Modern.az

Azərbaycanın qızıl ehtiyatı barədə ən son məlumat

Azərbaycanın qızıl ehtiyatı barədə ən son məlumat

22 Dekabr 2010, 15:14

Son illər ərzində Azərbaycanın mədən sənayesinin inkişafı nəticəsində ölkəmizin mineral ehtiyatlarının işlənməsindən əldə edilən strateji valyuta ehtiyatları artmaqdadır. Modern.az saytı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilmiş və saxlanılması üçün Azərbaycan Respublikası Mərkəzi Bankına təhvil verilmiş qızıl külçəsinin kütləsi barədə ən son məlumat əldə edib.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən saytımıza verilən məlumatda bildirilib ki, «Gədəbəy Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vecnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında» Azərbaycan Respublikası Hökuməti ilə «R.V. İnvestment Group Servijes, LLJ USA» arasında imzalanmış Sazişin icrası olaraq Azərbaycan Beynəlxalq Mədən Əməliyyatı Şirkəti Gədəbəy qızıl-mis yataqlarında 2006-cı ilin fevral ayında başlayaraq geoloji-kəşfiyyat işləri aparıb və 2009-cu ilin aprel ayında Gədəbəy yatağının istismar edilməsinə başlanılıb.

«Saziş»in 12.2-ci maddəsinə uyğun olaraq Əmtəəlik məhsulu emal etmək məqsədilə saflaşdırma zavodu seçərək müqavilə bağlanıb. Bu, İsveçrənin Cenevrə şəhərində yerləşən yüksək nüfuza malik saflaşdırma zavodu kimi tanınan və London Qiymətli Metallar Bazarı Assosiasiyasının üzvü olan «MKS FİNANJE S.A.» Şirkətidir.

İsveçrənin «MKS FİNANJE S.A.» Şirkəti tərəfindən saflaşdırılmış Azərbaycan Respublikası Hökumətinə məxsus mənfəət payı olan yüksək əyarlı 3199,812 unsiya (99,5 kq) 8 ədəd qızıl külçə 2010-cu il 24 may tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilmiş və saxlanılması üçün Azərbaycan Respublikası Mərkəzi Bankına təhvil verilib.

Maliyyə Nazirliyindən saytımıza bildirilib ki, bu ilin sonuna qədər Azərbaycan Respublikası Hökumətinə məxsus mənfəət payı olan yüksək əyarlı 5662,170 unsiya (176,1 kq) 14 ədəd qızıl külçənin respublikaya gətirilməsi təmin ediləcək.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?