Modern.az

Sumqayıt hadisələrinin Yerevan-Stepanakert detonatoru - Azərbaycanlı jurnalistlə erməni rəhbərin SÖHBƏTİ

Sumqayıt hadisələrinin Yerevan-Stepanakert detonatoru - Azərbaycanlı jurnalistlə erməni rəhbərin SÖHBƏTİ

Reportaj

28 Fevral 2018, 09:18
B.Kevorkovun “siqnal”ına Sovet rəhbəri L.Brejnevin etinasızlığı və Sumqayıtda 1988-ci ilin erməni-daşnak təxribatları


Dekabr, 1987-ci il.  
Dağlıq Qarabağ səmasından başlanan ideoloji müharibə.

- Osvobodite kabinet (çıxın kabinetdən)! – Dağlıq Qarabağ Muxtar vilayətinin o zamankı partiya rəhbəri Boris Kevorkov xüsusi müxbiri olduğum “Vışka” qəzetinə Stepanakertdən göndərilən, tanış olmaq üçün mənim ona təqdim etdiyim bir cümləlik “ultimativ” məktubu nəzərdən keçirməyi ilə əsəbi şəkildə əmr etməyi bir oldu.
O, Azərbaycanın tərkibində olan bir vilayətin başçısı olsa da, mən tərs, itaətkar olmayan xarakterimlə ona cavab verməyə bilməzdim – nəticənin necə olacağını düşünmədən. Xüsusilə ağır gələn o idi ki, mən – Bakıdan gəlmiş azərbaycanlı jurnalist Qarabağın ortasında - doğma, qədim Azərbaycan torpağında B.Kevorkovla birgə 5 nəfər erməninin (“obkomun” ikinci və üçüncü katibləri, həmçinin sənaye və kənd təsərrüfatı şöbələrinin müdirləri) o zaman o qədər də hiss olunmayan mənfur baxışları altında,  “suyu süzülə-süzülə” kabineti tərk etməliydim. Belə çıxırdı ki, 5 nəfər erməni bir azərbaycanlını öz torpağındaca “təkləyərək”, alçaldıcı şəkildə kabinetdən qovurdılar. Burda məsələ təkcə mənim heysiyyətimdə, bəlkə də heç redaksiyamızın da mənafeyində yox, Bakının, bütünlükdə erməni tör-töküntülərinin nə zaman idi ki, sığındığı Azərbaycanımızın mənafeyində, nüfuzunda idi. Hövsələmi güclə boğub, yerimdən qalxmağa tələsməyərək, ani olaraq verəcəyim tutarlı cavabı düşünürdüm ki, B.Kevorkov hirslə yenidən təkrar etdi:
- Proşu, osvobodite kabinet  (xahiş edirəm, kabineti tərk edin!..)
Sözümü deməyə hazırlaşırdım ki, birdən… B.Kevorkovun erməniləri eyni anda ayağa qalxaraq, qapıya sarı yönəldilər. Yalnız bundan sonra kabineti tərk etmək əmrinin mənə yox, onlara aid olduğunu başa düşdüm. 
…Hər dəfə mənim Stepanakertə (haşiyə: çox acı və ağrılı səslənsə də, nə qədər ki Dağlıq Qarabağa sahib ola bilməmişik, o şəhər hələ Xankəndi deyil. Bayrağımız orada dalğalananda  - bax, onda Xankəndi olacaq!!.) gedişim zamanı “vilayət sahibi” Dağlıq Qarabağdan redaksiyamıza daxil olan şikayət məktublarına baxmaq, məktublarda qaldırılan sosial-məişət problemlərini kollegial şəkildə araşdırmaq, həll etmək üçün həmin o dörd nəfəri də mənimlə birgə kabinetinə dəvət edərdi. Xatırladığım o görüş zamanı da bir-neçə şikayət məktubu ilə bağlı məsələlərə baxıldıqdan sonra mən B.Kevorkova o dövr üçün gözlənilməz olan, bizim o vaxtkı düşüncəmizlə “bomba” təsirli məktubu ona təqdim edərək bildirmişdim ki, bu, şəxsən onun özünün tanış olması, müvafiq qərar qəbul etməsi üçündür. O həmin məktub idi ki, bir andaca, hələ müzakirə edilmədən “partlayışa” səbəb olmuşdu. Və, sən demə, o hələ ilk partlayış imiş...
B.Kevorkovla görüşməzdən əvvəl mən redaksiyamıza gəlmiş təxribat xarakterli həmin məktubun göndərildiyi ünvanda da olmuşdum. Məlum olmuşdu ki, o ünvanda və yaxın ətrafda elə bir adda adam yox idi… Anonim olan məktubda isə çox ciddi bir məsələyə toxunulurdu. B.Kevorkov da məhz ona görə hirslənmişdi.
Tabeliyində olanlar çıxdıqdan sonra o, iş stolunun altındakı dəmir seyfdən çıxartdığı bir top vərəqəni hirslə masasının üstünə atdı (bu gün çox təəssüf edirəm ki, B.Kevorkovun özünün də hədələndiyi, ən pis şəkildə təhqir edildiyi həmin yüzlərlə vərəqədən heç olmasa bir-ikisini onun icazəsilə götürmədim. Düz deyib də erməni it uşağı  - “müsəlmanın sonrakı ağlı!”).
- Bax, görürsünüz bu vərəqələri? – deyə o, gözləmədiyim halda öz ermənilərindən gizli, mənimlə isə açıq söhbətə keçdi. - Sizin redaktor İvanov elə bilir ki, mənim heç nədən xəbərim yoxdur? Xaricdən, daha çox Livandan və Suriyadan gələrək, Yerevanda cəmləşən şovinistlər artıq neçə müddətdir ki, vertolyotla Dağlıq Qarabağ üzərində uçaraq, Stepanakertə və bütün erməni kəndlərinə bu cür təxribatçılıq vərəqələri yayırlar. Özü də ayda bir-neçə dəfə! Məqsədləri vilayətin Azərbaycan­dan ayrılıb Ermənistana verilməsi üçün erməni əhalini ayağa qaldırmaqdır. Vilayətə gələn təxribatçı emissarları indiyədək müəyyən qədər qovub çıxarda bilsək də, birbaşa Yerevandan uçub gələn, göydən yerə minlərlə, on minlərlə vərəqələr yağdıran vertolyotlarla bacara bilmirik, buna sadəcə imkanımız yoxdur. Onlar – göydə, biz isə – yerdə. Bunun qarşısını almaq üçün nə Bakı, nə də Moskva heç bir tədbir görmək istəmir (söhbət  respublikanın o zamankı inert eks-birinci katibi K.Bağırovun dövründən gedir – R.O.). Bu vərəqələrdə hətta məni erməni xalqının qatı düşməni elan edərək, öldürəcəkləri ilə də hədələyirlər.
Yalnız bundan sonra tam anladım ki, həyat yoldaşı da azərbaycanlı olan və buna görə ermənilər tərəfindən “üzü-gözü söyülən” Boris Sarkisoviç niyə öz ikinci-üçüncü katiblərini və şöbə müdirlərini kabinetindən “qovmuşdu” – yarana biləcək ağır vəziyyəti onların yanında dilə gətirmək, onları öz “gücsüzlüyündən” duyuq salmaq istəməmişdi).
…Redaksiyanın tapşırığı ilə qəzetin Naxçıvan Muxtar Respublikası və Dağlıq Qarabağ üzrə xüsusi müxbiri kimi növbəti  ezamiyyətim zamanı vilayətin rəhbəri B.Kevorkova təqdim etdiyim, guya bir azərbaycanlının yazdığı məktub (təbii ki, rusca yazılmışdı!..) cəmi bir cümlədən ibarət idi: “Biz perestroykaya yalnız o zaman inanarıq ki, Dağlıq Qarabağ Sovet Ermənistanına verilmiş olsun”.

Düşünülmüş hiyləgərliyə bir bax: sadəcə Ermənistana yox, “Sovet Ermənistanına”! Çox zaman qəbul etmək istəmədikləri “Sovet” sözünü məhz bu məqamda kara gələn hesab edib, xüsusi olaraq vurğulamaqla, “yerində” işlətməklə daşnaklar özlərinin guya Sovet sisteminə böyük rəğbət, məhəbbət bəslədiklərini, sadiqliklərini, Moskvanın, sosializm quruluşunun, həmçinin başabəla M.Qorbaçovun “perestroyka”sının qızğın tərəfdarı olduqlarını, Dağlıq Qarabağın isə “sadəcə” Sovet Ermənistanının tərkibində olmasını “qəlbən” istədiklərini diqqətə çatdırmağa çalışırdılar.


Haşiyə çıxaraq, həqiqət naminə etiraf etmək lazımdır ki, o zaman Azərbaycan KP MK-nın büro üzvü olan B.Kevorkov “Vışka”nın xüsusi müxbirinin Dağlıq Qarabağda fəaliyyətinə nəinki heç bir maneə törətmir, hansısa bir təsir göstərmirdi, əksinə - formal da olsa, köməklik göstərməyə çalışırdı. Hətta ilk dəfə görüşümüz zamanı özünün ikinci katibini, ideoloji şöbə müdirini və digərlərini yanına çağırıb, məni təqdim edərək, tapşırmışdı ki, “obkom”un yaxınlığında (Bakının keçmiş Lenin sarayı stilində yeni tikilmiş siyasi-maarif evində) “Vışka” qəzetinin müxbir məntəqəsi üçün bütün avadanlığı ilə təmin edilmiş kabinet ayrılsın, lazımi iş şəraiti yaradılsın. Ciddi görkəmli, bir qədər sərt və zəhmli olmasına baxmayaraq, lazım olduğu hallarda qəzetin müxbirini qəbul edib, diqqətlə dinləyir və müzakirə olunan məsələlərlə bağlı “qulbeçələr”inə müvafiq tapşırıqlar verirdi. Şuşaya və digər rayonlara gedərkən isə mənə işçilərindən birini də qoşaraq, xüsusi göstərişlə “QAZ-31” maşını da ayırırdı. 
Onu da deyim ki, qabaqcadan fərz etdiyim kimi, “ağrılı yer”ə toxunan, B.Kevorkovun kəskin reaksiyasına səbəb ola biləcək məktubu tanış olması üçün mən ona qəsdən görüşün sonunda təqdim etmişdim. Vilayətdən belə məzmunda bir məktub göndərildiyinə inanmayacağını, bunu qətiyyətlə inkar edəcəyini düşündüyüm halda, onun bu cür daşnak təxribatının təsdiqi olaraq, yaranmış vəziyyət barədə gözləmədiyim və bilmədiyim faktları açması mənə məsələnin nə dərəcədə ciddi, həm də təhlükəli olduğunu anlatmış və Qarabağla, Şuşa ilə bağlı narahatlığımı artırmışdı.
B.Kevorkov o zaman bunu da gizlətməyərək, əsəbi şəkildə demişdi ki, Ermənistanda Qarabağla əlaqədar fitnəkar iddia və təxribatlar hələ əvvəlki illərdə də  müşahidə edilirdi.
- Bu barədə mən vaxtilə Leonid İliç Brejnevə də ətraflı məlumat vermiş və narahatçılığımı catdırmışdım. O isə bildirmişdi ki, “bizim Sovetlər ölkəmizdə qardaşlıq hökm sürür, bu sarsılmaz dostluğu, qardaşlığı pozmağa heç kəs cəsarət etməz”. Eyni “təsəllini” mənə laqeydliklə indi Kamran Bağırov da verir, ancaq situasiya getdikcə ciddi xarakter alır və belə getsə, hər şey nəzarətdən çıxacaq, qarşısı alınmaz olacaq.
B.Kevorkov bunu 1987-ci ilin dekabrının son günlərində mənim Mardakertə (Ağdərəyə), rayon partiya komitəsinin hesabat-seçki konfransına gedəcəyim ərəfədə ikimizin təklikdə qaldığımız söhbət zamanı demişdi. Təbii ki, yaxın müddətdə hadisələrin necə cərəyan edəcəyini həmin vaxt nə mən təsəvvür edə bilərdim, nə də yəqin ki o. Lakin zamanın nikbinlik vəd etmədiyini hər halda az-çox başa düşür, hiss edirdik. Və heç iki ay ötmədi ki, Stepanakertdə daşnak separatizmi baş qaldırdı və onun davamı olaraq Sumqayıtda qabaqcadan hazırlanılmış erməni-daşnak ssenarisi üzrə təxribatlar törədildi.
B.Kevorkovun daşnaklarla nəinki əlbir, heç həmfikir də olmadığını vilayətdə etirazların başlandığı ilk günlərdəcə onun vəzifədən uzaqlaşdırılaraq, yerinə qatı daşnak olan Q.Poqosyanın təyin edilməsi, eləcə də bir-çox erməni mənbələri birmənalı şəkildə təsdiq edir. Erməni fotobloqeri Albert  Voskanyan isə öz xatirələrində “daha uzağa” gedərək yazır ki, vaxtilə Bakıda guya “əsirlikdə olan” B.Kevorkovun (əslində o özü könüllü olaraq Azərbaycan tərəfinə keçmiş, Bakıya sığınmışdı) dəyişdirilərək, Ermənistana qaytarılmasına Yerevan rəsmi razılıq verməmiş, etiraz etmişdi. Və bu heç də təəccüb doğurmurdu, çünki daşnak ideologiyasını qəbul etmək istəməyən bir erməni Yerevana heç vaxt və qətiyyən lazım deyildi...
 
Mən – DTK əməkdaşı rolunda, DTK zabiti isə...
 


Yadımdadır, tanışlıq xarakteri daşıyan ilk görüşümüz zamanı B.Kevorkov vilayət mərkəzi haqqında daha geniş məlumat almaq üçün mənə Stepanakert şəhər partiya komitəsinin 1-ci katibi ilə də gürüşməyi məsləhət görmüş və elə mənim yanımda ona zəng edib, “Vışka” qəzeti tərəfindən Dağlıq Qarabağ üzrə xüsusi müxbir təyin edildiyini bildirərək, məni qəbul etməsini tapşırmışdı. Vilayətin “ağası”nın şəxsi tapşırığına baxmayaraq, Zaven Movsesyan öz “boss”undan fərqli olaraq məni açıq-aşkar könülsüz, əsl erməni, qatı daşnak kimi şübhə dolu nəzərlərlə qarşıladı.
Həmin anda yadıma düşdü ki, Azərbaycan ab-havasının qətiyyən duyulmadığı, nəinki ticarət obyektlərinin, hətta rəsmi dövlət idarələrinin giriş lövhələrinin və bütün digər tərtibatlarının yalnız ermənicə yazıldığı Xankəndinə həmin ilk gəlişim zamanı vilayət partiya komitəsində cəmi iki azərbaycanlıdan biri olan, o zaman oranın inzibati orqanlar şöbəsinin müdiri vəzifəsində çalışan, xalqımızın vətənpərvər, qeyrətli oğlu Vaqif Cəfərov (o, sonralar Şuşanın birinci katibi, SSRİ Ali Sovetinin deputatı olmuşdu. 20 yanvar 1991-ci ildə erməni neofaşistlərinin vəhşicəsinə dağıdaraq, alova qərq etdiyi, sakinlərini isə amansızcasına güllədən keçirdikləri Qaradağlı kəndinə köməyə tələsərkən ermənilərin vurduğu vertolyotda Vətənimizin digər igid oğulları ilə birgə şəhid olmuşdu) tanışlığımızın elə ilk günündəcə mənə ermənilərlə münasibətdə ehtiyatlı, ayıq-sayıq olmağı məsləhət görmüşdü. “Ətrafdakıların çoxu bizə düşmən olan daşnaklardır, bizi hər addımda izləyirlər”, - demişdi.
Həmin daşnaklardan biri olduğu açıq-aşkar duyulan Z.Movsesyanla etika xatirinə rəsmi, lakin soyuqluğu aydın hiss edilən tanışlıqdan sonra onun verdiyi ilk sual bu oldu:
- Maraqlıdır, nəyə görə 50 il idi ki “Vışka”nın Dağlıq Qarabağ üzrə müxbiri yox idi və birdən 1987-ci ildə redaksiya bura xüsusi müxbir təyin etmək qərarına gəldi?
Təbii ki, mən o dövrün ruhuna uyğun olaraq cavab verdim ki, qəzetimiz burda özünün müxbir postunu vilayətin ictimai və sosial-iqtisadi həyatını daha dolğun və operativ işıqlandırmaq məqsədi ilə yaradır, bu niyə narahatçılıq və sual doğurmalıdır  ki? Ancaq bu cavabdan sonra da o qırışmalın qırışığı açılmadı, bədbəxt bir hadisə baş veribmiş kimi yenə də qaşqabaqlı idi və məni elə həmin əhvalla da, fikirli halda üçüncü katibin, gözəl bir xanım olan Asmik Mikaelyanın yanına yola saldı (bir-neşə ay sonra vilayətdə başlamış antiazərbaycan ixtişaşları zamanı meydanda “miatsum” deyə bağırışan ermənilərin mənim üçün faciə ilə bitə biləcək vəhşi, azğın hücumundan məni məhz rus hərbçilərinin və o xanımın müdaxiləsi qurtara bilmişdi).
Qatı daşnak xarakteri göstərən Zavendən fərqli olaraq Asmik Mamikonovna məni gülərüzlə və səmimiyyətlə qarşıladı və hətta ailəsi ilə birgə evinə nahara da dəvət etdi. Lakin bir müxbir kimi bu cür dəvətləri bir qayda olaraq heç yerdə qəbul etmədiyimdən, eyni zamanda xoşagəlməz söz-söhbət yaranacağından (o vaxt cavan idim, cəmi 37 yaşım vardı), həm də bunun Zavenin “ssenarisi” üzrə bir “tələ” ola biləcəyindən ehtiyat edərək, onun dolma qonaqlığından imtina etməli oldum (düzü, o zaman mənə çox səmimi görünən həmin dəvəti qəbul etmədiyimə görə hərdən özümü qınayıram da – hər halda ən azı erməni xanım partiya katibinin hansı dəbdəbə ilə yaşayıb-yaşamadığının şahidi olacaqdım).
Yalnız ay yarım ötdükdən – Stepanakert ixtişaşları başlandıqdan sonra 1-ci katib Zavenin məni soyuq qarşılamasının əsl səbəbini anladım. Sən demə, o düşünürmüş ki, Bakı Dağlıq Qarabağda onların – daşnakların hazırladıqları planlardan duyuq düşüb (kaş, belə olaydı...) və guya orada vəziyyətə gizli nəzarət etmək məqsədi ilə məni “50 ildən sonra” vilayətə məhz xüsusi müxbir adı altında DTK-nın əməkdaşı kimi göndərib... Ancaq kaş ki, Azərbaycanın o zamankı DTK-sı həqiqətən ora öz peşəkar agentlərini, əməkdaşlarını vaxtında göndərəydi və onlar xalqımızın mənafeyi naminə nə isə eləyə biləydilər.
Bu gün də fikrən o günlərə qayıdarkən heç cür başa düşmək olmur ki, əsas və başlıca vəzifəsi Dövlət (!) təhlükəsizliyini təmin etmək olan, böyük və güclü saydığımız o zamankı Komitə - Azərbaycan DTK-sı niyə respublikamızın, Qarabağımızın təhlükəsizliyini təmin edə bilmədi? Axı, həmin Komitə yerli-köklü olmasaydı da belə, Qarabağda vəziyyət elə həmin şəkildə də davam edəcəkdi. Əgər belə olacaqdısa, onda bizə o zamankı DTK həmin kritik dövrdə hansı xidmətləri ilə lazım idi?.. 
Heç Qarabağda demirəm, “Vışka” qəzetinin özündə belə ermənilər Bakıdan rədd olub gedəndən xeyli sonra da Stadnik familiyası altında gizlənən, tipik erməni olduğu sir-sifətindən də açıq-aydın duyulan hiyləgər bir qadın jurnalist Bakıda qalmaqda davam edirdi və bu barədə “siqnal” verildiyinə baxmayaq, bizim o vaxtkı kəşfiyyat orqanımız heç bir “kəşfiyyat” aparmamışdı. Erməni V.Stadnikin respublikadakı ictimai-siyasi vəziyyət barədə informasiyaların cəmləşdiyi redaksiyada gizli agent kimi qalması haqda yüksək rütbəli DTK zabitinə məlumat verib, onun barəsində tədbir görülməsi üçün bir-neçə dəfə şəxsən müraciət etsəm də, həmin zabit məsələni həftələrlə, aylarla yubadır, mənim zənglərimi isə hərdən cavabsız qoyur, ya da “narahat olmayın, izləyirik, məşğuluq...” deyə tələm-tələsik cavab verməklə kifayətlənirdi. Əslində az-çox hörmət bəslədiyim və etibar edib, güvəndiyim həmin DTK zabiti özünün dediyi kimi, vəziyyəti “izuçat” eləyənə qədər günlər, aylar ötdü və həmin qadın agent yəqin ki o dövrdə ermənilər üçün lazım olan bütün informatik materialları Yerevana və Stepanakertə ötürərək, bir-neçə vaxtdan sonra Bakıdan sakitcə, heç bir maneəsiz köçüb gedə bildi...
Erməni təxribatlarının Sumqayıt ssenarisinin “səhnələşdirilməsi”  
 
27-28 fevral 1988-ci il. Fevralın əvvəllərindən etibarən Ermənista­nın müxtəlif rayonlarında malı-mülkü talanıb-yandırılan, güclə qaçıb canını qurtaran həmvətənlərimizin Azərbaycana, xüsusilə də Sumqayıta axını güclənmişdi. Əslində bu axın hələ xeyli əvvəl başlamışdı. Şəhər miqyasında bu bütünlükdə aydın hiss olunmasa da, 4 N-li mənzil-istismar idarəsinin o zamankı rəisi, milliyyətcə osetin olan, “JEK” müdirləri içərisində özünün az-çox düzlüyü, obyektivliyi və prinsipiallığı ilə seçilən Mədinə xanım Meyburaşvili narahatlığını gizlətməyərək bir dəfə demişdi ki, “Qafan və Qacarandan Sumqayıta gəlib, ev alanlar çoxalıb. Deyəsən, ermənilər orada bizimkiləri dinc yaşamağa qoymurlar.” Osetin qadın bundan narahatlıq keçirsə də, məsələdən xəbərdar olan bir-çox vəzifəli şəxslərimiz - azərbaycanlılarımız bunun elə də fərqinə varmırdılar (açığını deyim ki, Qacaranın adını da mən ilk dəfə o qadından eşitmişdim).
Bir vaxtlar xarici qüvvələrin və bolşevik Rusiyasının təzyiqi ilə bugünü düşünmədən “səxavətlə” ermənilərə pay verdiyimiz qədim yurd yerlərimiz olan Göyçə və Zəngəzurdan Sumqayıta pənah gətirən həmvətənlərimizlə bizə gəlib çatan sarsıdıcı, müdhiş  xəbərlər, Əskərana tərəf etiraz nümayişinə çıxan vaxt ermənilərin silahsız ağdamlılara atəş açaraq, iki gənci qətlə yetirməsi zamanın ədalətsizliklərinə və haqsızlıqlarına qarşı heç vaxt laqeyd olmayan sumqayıtlıların üsyankar ruhunu daha da coşdurmuş, alovlandırmışdı.
...Fevralın 27-də Sumqayıtın mərkəzi poçtunda yerləşən müxbir məntəqəsində qəzet üçün yazı hazırlayarkən birdən qarşı tərəfdəki küçədən adamların hay-küylü səslərini eşidib, əsəbiləşdim ki, camaatımız yenə də kartof-soğan növbəsində bir-birini didib-dağıdır. Səs-küyün azalmaq əvəzinə getdikcə artdığını görüb, növbə davası döyən “alıcılar”in ünvanına deyinərək, yazı masasından qalxıb, pəncərəyə yaxınlaşarkən tamam başqa bir mənzərə ilə üzləşdim: gənclərdən ibarət böyük, izdihamlı bir dəstə “Qarabağ bizimdir!”, “Ermənilərə ar olsun!”, “Ermənilər, Qarabağdan rədd olun!” kimi şüarlar səsləndirərək, əllərində irili-kiçikli bayraqlarla küçə boyu sürətlə, az qala qaça-qaça irəliləyirdilər. Gənclərimizin öz coşqunluğu ilə ürəkləri riqqətə gətirən vətənpərvərlik, qeyrət hissinin təsirindən həmin anda yazacağım yazını, bütün hər şeyi unudub, cəld küçəyə yüyürdüm. Döyüşə hazır imiş kimi inqilabi ruhla, əzmlə, vüqarla addımlayan cavanlar maşın yolu ilə qışqırışaraq irəliləyir, mən isə səki ilə onların yanınca gedərək, fəxrlə, qürur hissi ilə onlara baxırdım. Gənc “üsyançılar” heç kəsə və heç nəyə məhəl qoymadan və toxunmadan küçə boyu qaçışırdı və mən onlarla güclə ayaqlaşa bilirdim. İlk anlarda elə düşünürdüm ki, onlar bu yürüşləri ilə bütün sumqayıtlıların diqqətini ermənilərin Qarabağ iddialarına yönəltmək, buna qarşı barışmazlıq nümayiş etdirməyə çağırış məqsədi güdürlər. Təbii ki, bu, başa düşülən, bütünlüklə qəbul ediləcək bir niyyət kimi mühüm və əhəmiyyətli idi.
Düzü, çox da böyük olmayan bir şəhərdə yaşasaq da, “üsyançı” gənclərin çoxunu üzdən tanıya bilmədiyimdən “papaq altında oğullar varmış” düşünərək, onların yanınca, hələlik üsyançı cərgələrinə qoşulmadan, yalnız kənardan seyr etməklə getməkdə davam edirdim. Küçə boyunca orda-burda səs-küyə yığışanlar gənclərin yürüşünü ürəkdən alqışlayaraq, onları sevinclə salamlayırdı. Getdikcə dəstəyə qoşulanların sayı da artırdı.


Nümayişçilər “Dostluq” (hansı dostluq?..) küçəsindən “Sülh” (qəribə deyilmi -  “Dostluq” və “Sülh”?) küçəsinə kimi sülh şəraitində yürüsələr də, məhz  bu küçədən başlayaraq “sülh” pozulmağa başladı. Həmin küçələrin kəsişməsində dəstə iştirakçılarından bir-neçəsi işıqforun işarəsi ilə dayanmış avtobusun qapı-pəncərəsini döyəcləyərək, sürücüdən qapıları açmağı, sərnişinlərdən isə onlara qoşulmağı tələb etməyə başladılar. İçərisində qadın və uşaqlar da olan sərnişinlərdən bir-çoxu nə baş verdiyini anlamayaraq, qorxu altında avtobusdan düşüb qaçsalar da, bəziləri narazılıqlarını bildirir, maşını tərk etmək istəmir, Sumqayıtda əvvəllər heç zaman üzləşmədikləri belə bir zorakılığa dözməyərək etiraz edirdilər. Belə olduqda 5-3 nəfər “nümayişçi” maşına doluşaraq, içəridəkilərə güc tətbiq etməyə başladılar. Vəziyyətin kəskinləşdiyini görüb, sərnişinlərin qabaq qapıdan düşmələrinə mane olmamaq üçün bir nəfər yaşlı adamla birgə arxa qapıdan salona daxil olub, dəliqanlılıq edən “üsyançıları” maşından düşürməyə çalışdıq. Bir-neçəsi maşını tərk etsə də, onlardan sumqayıtlı olduğu şübhə doğuran birisi fikrindən dönmək istəmir, qətiyyətlə sonuncu sərnişinləri də düşürməyə çalışırdı. Onun qolundan yapışıb, qadınlarla işi olmamasını tələb etdikdə ayaq üstə güclə dayandığını, sərxoş olduğunu gördük. Bizə qarşı da kobudluq edəcəyini, əlbəyaxa olacağımızı gözlədiyimiz halda o, qeyri-müəyyənlik ifadə edən dumanlı, süzgün gözləri ilə baxaraq, müqavimət göstərmədən “hamı düşsün” deyərək, əlini yelləyib, salonu tərk etməkdə olan sonuncu sərnişinlərin ardınca avtobusdan düşərək, qaçıb dəstəyə qoşuldu. Yalnız çox sonralar onun bulanıq, aydınlığını itirmiş baxışı gözlərim önündə yenidən canlanarkən mənə bəlli oldu ki, həmin oğlan Azərbaycan dilində tərtəmiz danışan erməni “təlimçilər” tərəfindən məqsədli şəkildə qabaqcadan, qəsdən içirdilmiş, nəşələndirilmiş gənclərdən, bəlkə də elə erməni emissarlardan  biri imiş və spirtli içkinin təsirindən daha çox tiryəkin gücündən o hala düşübmüş.
Avtobusdakı münaqişə davam etdiyi müddətdə nümayiş dəstəsinin bir qrupu 20 ildən artıq “zavmaq” işləyən Səməd kişinin “Sputnik” kimi tanınan ərzaq mağazasına doluşmuşdular. Onun başına yığdığı, əksəriyyəti erməni olan satıcı qadınlar uzun illər idi ki alıcılara çəkidə və qiymətdə həyasızcasına, “məharətlə” kəf gəlməyi bacardığından mağazanın işi “xod” gedirdi. Bir vaxt - 1985-ci ildə qəzetimizin xətti iə keçirilən “fəhlə reydi” zamanı Səmədin “sağ əli” olan yaşlı, gombul erməni qadının məsuliyyətə cəlb olunmasına, 3 il azadlıqdan məhrum edilməsinə nail olsam da, heç 6 ay keçməmiş mağaza müdiri xeyli “maya qoyaraq”, həmin “əvəzedilməz” işçisini həbsdən azad etdirib, yenidən “iş başına” qaytara bilmışdı.
Avtobusda xuliqanlıq edənlərə başım qarışdığından, üsyançı dəstə “Sputnik”ə doluşduqdan sonra mağazanın içərisində nələr baş verdyindən xəbərim olmadı (düzü, bunu sonralar da öyrənə bilmədim). Bir qədər sonra dəstə mağazadan hay-küylə, hay-harayla çıxaraq, “Qarabağ!-Qarabağ!” qışqıra-qışqıra “Sülh” küçəsi ilə mərkəzi bazara tərəf qaçmağa başladı... Tramvay yolu ilə irəliləyib, Nizami küçəsi ilə üzüyuxarı gedərkən qarşılarına çıxan qəzet köşklərinin ermənilərin olduğunu düşünərək, daş-kəsəklə vurub dağıtmaq istəsələr də, ətrafdakı adamlar “ermənilərin deyil” deyə dağıntıya yol verilməməsinə çalışırdılar. Lakin şəhər Partiya Komitəsinin yaxınlığındakı qəzet köşkünə çatarkən onların ora hücumunun qarşısını çox çətinliklə almaq mümkün oldu. Köşkdə həqiqətən də erməni qadın işləyirdi və yəqin ki dəstə bunu dəqiqliyi ilə bilirdi. Təsadüfdənmi, yoxsa əvvəlcədən bildiyindənmi, köşkün satıcısı içəridə deyildi, yoxsa ordan salamat çıxmayacaqdı. “Üsyançılar” köşkün pəncərələrini daşa basdıqdan sonra hay-harayla Partiya Komitəsinin qarşısındakı Lenin meydanına toplaşdılar, sanki kimisə gözləyirdilər – yəqin ki, şəhər rəhbərliyini. Kiminsə onların qarşısına çıxaraq, nəsə bir söz deməsini, daha çox Dağlıq Qarabağ məsələsinə aydınlıq gətirilməsini istəyirdilər. Ətrafda isə heç kəs, hətta hər səsə-küyə, dava-dalaşa müntəzir olan milis işçiləri də gözə dəymirdi. Vəziyyəti belə görüb, Partiya Komitəsinin binasına yaxınlaşaraq, içəri keçib, ordakılardan heç olmasa bir-iki nəfərin izdiham qarşısına çıxıb, hissləri qaynayıb-coşan gənclərə müraciətlə bir-iki kəlmə deməsini xahiş etmək istədim. Bütün qapılar bağlı idi. İçəridə olan gözətçi əllərinin çarpaz işarəsi ilə “olmaz!” işarəsi verdi və daha bir işarə ilə bunun “yuxarıdakıların” (aparat rəhbərliyinin) tapşırığı olduğunu bildirdi. Nə qədər təkid etsəm də, o, nəinki qapını açmadı, hətta durduğu yerdə - xeyli gendə dayanaraq, heç qapıya yaxın da gəlmədi.

Edik  Qriqoryan və “qara plaşlılar” – təlimatçı emissarlar...

Belə olduqda “Qarabağ!, Qarabağ!” deyə gur-gur guruldayan meydanı sakitləşdirmək üçün geriyə qayıdaraq, üzərində Leninin heykəlinin ucaldığı tribunaya qalxmaqdan savayı əlacım qalmadı – gənclərin Göyçə, Zəngəzur, Qarabağ nigarançılıqlarına biganə qalmaq olmazdı. “Əziz həmvətənlərimiz!” müraciəti ilə meydana toplaşanları salamladım və özümü təqdim etdim. Biləndə ki, qarşılarındakı respublika qəzetlərindən birinin müxbiridir və deyəndə ki, “mən də sizinləyəm!”, hay-küylə, sevinclə qışqırışaraq, əl çaldılar. Meydanda 350-400 adam olardı. Nədənsə diqqətimi izdihamın sağ tərəfində bir-neçə yerdə qara gödəkçəli 4-5 nəfər cəlb etdi. Onlar izdihamın gur yerində olsalar da, meydana toplaşanlardan, qışqırıb fəallıq göstərənlərdən fərqli olaraq sakitcə ora-bura baxır, izdihama qoşulub qışqırmır, əl-qol atmır, əl çalmırdılar. Onların kim olduqları sonrada məlum olmuşdu – sən demə, onlar daşnak emissarları, Sumqayıt təxribatlarının təşkilatçıları imişlər...    
Meydana müraciətlə Qarabağın əzəli və müqəddəs Azərbaycan torpağı olduğu, o yerlərin Azərbaycana M.P.Vaqif, X.Natəvan, Üzeyir Hacıbəyov, Bülbül, Xan Şuşinski kimi görkəmli şairlər, bəstəkarlar, ustad xanəndələr və digər sənətkarlar  bəxş etdiyi, Şuşanın, Xankəndinin qədim, şanlı tarixi haqda və s. az-çox bildiklərim barədə pafosla danışaraq, həm də onlara vətənpərvər duyğularına görə təşəkkür edərək, müəyyən ünsiyyət qura bilsəm də, “Sumqayıt bizim hər birimizin doğma şəhəridir, gəlin heç nəyi dağıtmayaq, qırmayaq, ağılla, düşüncə ilə hərəkət edək” kimi fikirlər səsləndirdikdə izdiham qışqırışaraq, məni “hoydu-hoydu”ya götürürdü. Belə olanda yenə “val”ı onlar istəyən tərəfə çevirməli olurdum. Nə Partiya, nə də İcraiyyə komitəsindən bir nəfər də olsa çıxaraq toplaşanlara müəyyən məsləhət, istiqamət vermək istəyində olan yox idi. Bilirdim ki, şəhərin birinci katibi – təcrübəli və işgüzar, həm də yüksək təşkilatçı-rəhbər olan Cahangir Müslümzadə həmin günlər respublikadan kənarda idi. O, şəhərdə olmadığı üçün isə kimsə məsuliyyəti öz üzərinə götürüb, meydan qarşısına çıxmaq istəmirdi. Qəribə idi ki, toplaşanlardan da kimsə tribunaya qalxıb söz demək fikrində deyildi. Bu, həm “üsyançılar” arasında ziyalıların, həm də hərəkata liderlik edə biləcək bir kəsin olmadığını, prosesin kortəbii xarakter daşıdığını göstərirdi. Axı, onları Vətən sevgisi, millət, xalq qeyrəti ayağa qaldırmışdısa, onda gərək onlar öz “daxili yanğılarını” söndürmək üçün tribunanı “dağıdaydılar”, öz fikirlərini söyləmək üçün bir-birinə aman verməyəydilər. Ancaq belə olmadı. Bu isə indiki halda “kütlə”yə başqa niyyətli bir “dirijorun” rəhbərlik etməsindən, onun ssenari və proqramında kiminsə çıxış etməsinin, söz deməsinin nəzərdə tutulmamasından xəbər verirdi.  
Meydandan hərdən “Paşa” sözünü eşıdir, lakin bu adın sahibinin hansısa bir azərbaycanlı olduğunu zənn edərək, yüzlərlə adamın içərisində niyə məhz bu adın səslənməsinə əhəmiyyət vermirdim. Həm də ki, həmin anlarda diqqət kiməsə yox, bütün meydana yönəlmişdi. Ancaq, sən demə, “dirijor” elə həmin Paşa imiş - əsl adı sonralar bəlli olan Eduard Qriqoryan. Ancaq bəs niyə onu ermənilərin adətən qısaldımış şəkildə deməyi xoşladığı Edik kimi yox, Paşa deyə çağırırdılar?  Yəqin ona görə ki, Sumqayıtda böyüyüb, Azərbaycan dilini mükəmməl bilən Edik üçün başına yığdığı dəstəni özünün azərbaycanlı olduğuna inandırmaq üçün Paşa daha münasib, baş aldadıcı bir ad idi. Türkcə “general” mənasında olan bu təxəllüsü isə Edik, şübhəsiz ki, özü üçün heç də təsadüfi seçməmişdi - əvvəla, şəhərin cavanları onu azərbaycanlı kimi qəbul edəcəkdi, digər tərəfdən isə o özünü “general” kimi hiss edərək, ətrafına daha çox “əsgərlər” toplamağa həvəsli olacaqdı.
Düzdür, bu fikirləri uzun illər ötdükdən sonra, az-çox analiz əsasında söyləmək mümkün idi, ancaq o zaman tribunada olarkən əsas məqsəd meydanda qaynayıb-coşan cavanların vətən sevgisini gücləndirməklə yanaşı, onların təhlükəli, bəd əməllərdən çəkinmələrinə nail olmaq idi. Lakin əksəriyyəti cavan olan meydandakılar uzun-uzadı çıxışlara qulaq asmaq ovqatında deyildi. Odur ki, 5-10 dəqiqə də meydanda dayanıb, mənim “moizələrimə” qulaq asdıqdan sonra da şəhər rəhbərlərindən heç kəsin onların qarşısına çıxmaq niyyətində olmadığını yəqin edərək, yenidən burulub mərkəzi poçta tərəf yürüş etməyə başladılar.  
Artıq dəstədən çox “kütlə”yə çevrilməkdə olanların yenidən eyni marşrutla hərəkətə başlaması narahatlıq doğurduğundan dərhal tribunadan enərək, onların ardınca qaçdım. Mərkəzi  poçta çatarkən dəstədən bir qrup ayrılaraq,  “burda ermənilər var!” – deyib, girişə tərəf yönələndə özümü yetirərək, nəyəsə nail ola biləcəyimə o qədər də inanmadan qarşılarını kəsib, az qala bağıra-bağıra yalandan dedim: “Uşaqlar, burda erməni yoxdur, inanın, yoxdur!”. Onlar qışqırışaraq içəri keçməyə can atsalar da, qarşılarındakının bir qədər əvvəl tribunadan tanıdıqları adamın olduğunu görüb, yəqin ki inanaraq, ani olaraq duruxub dayandılar və birdən kiminsə “getdik!” komandası ilə qəfildən burulub yollarına davam etdilər. Keçirdiyim həyəcan və gərginliyin təsirindən yorğunluq, taqətsizlik hiss etdiyimdən daha onların ardınca getmək istəyində olmadım. Şükr elədim ki, nə yaxşı, onlar mənə inanıb, poçta girmədilər, yoxsa böyük dağıntı olacaq, faciə baş verəcəkdi – orda ən azı 10-12 nəfər erməni rabitəçi qadın işləyirdi. Hər halda mənə inanan o vaxtkı uşaqların sayəsində dağıntı və ölüm baş vermədi (axı, biz ermənilər kimi cəllad olmağı bacarmırıq. Bu yaxşıdır, yoxsa – pis? Yəqin ki, baxır yerinə, şəraitinə...). Gözləmədiyim halda, ən həlledici, dramatik bir məqamda “getdik!” komandası verən oğlanın da poçt şöbəsinə ziyan dəyməməsində rolu az olmadı. Ancaq hər halda tribunada görməsəydilər və mənə inanmasaydılar, baş verə biləcək hücumun qarşısını necə almaq olardı?

...Təxminən 15-20 dəqiqədən sonra yürüşçülər şəhərin küçələrində növbəti dövrəni başa vurub, yenə də mərkəzi meydana
toplaşmışdılar və hər tərəfdən “Qarabağ!” nidaları yüksəlirdi. Ətrafa xeyli adam toplaşmaqda idi. “Yaşıl bina” yenə də meydanın üzünə bağlı idi. Sağa-sola göz gəzdirib, şəhər rəhbərliyindən heç kəsi görmədikdə yenə izdihamın önünə çıxmalı oldum. Xalqımızın igid, mərd oğulları Koroğlunun, Babəkin, Şah İsmayıl Xətainin, Cavad xanın torpaq, Vətən uğrunda mübarizələrindən, qəhrəmanlıq və rəşadətlərindən söhbət açaraq, sıraları anbaan genişlənməkdə olan mitinq iştirakçılarını Qarabağ uğrunda, Vətənin hər qarış torpağı uğrunda mübarizədə sonadək dönməz, mətanətli olmağa səsləməklə yanaşı onları erməni vəhşiliklərinə dözməyərək, Sumqayıta pənah gətirmiş həmvətənlərimizə dayaq durmağa, təmkinli olmağa, mümkün ola biləcək təxribatlara uymamağa çağıraraq, sakitləşdirməyə çalışdım. Məndən sonra bu dəfə izdihamın içərisindən kimsə söz alıb danışmağa başladı. Onu da gah alqışlayır, gah da fitə basırdılar. Mikrofon-zad olmadığından hərdən mənim də, onun da səsi izdihamın səsinə qarışaraq, eşidilməz olurdu...
 
Nizami Gəncəvinin Gəncədən “göndərdiyi” halallıq sevən “kərpic kəsən kişi”nin - Həsən kişinin nəvəsi Həsən Həsənovun meydana gəlişi  
 
Birdən meydanın sol tərəfində qara rəngli bir “QAZ-31” maşını peyda olaraq, Partiya Komitəsinin binası qarşısına dönüb dayandı. Hamının diqqəti ora tərəf yönəldi. Maşından düşən adamın böyük hörmət bəslədiyim Mərkəzi Komitə katibi, xalqımızın vətənpərvər, qeyrətli oğlu  Həsən Həsənovun olduğunu görüb, onu qarşılamaq üçün cəld tribunadan endim. Onunla ilk dəfə idi ki şəxsən görüşürdüm. Azərbaycanın tanınmış, xalq tərəfindən xüsusi rəğbət bəslənilən bu nüfuzlu dövlət xadiminin gəlişinə sevinərək, onu hörmətlə salamlayıb, özümü təqdim etdim. İlk sualı bu oldu: “Bəs rəhbərlik hanı?”. Binanı göstərib dedim: “İçəridədirlər, qapı isə bağlıdır”.
Onun böyük dünya görüşünə, yüksək intellektə, həm də gözəl natiqlik məharətinə malik müdrik bir adam olduğunu bildiyimdən, xahiş etdim ki, tribunaya qalxıb meydandakılara müraciət edərək, öz sözünü desin, onları sakitliyə çağırsın. O, bir anlığa ayaq saxlayıb, Partiya Komitəsinin binasına tərəf nəzər yetirdi, sonra nə isə fikirləşərək, tribunaya tərəf addımladı.  Onu “üsyançılara” illərlə tanıdığım kimi – xalqını, yurdunu sevən vətənpərvər bir insan olaraq təqdim edərək bildirdim ki, Həsən müəllim bir vaxtlar Sumqayıtın, daha sonra isə Gəncənin (o zaman hələ Kirovabad adlanırdı) rəhbəri olub, ancaq bir çox katiblərdən fərqli olaraq həmişə təmiz adı ilə tanınıb, elin-obanın dərin hörmət-nüfuzunu qazanıb, hətta Gəncənin milli-memarlıq üslubu ilə abadlaşdırılması işində qırmızı kərpicə üstünlük verdiyindən gəncəlilər ona “kərpic Həsən” ləqəbi verib. Bunu dediyimlə meydanda gurultulu alqış sədaları qopdu.
Həsən müəllimin odlu-alovlu, məzmunlu və maraqlı çıxışı meydan tərəfindən sükutla, diqqətlə dinlənildi, dəfələrlə alqışlarla qarşılandı. O, gəncləri və meydana axışan digər şəhər sakinlərini əsası olmayan, yersiz şayiələrə, təxribatlara uymamağa, səbrli, təmkinli olmağa çağıraraq bildirdi ki, respublika rəhbərliyi xalqla birdir, həmrəydir, Ermənistanda və Dağlıq Qarabağda baş verən separatçı, xəyanətkar hərəkətlərlə bağlı müvafiq tədbirlər görülür. O, mitinq iştirakçılarına heç bir təxribata yol verməməyi, şəhərdə sakitliyi və dincliyi qorumağı tövsiyə edərək, onların alqışları altında tribunadan endi.
Mərkəzi Komitə katibinin gəlməsindən xəbər tutan şəhər rəhbərləri də nəhayət yavaş-yavaş “qorkom”dan çıxaraq, tribunanın yanında dayanmışdılar. Onlar Həsən müəllimlə görüşüb, vəziyyəti birlikdə müzakirə etmək və məsləhətlərini, tapşırıqlarını öyrənib-bilmək üçün onu Partiya Komitəsinin binasına dəvət etdilər (bütün bu deyilənləri, heç şübhəsiz ki, Həsən müəllim özü də təsdiq edə bilər).
Meydanda mitinqə toplaşanlar arasında isə şəhərin idarə və müəssisə rəhbərlərinin, ziyalıların, o cümlədən müəllimlərin, həkimlərin, mədəniyyət işçilərinin və s. sıraları get-gedə genişlənməkdə idi. Şəhərin adlı-sanlı həkimi kimi sumqayıtlılar arasında böyük nüfuz qazanmış Cəfər Quliyevin, o zaman Sumqayıt Dövlət Musiqili Dram Teatrının aktrisası olan, bu gün isə Xalq artisti kimi tanıdığımız Afaq Bəşirqızının, təhsil nümayəndələrinin və digərlərinin bir-birinin ardınca davam edən çıxışları diqqətlə qarşılanırdı. Ancaq hərdən kiminsə çıxışında nəsə xoşa gəlmədikdə meydanda narazılıq ifadə edən səslər ucalırdı...
 
Məktəbdən gələn bəd xəbər: meydanda 5 yaşlı uşağı erməni hesab edib... öldürmüşlər  
 
Sabahısı gün də şəhərdə mitinq və yürüşlər davam edirdi. Ermənilərin Qarabağda, Göyçədə, Zəngəzurda həmvətənlərimizə qarşı törətdikləri vəhşiliklərə, qəddarcasına tutduqları divanlara görə bütün şəhər narahatlıq və gərginlik içərisində idi. Həmin gün mitinqdən evə xeyli gec qayıtdım. Təzəcə yemək stolu arxasına keçmişdim ki, oğlumun məktəbdə eşitdiyi xəbərdən narahat oldum. O, uşaq həyəcanı ilə danışırdı ki, dünən meydanda 5 yaşlı bir uşaq da olub, camaat görüb ki, o ermənidir, döyə-döyə öldürüblər...
Bütün günü meydanda olduğumdan belə bir şeyin baş vermədiyinə tam əmin olduğum üçün  məktəbdə belə bir şayiənin yayılmasına görə əsəbiləşərək, narahat olmağa başladım. Soruşdum ki, bunu hardan, kimdən eşitmisən? Dedi ki, məktəbdə uşaqlar da, müəllimlər də bundan danışırdılar. Birdən yadıma düşdü ki, şayiəyə əsas varmış, ancaq məktəbə çatana kimi bu “əsas” həddən artıq şişirdilmişdi. Belə ki...
Bir gün əvvəl axşama yaxın “qorkom”un nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, digər asayiş keşikçiləri də artıq tribunanın ətrafına yığışmışdılar və tramvayla, avtobusla işdən qayıdaraq yaxından keçənlər də meydana axışmağa başlamışdı. Meydan başdan-başa adamla dolu idi, izdiham get-gedə artırdı. Şəhərin adlı-sanlı, nüfuzlu adamları bir-bir söz alıb, bir qədər əvvəl quraşdırılmış “şnurlu” mikrofona (onun tribunaya qoyulub-qoyulmaması məsələsi “sonrası, nəticəsi necə ola bilər?” tərəddüdü ilə ciddi, uzun-uzadı müzakirədən keçmişdi) yaxınlaşaraq, meydandakılara müraciətlə Dağlıq Qarabağla, erməni xəyanətkarlığı ilə bağlı öz fikirlərini bölüşürdülər. Birdən diqqətimi izdihamın içində o yan–bu yana vurnuxan 5-6 yaşlarında bir oğlan uşağı cəlb elədi. O, gah birinə, gah da digərinə yaxınlaşıb, diqqətlə baxır, sonra nigarançılıqla aralanıb başqa birisindən yapışırdı. Tribunadan “o uşaq kimindir?” deyə soruşsam da, səsimi mikrofonla danışanın səsi eşitməz etdiyindən sualıma reaksiya verən olmadı. Odur ki, cəld aşağı düşərək, uşağı böyüklərin arasından tapıb, qucağıma aldım. Soruşdum ki, atan hanı? Ağlaya-ağlaya uşaq səsi ilə dedi ki, “bilmiyəm, atamı tapmıyam”. Yaxınlıqda kimdən soruşdumsa, uşağa sahib çıxan olmadı. Fikirləşdim ki, görəsən, qarışıqlıqdan istıfadə edib, bəlkə uşağı qəsdən “itirmək”, “azdırmaq” istəyiblər? Ancaq nə üçün, nə məqsədlə? Belə gərgin bir vaxtda bu da şübhələrimə səbəb olduğundan, onu tribunaya apardım və şəhərin İcraiyyə Komitəsinin o vaxtkı sədri, boyca hündür olan Təvəkgül Məmmədovdan uşağın atasının tapılması üçün onu meydandakılara göstərməsini xahiş etdim. Təvəkgül müəllim uşağı qucağına alaraq, mikrofonla meydana müraciət etdi, uşağın kimin olduğunu soruşdu. Bu zaman bir nəfər izdihamın içərisindən əllərini başı üstündə yellədərək, işarə ilə “mənim oğlumdur” deyib, qaça-qaça gəldi. Uşağı dərhal sevinclə qucağına almaq istədi, ancaq adətən tədbirli və düşünülmüş hərəkət edən Təvəkgül müəllim əvvəlcə ondan, sonra da uşaqdan adını, həm də “sənin atandırmı?” soruşub, əminlik hasil etdikdən və atasını səhlənkarlığına görə ciddi danladıqdan, “dərsini” verdikdən sonra uşağı qaytardı. 
Yəni, məsələ bu cür olmuşdu və uşağın atası da, təbii ki özü də erməni yox, azərbaycanlı idilər. O balaca oğlanı nəinki döyən, heç çırtma vuran da olmamışdı. Sadəcə, hamının diqqəti həyəcanla, nigarançılıqla çıxış edənlərdə olduğundan, ətrafdakılar atasının nəzarətsiz qoyduğu  uşağa fikir verməmişdilər. 
Belə olduğu halda, yəni hamının gözü qarşısında baş vermiş bir fakt öz şəhərimizdə, cəmi 200-300 m aralıqdakı bir məktəbdə elə özümüz tərəfindən artıq real, müdhiş bir faciə kimi təqdim edilirdisə, onda Sumqayıtın doğum evlərində yeni doğulan erməni uşaqları ilə bağlı daşnakların bütün dünyaya yaydıqları ağlasığmaz, tükürpədici xəbərlərin də necə, həm də  əsassız olaraq uydurulduğu aydın olur. 
Mədəniyyət sarayının damından Lenin meydanındakı hərəkatı “elə-belə” çəkən erməni fotoqrafı və 50 milyonluq bir xalqa vurulmuş ciddi zərbə...
 
İzdihamın genişləndiyi, mitinqin gücləndiyi bir vaxtda qarşıdaki S.Vurğun adına Mədəniyyət sarayının girişindən də mitinqi izləyənlər çoxalmışdı. Birdən kiminsə sarayın damına qalxaraq, oradan fotoaparatla meydandakı hərəkatın gedişini çəkdiyi diqqəti cəlb etdi. İzdihamın içərisindən bunu görən bir-neçə dəliqanlı gənc hirslənərək, cəld onun dalınca dama qalxıb, yerə düşürərək, “Qorkom”un içərisinə apardılar. Məlum oldu ki, “tökülüb-itən”, pinti üst-başından fəhlə olduğu aşkar hiss edilən 55-60 yaşlı həmin adam ermənidir. Binanın içərisində, 2-ci mərtəbəyə qalxan pilləkənin üstünə oturdulmuş vəziyyətdə ondan sorğu-sual olundu ki, niyə dama qalxıb oradan meydanı, mitinqi çəkir? O isə, yazıq, qorxa görkəmlə: “elə-belə, özüm üçün” dedi. Hansı mədsədlə “özü üçün” sualı ətrafdakıları maraqlandırarkən birdən şəhər rəhbərlərindən biri ona yaxınlaşdı və... ermənini tanıdı. Adıyla müraciət edib soruşdu ki, “sənin o damda nə ölümün vardı?”.  O da and-aman elədi ki, vallah, elə-belə çəkirdim, bağışlayın, qələt eləmişəm, bir də eləmərəm. Həmin rəhbər işçi ermənini sorğu-sual edənlərə üzünü tutub dedi ki, mən onu çoxdan tanıyıram, yazığın biridir, ziyansız adamdır, bir qələtdir eləyib, buraxın getsin...
Və meydanı “elə-belə” çəkən o “yazıq” ermənini buraxdılar, getdi. Səhərisi gün isə bütün Ermənistan, Sovet və Qərb mətbuatı Sumqayıt meydanındakı mitinqi və bütünlükdə hərəkatı əks etdirən operativ şəkillərlə dolu idi. Ancaq nə o vaxt, nə də sonralar o “həvəskar” fotoqrafı itirib-axtaran olmadı... Bu da bizim o günlərdəki “sayıqlığımızın”, burnumuzun ucundan o yanı görməməyimizin, ürəyi yumşaqlığımızın acıdan da acı,  xalqımızın adına silinməz ləkə vurmuş nəticəsi. Kiminsə “agentura çəkilişində” yaxalanmış ermənini tanıyaraq və ona müsəlman sadəlövhlüyü ilə inanaraq, heç bir ciddi yoxlama aparmadan, heç olmasa, aparatdakı lenti çıxarıb götürmədən azad etməsinin nəticəsi... Bəli, bir nəfər “ağıllı” məmurun ucbatından 50 milyonluq bir xalqa vurulmuş ağır bir mənəvi zərbə...
  
Respublika radiosundan mənim səhər eşitdiyim, dünya əhalisinin isə yüzlərlə ermənipərəst radio və televiziya kanallarından aldığı sarsıdıcı xəbər
 
Fevralın 29-da səhər tezdən respulika radiosundan eşitdiyim xəbərə inana bilmirdim – doğrudanmı gecə 26 erməninin ölümü ilə nəticələnən ixtişaşlar, qanlı cinayətlər baş vermişdi? Axı, necə ola bilərdi ki, bizim sumqayıtlı cavanlarımız bu cür hərəkətlərə yol verməli olmuşdular? Özü də beynəlmiləlçiliyi ilə bütün SSRİ-də rəğbət doğuran, yaxşı adla tanınan bir şəhərdə - Sumqayıtda. Bunun özülündə hansı faktorların, hansı qüvvələrin, hətta hansı ermənipərəst ölkələrin dayandığını mənim sumqayıtlı dostlarım - respublikamızın görkəmli rejissoru, həyatdan vaxtsız getmiş Davud İmanov və Azərbaycanın Əməkdar jurnalisti Eyruz Məmmədov gərgin jurnalist axtarışları, araşdırmaları və ağır zəhmətləri sayəsində yaratdıqları iki seriyalı “Sumqayıtın əks-sədası” filmində və bu ağrılı mövzuya həsr olunmuş bir-çox analitik xarakterli, fundamental əsərlərdə yüksək peşəkarlıqla, müstəntiq-prokuror araşdırmaları səviyyəsində göstərdiklərindən bu barədə geniş yazmaq, sənədli kinokadrlarda əksini tapmış məlum həqiqətləri təkrar etmək fikrində deyiləm. Onların topladıqları saysız-hesabsız inkaredilməz faktlarla təsdiq olunduğu, sumqayıtlı ermənilərin özlərinin də etiraf etdikləri kimi, şəhərdə baş vermiş həmin hadisələr “Krunk“ və digər erməni terrorist təşkilatlarının plan və ssenariləri əsasında, “Daşnaksutyun” partiyasının ümumi komandanlığı altında törədilmişdi. Və yəqin çox az adam bilir ki, heç zaman ayrıca dövləti mövcud olmamış ermənilər “dənizdən dənizə” ideyası ilə özlərinin bu bədnam “Daşnaksutyun” partiyasını hələ 1890-cı ildə - Leninin məşhur bolşeviklər partiyasından da xeyli - 13 il əvvəl (!..) yaratmışdılar.  Təbliğat və silahlı mübarizəni əsas iş metodu kimi qəbul edən həmin partiya (“vikipediya”da bu gün də qeyd olunduğu kimi) öz proqramında terrorizmi müstəqillik uğrunda mübarizənin əsas, mühüm vasitəsi kimi göstərmişdi. 1921-ci ilin martında Almaniyada türk generalı Tələt Paşa, həmin ilin dekabrında Romada Türkiyənin o vaxtkı Baş naziri Səid Həlim paşa, sonrakı illərdə isə generallar Şakir paşa, Camal paşa və dıgərləri məhz daşnak agentləri-terroristləri tərəfindən qətlə yetirilmişdilər.
“Krunk” və “Daşnaksutyun”un, digər terrorist erməni təşkilatlarının iştirakı ilə törədilmiş Sumqayıt hadisələrinə  qayıdaraq isə mən diqqəti yalnız bir-neçə mühüm məqama yönəltmək istəyirəm. Ən birinci məqam – müxtəlif illərdə Sumqayıtda vəzifə başında olan bəzi qeyrətsizlərin aldıqları rüşvət və erməni xanımlarının bir gecəlik “qadın qonaqlığı” və ya həmişəlik “qadın bəxşişləri” müqabilində ermənilərin şəhərdə ən yaxşı, mühüm yerlərdə vəzifə tutmaları üçün şərait yaratmaları, bununla da bir-çox hallarda azərbaycanlılarımızın öz torpağımızda ermənilərin əlinin altında işləmələrinə səbəb olmalarıdır. Bir-neçə faktı göstərmək kifayətdir. Şəhərin uşaq xəstəxanasının infeksiya şöbəsinin müdiri, idmançılarımızın sağlamlığına cavabdeh olan “Fizdispanser”in baş həkimi (Vladimir Avakyan), şəhərin mədəniyyət şöbəsinin müdiri (Tamara “Qasanovna”), ən iri müəssisələrdən olan Sintetik kauçuk zavodunun baş mühəndisi (A.Qalustyan), Boruyayma zavodunun ən gəlirli vəzifəsi olan kommersiya üzrə direktor müavini (Robert Ambarsumov)), oranın təchizat şöbəsinin (Mişa Ayrapetov), mərkəzi kimya laboratoriyasının (Oktyabrina İvanovna), avtomatlaşdırma və mexanikləşdirmə mərkəzinin (Qeorqi Osipov) müdirləri, müəssisənin baş kassiri (qoca kaftar Emma Qriqoryevna!), marten sexinin plan şöbəsinin rəisi (Suren Mursaelyan), hətta şəhər partiya komitəsinin gəlib-gedənə şəxsi və “ümumerməni” maraqları ilə “ciddi” nəzarət edən (özü də yalnız gündüzlər, “əsas məsələlərin” həll olunduğu vaxt) “çox hörmətli” milis-gözətçisi – əndrəbadi görkəmi ilə “qorkom”a heç yaraşmayan Edik də erməni idi (guya o böyüklükdə şəhərdə bu işə yarayan heç bir azərbaycanlı, hətta rus da yox imiş).
Haqqında bir qədər əvvəl danışdığım, gözəl və işvəli-nazlı, ətli-canlı erməni  xanımlarının işlədiyi “Sputnik” mağazasından başqa şəhərin digər mağazalarının satıcılarının, “PUBON” kimi tanınan Əhaliyə məişət xidməti kombinatının mərkəzi bazarının yaxınlığındakı iki mərtəbəli fərdi tikiş sexinin işçilərinin də 70-90 faizi ermənilər idi və onlar hər “vasitə” ilə aralarında azərbaycanlıların, hətta rusların belə işləməsinə imkan vermirdilər.

 
Rəhman Orxan
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?