Modern.az

Xanım deputatlar geyindikləri paltarlardan danışdılar

Xanım deputatlar geyindikləri paltarlardan danışdılar

Parlament

20 Dekabr 2010, 14:19

Bir neçə gün öncə Milli Məclisin xanım deputatlarının geyimləri ilə bağlı tanınmış stilist Anar Ağakişiyevin fikirlərini təqdim etmişdik. Bu dəfə isə Modern.az saytı olaraq millət vəkillərinin özləri ilə əlaqə saxlayaraq məsələyə münasibət öyrənməyə çalışdıq.

Xanım deputatlardan geyimlərini neçə seçdiklərini, hansı rəngləri xoşladıqlarını, dəblə yoxsa zövqlə geyindikləri kimi sualara cavab almağa çalışdıq.

“Zamana, məkana, yaşıma, statusuma, mövqeyimə uyğun geyinməyi xoşlayıram....”

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova geyimlərini özü seçir: “Mən artıq elə bir yaş həddindəyəm ki, yalnız özümə arxalanaraq, geyimimi müəyyən edə bilərəm. Həmişə zövqümlə dəbin üst-üstə düşməsinə çalışıram. Dəbi qabaqlamaq istəmirəm, amma dəblə geyinirəm. Demək olar ki, hardasa müasir modanın tendensiyalarına riayət edən bir insanam”.

R.Aslanova daha çox şux rəngləri xoşladığını qeyd edib: “Qırmızı, firuzəyi, yaşıl, mavi rəng mənim ən çox sevdiyim rənglərdir. Ümumiyətlə, rənglərin fəlsəfəsinə xüsusi mövqeyim var, bu baxımdan daha çox şux rənglərə üstünlük verirəm”.

Rəbiyət Aslanova bildirib ki, konkret olaraq rəsmi müəssisələrin, idarələrin rəng kodu, yəni xüsusi geyim forması var: “Bu baxımdan ona riayət etmək hər kəsin borcudur. Milli Məclis çox ciddi bir orqandır. Ora istənilən geyimi geymək mümkün deyil. Toy geyimində Milli Məclisə gəlmək sözsüz, yolverilməzdir”.

Milli Məclisin xanım deputatı zamana, məkana, yaşına, statusuna, mövqeyinə uyğun geyinməyi xoşladığını vurğulayıb: “İlk növbədə özüm öz geyimimdən məmnunluq duymalıyam. Konkret zamana, məkana, yaşıma, statusuma, mövqeyimə uyğun geyim forması olmalıdır. Elə geyinməliyəm ki, ətrafdan baxanlara təəccüb yaratmasın və bu onlarda normal bir münasibət formalaşdırsın.
Kiminsə zövqünə görə geyinmək fərdi bir məsələ, fərdi bir münasibətdir. Ancaq xoşagəlimli, zövqə uyğun, dəblə geyinmiş hər kəsdən insanlar öyrənmək istəyir, elə mən özüm də.
Əgər kimsə mənim geyimimdən xoşu gəlirsə və hansısa elementi istifadə etmək istəyirsə, niyə də istifadə etməsin?”

“Cəmiyətinin diqqətində olan insan öz geyim tərzinə çox fikir verməlidir”

Milli Məclisin digər xanım deputatı Jalə Əliyeva da öz geyimini hər zaman özü seçir. “Bütün dövrlərdə geyimimi sintez etməyə çalışmışam. Birinci növbədə geyimimin həmin günkü situasiyaya, getdiyim yerə uyğun olmasına böyük əhəmiyyət verirəm. Təbii ki, burda həm mənim zövqümün elementləri, həm də dəb yer alır. Amma heç vaxt ifratçılığa varmamağa çalışmışam. Bu mənim hər zaman şüara çevirdiyim fikirdir. Xanımlarımızın getdiyi yerlərdə geyim tərzlərini qarışdırmağın tam əleyhinəyəm. Şəhərdə gəzinti vaxtı xanımlarımız elə geyim geyinirlər, elə bil toya gedəcəklər və yaxud dağa, təpəyə gəzintiyə, istirahətə gedirlər, amma hündürdaban ayaqqabı geyinirlər”.

J.Əliyeva qeyd edib ki, hər situasiyanın, ab-havanın özünə uyğun geyimi olmalıdır. “Ümumiyyətlə, cəmiyyətinin diqqətində olan insan öz geyim tərzinə çox fikir verməlidir. Çünki onu sadəcə bir ailə yox, bütün cəmiyyət qəbul edir. Əgər o, cəmiyyətin nəzərindədisə,ona uyğun da geyim tərzi seçməlidir. Mən hər zaman bu fikirdə olmuşam, bu gün də çalışıram ki, bu fikrə  sadiq qalım”.

Müsahibimiz deyib ki, ən çox sevdiyi rənglər çəhrayı, bənövşəyi, firuzəyidir: “Amma bu rənglər bir o qədər də rəsmi, ciddi rənglər deyil. Ciddi rəng kimi daha çox qara, ağ, boz, qəhvəyi rənglər nəzərdə tutulur. O  rəngləri də sırf sevdiyim üçün yox, getdiyim yerin ab-havasına uyğun olsun deyə qarderobuma salıram. Yəni iclasa gedərkən daha çox diqqət çəkməyən rənglərə üstünlük verirəm”.

Jalə xanım qeyd edib ki, kənardan geyiminə olan münasibəti bilmir: “Geyimimlə bağlı tərifləri eşitdiyim günlər də olur. Amma bəzən elə olur ki, mən geyimimdən, xarici görünüşümdən çox razı oluram, amma heç bəlkə həmin gün tərifli söz eşitmirəm. Bəzən isə gözləmədiyim halda birdən-birə tərifli söz eşidirəm.
Özüm şəxsən insanda yaxşı bir şey görmüşəmsə, onu mütləq deməyi, vurğulamağı sevirəm. Bəyənməyəndə isə heç nə demirəm, çünki bu onun öz seçimidir, onun işinə qarışa bilmərəm ki, niyə bu gün belə geyinmisən, bu rəng sənə yaraşmır. Sırf müsbət tərəflərini deyə bilirəm. Mənim öz xarakterim belədir. Bəlkə hər kəs belə düşünür və buna görə də mən ancaq yaxşı sözləri eşidirəm. Amma bu günə qədər irad, tənqid  eşitməmişəm. Bilmirəm bəlkə kimsə ürəyində fikirləşir, amma özümə deyən olmayıb”.

Aytən Əliyeva

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü