Modern.az

Rus neofaşizmi…

Rus neofaşizmi…

Ölkə

19 Dekabr 2010, 22:29


Dekabrın 6-da «Spartak» futbol klubunun fanatı Yeqor Sviridovun öldürülməsilə Moskvada və Rusiyanın bir sıra regionlarında radikal rus millətçilərinin başatdığı qanunsuz aksiyalar davam etməkdədir. Rusiya mətbuatının məlumatına görə, son 2 gündə paytaxt Moskvada və digər şəhərlərdə qanunsuz aksiya keçirmək istəyən 2000-dən artıq millətçi rus saxlanıb. Radikal, millətçi gənclərdən travmatik tapanca və digər soyuq silahlar götürülüb.

Bütün dünyada antipatiya doğuran neofaşizm və ya ifrat millətçilik bir sıra ölkələrdə ciddi siyasi qüvvəyə çevrilməkdədir. O cümlədən Rusiyada da faşist ideologiyası möhkəmlənməkdədir. Elə son günlər şimal qonşumuzun paytaxtında baş verən qarmaqarışıqlıq da onların fəaliyyətinin “məhsuludur”.
Rusiyada skinhedlər (qırxıqbaşlar) faşizmin yeni nəsli sayılır. Onların fərqlənmə nişanları, təzim qaydaları, digər millətlərə qarşı dözümsüzlükləri alman faşizmini xatırladır. Rusiyada neofaşistlər leqal şəkildə fəaliyyət göstərirlər, onların müxtəlif dəstələri, birlikləri, fürerləri (rəhbər) var. Vladimir Jirinovskinin Liberal-Demokrat partiyası, Dmitrii Roqozinin «Rodina» partiyası neofaşist təşkilatlar sırasına aid edilir.
Rusiyayada ilk skinhedlər ötən əsrin 80-ci illərinin sonlarında peyda olmağa başlayıb. Onların sosial bazasını 14-30 yaş arasında olan gənclər təşkil edir. Rusiya skinhedləri digər millətlərə nifrət bəsləyirlər.
Bu ultramillətçi cərəyanın üzvləri öz nifrətlərini ən iyrənc və qəddar hərəkətlərlə həyata keçirirlər. Rusiya neofaşitstləri hətta dövlət orqanlarında belə təmsil olunurlar.

Rusiyada «qırxıqbaşlar» gəlmələrə, o cümlədən qafqazlılara, xüsusilə də azərbaycanlılara qarşı tez-tez hücumlar edir, insanlığa sığmayan vəhşiliklərə yol verirlər. Rusiya irqi zəmində törədilmiş cinayətlərin sayına görə digər ölkələrdən öndə gedir. Hər il bu ölkədə 500-ə yaxın skinhed hücumu nəticəsində ən azı 50 nəfər qətlə yetirilir.
Rusiya neofasistlərinə məxsus İnternet saytlarında həmin qətliamdan görüntülər yerləşdirilir. Məqsəd digər millətləri qorxu və təşviş içərisində saxlamaqdır. Skinhedlərin hədəfi Qafqaz, Mərkəzi Asiyadan olan əcnəbilərdir.

Rusiyadakı neofaşist təşkilatlarından biri Rusiya Milli İttifaqıdır. Bu qrupun üzvləri müxtəlif əlbəyaxa idman növləri- kiq-boksinq, uşu, karate, sambo ilə məşq keçirlər. Onlar yalnız özünümüdafiə üçün məşq etdiklərini və xaricilərə hücumlarda iştirak etmədiklərini bəyan etsələr də, əslində bu, belə deyil. Onlar öz irqçi dünyagörüşlərini gizlətmir və bütün qeyri-ağların Rusiyadan çıxarılmasını istədilərini deyirlər.

Rusiya skinhedlərinin rəhbərlərindən olan Nikolay Koryanoviçin sözlərinə görə, onların kumirləri Stalin və Hitlerdir. Mavi gözlü, qırxıqbaş, boksçuya oxşayan bu adam Rusiya siyasətinin yeni nəslindəndir. O, açıq şəkildə neofaşist ideyalarını təbliğ edir və Rusiyada mütləq monarxiyanın bərpa olunmasını istəyir.

Müşahidələr göstərir ki, son illər həm Rusiya, həm də Avropa ölkələrindəki neofaşistlərin ən böyük aksiyaları Adolf Hitlerin ad günündə (20 aprel) keçirilir. Həmin gün Hitlerin doğum günü özlərinəməxsus tərzdə qeyd edən neofaşistlər daha aqressivləşir və qana susayırlar.

Xüsusilə Rusiyada ultramillətçilər bir qayda olaraq Hitlerin ad günündə əcnəbilərlə daha qəddar davranır, onları vəhşicəsinə döyməkdən, qətlə yetirməkdən çəkinmirlər.
Amma son günlər Moskvada yaşanan hadisələr göstərir ki, ultramillətçilər başqa zamanlarda da radikal olmağı bacarırılar…

Adəm Qorxmaz    

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır