Modern.az

Tanınmış fotojurnalist Elxan Kərimov vəfat edib

Tanınmış fotojurnalist Elxan Kərimov vəfat edib

Media

20 Dekabr 2010, 00:25

Azərbaycan mətbuatına ağır itki üz verib. “Turan” İnformasiya Agentliyinin əməkdaşı, tanınmış fotoreportyor Elxan Kərimov dekabrın 19-da saat 18.00 radələrində evində qəfildən vəfat edib.   Modern.az xəbər verir ki, yaxınlarının deməsinə görə, Elxan Kərimov ürəktutmasından dünyasını dəyişib. Dekabr ayının 28-də onun 62 yaşı tamam olacaqdı. Yaxınları onun son vaxtlar ürəyindən şikayətçi olduğunu bildirblər. Məlumata görə, E.Kərimov gələn ayın 5-də ürək şuntlanması əməliyyatına hazırlaşırmış. Allah rəhmət eləsin. ***

Tərcümeyi-halı E.Kərimov Azərbaycanın müasir tarixinin bir çox hadisəsinin canlı şahidi olub və onları çəkdiyi şəkillərdə əks etdirə bilib.

Elxan Əziz oğlu Kərimov 1948-ci il dekabrın 28-də Bakının Bülbülə kəndində anadan olub. 1957-1967–ci illərdə 208 saylı orta məktəbdə təhsil alıb. 1968-ci ildə əmək fəaliyyətinə başlayıb. Əvvəl Bülbülə kəndində yerləşən “Quyuların sınaqdan keçirilməsi və əsaslı təmiri” idarəsində işləyib. 

1971-ci ildə Azərbaycan Pedaqoji Universitetində (keçmiş V.İ.Lenin adına APİ) çıxan “Gənc müəllim” qəzetində fotomüxbir kimi işə başlayıb. 1973-1977-ci illərdə Azərbaycan Pedaqoji Universitetini bitirib.

1971-ci ildə çəkdiyi fotolar respublikada çıxan “Azərbaycan müəllimi”, “Bakı”, “Baku” və s qəzetlərdə çap olunub. 1979-cu ildə Jurnalist Sənətkarlığı İnstitutunu bitirib. 1997-ci ildə Türk beynəlxalq iş adamları “Dialoq” aylıq jurnalında fotomüxbir vəzifəsində çalışıb. Daha sonra öz fəaliyyətini “Tüsiab” jurnalında davam etdirib. 1998-ci ildə “Azadlıq” qəzetində baş fotomüxbir vəzifəsində işləyib. Sonradan “Turan İnformasiya Agentliyi”nə keçib. Ölüm gününədək bu agentlikdə baş fotomüxbir vəzifəsində çalışırdı.  Elxan Kərimov bir çox sertifikat və diplomlara layiq görülüb. 2004-cü il mayın 28-də “Aзeрбaйджaнcкиe Извecmия” tərəfindən foto sahəsində gördüyü işlərlə əlaqədar sertifikata layiq görülüb. 2006-cı ildə 21 iyulunda  “Fotoillürtrasiya” nominasiya üzrə “Media açarı” mükafatı alıb. 2009-cu ildə Elxan Kərimovun 60 illik yubleyi çərçivəsində Media Mərkəzində foto sərgisi keçirilib. 21 iyul 2009-cu ildə "Zərdabi" mükafatına layiq görülüb. E.Kərimovun çəkditi fotoşəkillər respublikada çıxan qəzet və jurnallarda yayımlanıb.

3 övladı yadigar qalıb. *** Elxan Kərimovun mətbuata müsahibələrindən sitatlar: - Əlinə fotoaparat götürüb çəkən çoxdur, amma fotomüxbir az... İndi fotomüxbirlərin 99 faizində yaradıcılıq yoxdur. Yerindən qalxır, rəqəmsal fotoaparatla - biz onu sabunqabı adlandırırıq - ”çık" edib oturur. Axı belə olmamalıdır. Mən bir mətbuat konfransında ən azı 15 kadr çəkirəm. Arasından cəmi bir-ikisini seçib qəzetə göndəririk. Fotoqrafların mətbuatdan uzaqlaşmasının əsas səbəbi maaşla bağlı olsa da digər səbəb fotoaparaturadır. - Fəaliyyətim boyunca çəkdiyim ən gözəl şəkil mərhum prezident Əbülfəz Elçibəyinki olub. - Ən yaxşı şəkil təsadüfən alınır.   - Bəzi məqamlarda çəkilən şəkillər üçün çeviklik tələb olunur. 60 yaşında belə şeyləri etmək olmur. Mitinqlərdə qovurlar, qaçırsan, o məqamı çəkməlisən. Cavan uşaqlar daha yaxşı işləyir. Amma mən özümü hələ 60 yaşında yox, maksimum 45 yaşında hiss edirəm. Bütün hallarda bilirəm ki, yerimi cavanlara verməliyəm. - 2 iyun 2002-ci il tarixində keçirilən mitinqdə aləm bir-birinə qatışmışdı. Təkcə mən çəkirdim. Polislərlə üzbəüz gələndə bəziləri tanımır, zor tətbiq edirdi. Nazim Nağıyev Səbayel rayonunun polis rəisi olan vaxt keçirilən aksiyalardan birində onun şəklini çəkdiyim üçün mənə yumruq vurmuşdu. Mən bilən, cəzasını da aldı.   - Öz fotolarımla tarix yazdığımı bilirəm.

- Sənətimi oğlum Turxan davam etdirir. Ona şəkil çəkməyi mən öyrətməmişəm. Gözünü açıb fotoaparat görüb evdə. Özü aparatı götürüb şəkil çəkib. Onun yaxşı jurnalist olmasını arzulayıram.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir