.Vəliyev deyib ki, Azərbaycan ərazi baxımdan kicik  ölkə olduğundan müəyyən nazirliklər Bakıda yerləşə bilər, amma elə nazirliklər var ki, onlar rayonlara köçürülməsi daha məqsədəuyğundur: “Təbii ki, bütün bu məsələlər  bir gündə həll edilə bilməz, bunun üçün regionlarda  böyük maddi-texniki baza, binalar tikilməlidir. İnanıram ki, zamanında bu problemlər öz həllini tapacaq”.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir