Modern.az

Bakının yeni Baş Planı 2012-ci ildə hazır olacaq

Bakının yeni Baş Planı 2012-ci ildə hazır olacaq

Ölkə

17 Dekabr 2010, 10:47


Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (DTAK) "Böyük Bakının Regional İnkişaf Planı"  üzərində işi davam edtdirir. Komitənin  Şəhərsalma şöbəsinin müdiri Yusif Yaqubzadə Modern.az saytına bildirib ki, Bakının yeni Baş Planının hazırlanması işinə Dünya Bankı 5 milyon manat qrant ayırıb.
2009-cu ilin aprelindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Böyük Bakının Regional İnkişaf Planı” (BBRİP) Layihəsinin hazırlanması üçün hazırlıq işləri aparır. Dövlət Şəhərsalma və Arkitektura Komitəsi  layihələndirmə üçün hazırlıq işlərini tamamlayıb və yeni ilin əvvəlindən layihənin işlənilməsinə başlanılacaq.

”Güman edirik ki, 2012-ci ildə Bakının yeni Baş Planı hazır olacaq”-deyə Yusif Yaqubzadə bildirib.

“Böyük Bakının Regional İnkişaf Planı” 2030-cu ilədək dövrü əhatə etməlidir. Hazırkı layihəni hazırlayan şirkət tender əsasında təyin ediləcək. Layihə  4 hissədən ibarətdir:
I. Böyük Bakının ərazisi üçün ilkin məlumatların toplanması və yerin mövcud vəziyyətinin analizi;
II. Abşeron yarımadasının (Böyük Bakı) ekoloji vəziyyətinin analizi;
III. Regionun 2010-cu ilə qədər mövcud iqtisadi vəziyyətinin analizi, həmçinin 2030-cu ilə qədər perspektivlərin inkişafını proqnozlaşdırmaq;
IV. 2030-cu ilə qədər regionun planlaşdırma sxeminin hazırlanması.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindəki "Böyük Bakının Regional İnkişaf Planı" layihəsinin icra qrupunun rəhbəri Novruz Eldarov Modern.az-a deyib ki, yeni Baş Plana görə, bəzi məqamlar aydındır. O cümlədən:
- Dəniz limanının və bərənin Qaradağ rayonuna, Ələt şəhərinin yaxınına köçürməsi;
- Neftdaşıyan terminalın Abşeronun şərq sahilindən yeni terminalın istifadəyə verildiyi yerə, Sanqaçala köçürməsi;
- “Qara Şəhər” adlanan yerdə fəaliyyət göstərməyən sənaye müəssisələrinin ləğv edilməsi və  boşaldılmış ərazinin məskünlaşma üçün mənimsənilməsi;
- “Xutor” - 88 hektar, “Kubinka”- 46 hektar, şəhərin mərkəzində Nərimanov prospekti ilə Azərbaycan prospekti arasındakı “Beşmərtəbə”nin- 85 ha;
292 hektarını təşkil edilməmiş tikintilər əhatə edən “ 20-ci sahə” - 800 ha  kimi şəhər sahələrinin  bölmələrinin regenerasiyası.

Xatırladaq ki, həm kapitalizm, həm də sovet hakimiyyəti qurulduqdan sonra Bakıda şəhərsalma işləri yeni planlar üzrə aparılıb. Bakının ilk Baş Planı 1898-ci ildə o dövrun məşhur memarı N.A. fon Der Nonne tərəfindən hazırlanıb. 1932-ci ildə paytaxtın ikinci Baş Planı işlənib. 1964-cü ildə isə respublika Nazirlər Soveti şəhərin üçüncü Baş Planını təsdiqləyib. Sonuncu plan 1986-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunub və bu sənəd 2005-ci ilədək olan dövrü əhatə edib.

Sədaqət Süleymanova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür