Modern.az

Gənc həkimlərə müjdə

Gənc həkimlərə müjdə

23 Oktyabr 2009, 16:18

Respublikanın bölgələrində yeni səhiyyə müəssisələrinin açılması, köhnələrin isə yenidən qurulması istiqamətində ciddi işlər aparlmaqdadır. Rayonlarda yeni tibb müəssisələriinin açılması yaxşı hal olsa da, həmin səhiyyə ocaqları üçün bəzi ixtisaslı kadrların çatışmaması bir o qədər xoşagəlməzdir. Modern.az-a məlum olub ki, Azərbaycan hökuməti bölgələrdəki tibbi kadr probleminin həlli üçün ilk dəfə yeni həvəsləndirici tədbirlərə hazırlaşır. Bu tədbirlər üçün ilk dəfə 2010-cu ilin Dövlət büdəsində 1 milyon manat əlavə vəsait nəzərdə tutulub.

Qeyd edək ki, sovet dövründə Tibb Universitetini bitirən məzunlar məcburi təyinatla həkimə ən çox ehtiyac olan rayonlara göndərilirdi. Amma Azərbaycan müstəqilliyini bərpa edəndən son illərədək məcbüri təyinat olmadığından bəzi ucqar kəndlərdə ixtisaslı həkimlərə ciddi ehtiyac duyulur. Bu səbəbdən də bölgə əhalisi bəzi hallarda hətta asan müalicə olunan xəstəliklərlə bağlı da rayon mərkəzlərinə, Bakıya üz tutmalı olur. Azərbaycanda həkimlərin sayı az deyil, sadəcə ixtisaslı kadrlar ucqar bölgələrdə işləməkdən boyun qaçırırlar. Rayonlarda tibbi kadrların çatışmazlığını Səhiyyə Nazirliyində də təsdiqləyirlər. Səhiyyə nazirin müavini Elsevər Ağayev hələ bir müddət öncə bölgələrdəki tibbi kadr probleminin aradan qaldırılması üçün Səhiyyə Nazirliyində xüsusi proqram hazırlandığını bildirmişdi. Əldə etdiyimiz məlumata görə, artıq hazır olan xüsusi proqramda kəndlərdə çalışan həkimlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün müxtəlif tədbirlər nəzərdə turulur. Səhiyyə Nazirliyinin məlumatına görə, 2006-cı ildə Tibb Universitetini bitirən məzunların 63, 2007-ci ildə isə 72, 2008-ci ildə isə 80 faizi təyinatla respublikanın rayonlarına işləməyə göndərilib. Amma nazirliyin sonradan apardığı araşdırmalar göstərib ki, təyinatla rayonlara göndərilən məzunların çoxu təyinat yerinə getməkdən yayınıb. Belə ki, kəndlərə göndərilən gənc həkimlər təyinat üzrə qısa müddət işlədikdən sonra rayon mərkəzlərinə, xüsusilə də Bakıya qayıtmağa başlayıblar. Halbuki paytaxtda tibb kadrlara ehtiyac yoxdur.

Modern.az xəbər verir ki, Səhiyyə Nazirliyininin kollegiya iclasında birində nazir Oqtay Şirəliyev Bakıdakı bəzi tibb müəssisələrinin rəhbərlərini təyinatla rayonlara göndərilən gənc həkimləri işə götürməkdə günahlandıraraq onlardan buna son qoymağı tələb edib. Nazir hətta məsələnin araşdırılacağına və belə hallara yol verən tibb müəssisələri rəhbərlərinin cəzalandırılacağına söz verib.

Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov isə bir müddət öncə təklif etmişdi ki, gənc həkimlərin rayonlarda qalıb işləmələr üçün stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir. Onun qənaətincə, bölgələrə işə göndərilən kadrlarda maddi maraq yaratmaq üçün onlara qalıb işləyəcəkləri rayonlarda yaxşı maaş, ev, kommunal xidmətlərlə bağlı güzəştlər verilməlidir.

Modern.az-a verilən məlumata görə, Səhiyyə Nazirliyinin hazırladığı xüsusi proqramda bu təkliflərin bəziləri yer alıb. Buna uyğun olaraq ilk dəfə olaraq 2010-cu ilin dövlət büdcəsində ölkənin kənd yerlərindəki səhiyyə müəssisələrinə tibbi kadrların cəlb olunması, həkim çatışmazlığının aradan qaldırılması məqsədilə əlavə xərclər nəzərdə tutulub. Həmin xərclər kənd rayonlarındakı səhiyyə müəssisələrində dövlət sifarişinə uyğun olaraq əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti davam etdirəcək gənc mütəxəssislər üçün müxtəlif yardımlara yənəldiləcək. Yəni belə gənc həkimlərə ilkin yaşayış şəraitinin yaradılması məqsədilə birdəfəlik yardım, yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və kommunal xidmətlərin ödənilməsi üzrə vəsait veriləcək. 2010-cu ilin Büdcə zərfində bunun üşün 1 milyon manatadək vəsait nəzərdə tutulub.

Adəm Qorxmaz

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI