Modern.az

Tanınmış simalar «Cavidnamə»nin təqdimatına yığışacaq

Tanınmış simalar «Cavidnamə»nin təqdimatına yığışacaq

22 Dekabr 2010, 13:53

Dekabrın 24-də Hüseyn Cavid mükafatı laureatı, fəlsəfə doktoru Azər Turanın yenicə çapdan çıxmış «Cavidnamə» kitabının təqdimat mərasimi keçiriləcək. Kitabda Hüseyn Cavidin ömür yolu, xüsusən onun İstanbul dövrü sistemli şəkildə tədqiq olunur, eləcə də yaradıcılığının ədəbi-fəlsəfi, tarixi, məfkurəvi, irfani,  dini və elmi qaynaqları araşdırılır.

«Cavidnamə»nin elmi redaktorları akademiklər Bəkir Nəbiyev, İsa Həbibbəyli və Türkiyənin Ege Universitetinin professoru Yavuz Akpınar, elmi məsləhətçisi millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayevadır.

XX yüzilin sonlarından etibarən, ümumiyyətlə, bütün dünyada ictimai-siyasi-mənəvi dəyərlər dəyişildi. Dəyişən, yeniləşən, başqalaşan, daha geniş anlamda isə qloballaşan dünya ədəbi faktlara da çağdaş elmi müstəvidən baxılmasını tələb edir. Hüseyn Cavidin bioqrafiyasına və yaradıcılığının müxtəlif məsələlərinə də təkrar nəzər salmaq bu baxımdan istisna deyil.

Hüseyn Cavid irsinin qaynaqlarını geniş ölçüdə ilk dəfə tədqiqata cəlb edən müəllif dahi sənətkarın irsini əxlaqının da, düşüncələrinin də ehtiva olunduğu Vətən triadasının - türkləşmək, islamlaşmaq, çağdaşlaşmaq düsturunun fonunda araşdırır. Müəllifin fikrinə görə, Hüseyn Cavidi mənsub olduğu məfkurə sistemindən təcrid etmək, yaradıcılığını yalnız bədii-estetik yönlərinə istinadən araşdırmaq dahi sənətkarın ədəbi şəxsiyyətinin hüdudlarını məhdudlaşdırır. Ona görə də Hüseyn Cavidin yaradıcılığını tədqiqata cəlb edərkən, XIX yuzilin sonu, XX əsrin əvvəllərində təkcə Azərbaycanda deyil, eyni zamanda, Türkiyədə baş verən ədəbi-məfkurəvi prosesləri nəzərə almaq zəruridir.

«Cavidnamə»də Cavid yaradıcılığının və şəxsiyyətinin milli-siyasi mahiyyəti ilk dəfə yeni istiqamətdən təhlil edilir.   

Yeni elmi-tarixi faktların zənginliyi ilə diqqəti cəlb edən kitab canlı ünsiyyətdən yaranan yaddaş materialları ilə də zəngindir. Azər Turan Cavidin bioqrafiyasını dahi sənətkarın son yadigarı Turan Cavidin bugünəcən oxucuya məlum olmayan xatirə söhbətlərinin işığında təqdim edir.

Kitabda Mişkinaz, Ərtoğrol və Turan Cavidlər, Cavidin qardaşı Şeyx Məhəmməd, qardaşı oğlu Tahir Rasizadə haqqında da ayrıca bölmələr var.

Xatırldadaq ki, «Cavidnamə» Azər Turanın cavidşünaslıq sahəsində nəşr etdirdiyi ilk kitab deyil. Bundan əvvəl  müəllifin «Hüsni-xuda şairi», «Əbədi Turan», «Cavid əfəndi», «Hüseyn Cavid», «Turan Cavidin son söhbəti, son yaşantıları, son günü», «Tahir Rasizadə» kitabları çap olunmuşdur. Ərtoğrol Cavidin bütün əsərlərini, Mişkinaz Cavidin «Cavid haqqında xatirimdə qalanlar» memuarını da ilk dəfə Azər Turan hazırlayıb nəşr etdirmiş, onun ssenarisi ilə Caviddən bəhs edən «Səma şairi» sənədli filmi çəkilmişdir.  

Təqdimat mərasimində ölkənin tanınmış ictimai-siyasi xadimləri, millət vəkilləri, ziyalılar, KİV nümayəndələri iştirak edəcək.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir