Modern.az

Milli Məclisin AŞPA-ya göndərəcəyi deputatlar: spiker onları qəbul edib (siyahı)

Milli Məclisin AŞPA-ya göndərəcəyi deputatlar: spiker onları qəbul edib (siyahı)

Parlament

15 Dekabr 2010, 15:33


Dördüncü çağırış Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin tərkibi bu gün müəyyənləşib. Modern.az-ın məlumatına görə, bu gün saat 15.00-da parlamentin spikeri Oqtay Əsədov Azərbaycanı AŞPA-da təmsil edəcək yeni nümayəndə heyəti ilə görüş keçirib. Bu barədə saytımıza Milli Məclisdən xəbər verilib.

Azərbaycanın AŞPA-ya yollayacağı nümayəndə heyətinin tərkibi 12 deputatdan ibarətdir. Onlardan 6 nəfər əsas, 6 nəfər isə ehtiyat üzvlərdir.
6 nəfərlik əsas heyətdə hakim Yeni Azərbaycan Partiyasını (YAP)  yenidən parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası  əlaqələr komitəsinin sədri Səməd Seyidov, Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov, bitərəfləri növbəti dəfə siyasi elmər üzrə fəlsəfə doktoru Qənirə Paşayeva ilə yanaşı,  «Dağlıq Qarabağın Azərbaycanlı İcması» İctimai Birliyinin üzvü Rövşən Rzayev, müxalifəti isə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) təmsilçisi, professor Rafael Hüseynov və Vətəndaş Birliyi Partiyasının (VBP) sədri Sabir Hacıyev təmsil edəcəklər.

Onu qeyd edək ki, sonuncu iki şəxs də üçüncü çağırış parlamentin AŞPA-dakı nümayəndə heyətinin üzvü olublar.

Ehtiyat heyətə gəlincə, burada hakim partiyanı yeni seçilən millət vəkilləri - Bakı Slavyan Universitetinin (BSU) prorektoru Sahibə Qafarova, o cümlədən, həmin universitetin kafedra müdiri, parlamentin  Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva, bitərəfləri yeni millət vəkili, AVCİYA-nın prezidenti Elxan Süleymanov və ikinci dəfə deputat mandatı əldə edən Aydın Abbasov, müxalifəti isə VHP-dən olan digər millət vəkili, professor Fəzail İbrahimli və Böyük Quruluş Partiyasının (BQP) sədri  Fazil Mustafa təmsil edəcəklər.

Bu yerdə xatırladaq ki, F.Mustafa bundan əvvəl - üçüncü çağırış parlamentin üzvü kimi Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətində təmsil olunub.

Bu dəfəki tərkibə düşməyənlərə gəldikdə, bunların arasında YAP-dan üçüncü dəfə parlamentə deputat seçilən Aydın Mirzəzadə var. Bununla yanaşı, keçmiş millət vəkilləri Gültəkin Hacıbəyli, Əkrəm Abdullayev, İltizam Əkbərli və Aynur Camalqızı (Quliyeva) yenidən parlamentdə təmsil olunmadıqları üçün avtomatik olaraq AŞPA-dakı nümayəndə heyətinin tərkibindən çıxarılıblar.

Xatırladaq ki, AŞPA-nın qış sessiyasının iclası yanvarın 24-28-də Strasburqda keçiriləcək. Sessiyanın gündəliyinə Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı məsələ də daxil edilib.

Azərbaycanın AŞPA -dakı nümayəndə heyətinin tərkibinə yenidən hansı səbəbdən salınmaması ilə bağlı ətraflı məlumat almaq üçün A.Mirzəzadənin özü ilə əlaqə saxladıqda o, sadəcə, bu haqda məlumatsız olduğunu bildirib:
«Düzünü desəm, yeni tərkibdən məlumatsızam. Bunun formalaşdırılması parlament rəhbərliyinin səlahiyyətində olan məsələdir. Yəni, bir qayda olaraq, nümayəndə heyətinə hakim partiyadan, müxalif partiyalardan və bitərəflərdən ümumən üçdə bir, üçdə bir, üçdə bir bir prinsipi ilə millət vəkilləri salınırlar. Onu da deyim ki, bu günkü parlamentin tərkibində bizləri  AŞPA-da layiqincə təmsil edəcək kifayət qədər insanlar var. Bunların içərisində həm köhnə tərkibdən olanları, həm də yeni seçilənləri göstərmək olar. Bu baxımdan hesab edirəm ki, bu tərkibə kimin düşməsindən asılı olmayaraq, nümayəndə heyətimiz əvvəlki kimi yüksək səviyyədə işləyə biləcək. Birincisi, nümayəndə heyətinin əsasında indiki prezident İlham Əliyev tərəfindən ortaya qoyulan bir fəaliyyət ənənəsi var və bu fəaliyyət ənənəsi də həmişə özünü doğruldub. İkincisi, parlamentin həm əvvəlki, həm yeni üzvləri arasında cəmiyyətdə kifayət qədər tanınan, siyasi informasiyası geniş, analitik düşüncə tərzinə malik olan insanlar çoxdur. Odur ki, yeni tərkib nə cür formalaşarsa, yenə də AŞPA-da Azərbaycan maraqlarını yüksək səviyyədə müdafiə etmək mümkün olacaq».
Millət vəkili adının yeni tərkibə salınmamasının ona etimadsızlıq göstərilməsi kimi qiymətləndirilməsinin də əsassız olduğunu dilə gətirib. Onun sözlərinə görə, nümayəndə heyətinin tərkibinə düşsə də, düşməsə də Azərbaycan parlamentinin üzvü kimi  yenə öz üzərinə düşən vəzifələri yerinə yetirməyə çalışacaq:
«Mənə ən böyük etimad odur ki, yenidən seçicilərim tərəfindən parlamentə üzv seçilmişəm. YAP tərəfindən onun vahid namizədlər siyahısına daxil edilmişəm. Ən böyük etimad elə budur. Amma bununla belə, parlamentdə həmin tərkibə düşə biləcək çoxsaylı insanların adlarını da saya bilərəm. Hansını ki hazırlıq səviyyəsi, siyasi fəallığı kifayət qədər yüksəkdir. Hətta, bu siyahının özü təsdiq olunsa belə, mən çox sevinərəm. Çünki bu tərkib kifayət qədər güclüdur və onlar qarşıya qoyulan vəzifələri yerinə yetirməyə qadir insanlardır».

Kamil Həmzəoğlu 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı