Modern.az

Sabirabadlı jurnalistlər: “Sabirabadın abad olmasına hələ çox var”

Sabirabadlı jurnalistlər: “Sabirabadın abad olmasına hələ çox var”

Ölkə

23 Dekabr 2010, 08:20

Media nümayəndələri deyirlər ki, rayondakı ərzaq mağazalarının qalın nisyə dəftərləri var


Modern.az
saytı artıq altıncı həftədir ki, “Doğulduğu bölgələr jurnalistlərin gözü ilə” projesini davam etdirir. Qazax, İsmayıllı, Lənkəran, Saatlı, Cəlilabad rayonlarından sonra Sabirabad rayonundan olan jurnalistlər ordakı iqtisadi vəziyyət, inkişaf və problemlər, əhalinin məşğuliyyəti və s. barədə bizə danışdılar.

İlk müsahibimiz “Səs” qəzetinin şöbə müdiri Rəfiqə Kamilqızı bildirib ki, bu gün Sabirabad rayonun iqtisadi vəziyəti əvvəlki dövrlərlə müqayisədə yaxşıdır.
“Rayonda keçirilən sorğularda da bunun bir daha şahidi olursan. Sabirabadda müəyyən sosial obyektlərin açılması, əhalinin müəyyən hissəsinin - işsizlərin - işlə təmin edilməsi göz qabağındadır. Yəni rayonda inkişaf proqramları həyata keçirilir. Rayonun özündə də müəyyən abadlıq işləri görülür. Eyni zamanda Kür-Araz çayının daşqını zamanı müəyyən kəndlərdə uçqunlar oldu, əhalinin evləri dağıldı. Buna da dövlət tərəfindən yüksək qayğı ilə yanaşıldı. Prezident özü də birbaşa bu işlərin həyata keçirilməsinə nəzarət elədi, özü orda oldu. Nəticələrini özüm rayona gedəndə də görürəm, həm də ordakı qohumlardan da bu prosesin içində olanlar var. Daşqından əziyət çəkən insanlara yüksək qayğıyla yanaşırlar. Neçə illər əziyət çəkib, elə bir ev tikə bilmədikləri halda, bu gün onlara hər şəraiti olan evlər verilir. Bəzi problemlər də var, sözsüz ki, demək olmaz problemsiz yaşamaq yoxdur, çətinliklər həmişə var. Rayonda quruculuq işlərini nəzərə alanda görürsən ki, əhalinin narazılığı əvvəlki illərlə müqayisədə çox aşağıdadır, həm də yaşayış tərzi yaxşılaşıb”.

R.Kamilqızı qeyd edib ki, son illər Sabirabadda qaz, işıq və yol problemləri öz həllini tapır. “Özüm tez-tez orda oluram, beş ilə əvvəl rayonun müəyyən kəndləri vardı ki, orda qaz, işıq problemləri yaşanırdı. 2010-cı ili əvvəlki illərlə müqayisə edərkən görürsən ki, rayonun 70 faizi qazla təmin olunub. Sözsüz ki, dövlət proqramı var və 2015-ci ilə kimi bütün kəndlər qazla təmin olunacaq.  Az sayda kəndlərə qaz xətti çəkilməyib. İşıq fasilələrlə olsa da, verilir. Problem var, ancaq əvvəlki illərlə müqayisədə Sabirabadda bu gün inkişaf müşahidə olunur. Daşqınlar zamanı kəndlərə gedən  bir sıra yollar yararsız  halda idi, getmək mümkün olmurdu. Bu gün bəzi kəndlərin yolları təmir edilir, bəziləri isə yenidən çəkilir”.

Həmkarımız onu da vurğulayıb ki, başqa rayonlarla müqayisədə Sabirabadda təhsilin səviyəsi yaxşıdır.
“Nazirlik özü də təhsil sahəsində müsabiqələr keçirir. Rayonda elə yüksək səviyyəli gənclər var, müsabiqələrdə iştirak edir, yarışlara gedir. Əvvəlki illərlə müqayisədə Sabirabada təhsilə maraq artıb. Əvvəllər tanıdığım elə kəndlər var idi ki, orda qızların çoxu oxumaq istəmirdi. Amma bu gün orda gənclərin  yarıdan çoxu, 60-70 faizi - ali savadlıdır və yaxşı yerlərdən səsləri gəlir. Müəyyən yerlərdə özlərini tapa bilirlər”.

Rəfiqə Kamilqızı rayonun icra başçısı ilə əhali arasındakı münasibətləri belə qiymətləndirib. “İcra Hakimiyyətindəki görüşlərdə olmamışam. Mənim tələbə yoldaşım, qohumlarım ordadır. Rayon İcra Hakimiyyətinin hər həftə qəbul günləri var. Bir dəfə təsadüfən həmin qəbul gününu özüm də görmüşəm. İcra başçısı qəbulda özü iştirak edir və çalışır ki, əhali ilə əlaqəli şəkildə olsun. Ola bilər bəzi adamlar problemi həll olmayanda, narazılıq edir, ancaq icra başçısı iş adamı olduğu üçün zəhmətkeş insanları qəbul eləməyə marağı var”.

“Həftə içi” qəzetinin əməkdaşı Pərvin İsmayılova bildirib ki, Sabirabad rayonunun torpaqları bollu-bərəkətlidir. “Torpaqları çox bollu-bərəkətli olan Sabirabad Aran bölgəsində yeganə rayondur ki, orda ilin dörd fəslində əkin sahələri olur. Bir gəncin işə başlaması, onun inkişafı üçün Sabirabad torpağı çox önəmli torpaqdır”.
P.İsmayılova qeyd edib ki, hazırda Sabirabada qaz, işıq, su problemi yoxdur. “Əvvəllər, hardasa 3-4 il bundan əvvəl həmin problemlər mövcud idi. Artıq qaz və işığa sayğac qoyulub, sayğaclara uyğun olaraq ödənişlər həyata keçirildiyindən heç bir problem yaranmır. Rayonda nəqliyyat sahəsində də problem yoxdur. Bir neçə avtobus marşrutu var və ucuz qiymətə taksilər də fəaliyyət göstərir. Yollar normaldır. Sadəcə müəyyən yollar var ki - rayonun daxili yolları- orda bir qədər problemlər mövcuddur”.

Pərvin xanım  Sabirabad rayonunda təhsilin səviyyəsinin də normal olduğunu deyib. “Azərbaycanda Sabirabaddan olan tanınmış ziyalılar var ki, onlar bu rayonda təhsil alıblar. Eyni zamanda, jurnalistika sahəsindən iki tanınmış imza - Ağanisə Sultanova və Pərvanə Sultanova məhz Sabirabad torpağının yetirməsidir”-deyə Pərvin İsmayılova qeyd edib.  

Pərvin İsmayılova rayon əhalisi ilə icra başçısı arasında heç bir problemin olmadığını qeyd edib. “Hər həftənin bir günü rayon İcra Hakimiyətində qəbul günüdür.  Həftənin birinci günü saat 9.00  və ya 10.00-dan günün ikinci yarısına qədər icra başçısı əhali ilə görüşlər keçirilir. Hətta icra başçısı özü əhalini qəbul edir, onların problemi ilə maraqlanır. Hazırda rayonda icra başçısı Heydər Abbasovdur. O, gələndən sonra rayonda həm quruculuq, abadlıq işləri aparılır, eyni zamanda əhalinin problemləri ilə daha yaxından maraqlanırlar”.

“525”-ci qəzetin əməkdaşı Pərvanə Sultanova isə əvvəlki iki həmyerlisindən fərqli olaraq Sabirabadda problemlərin daha çox olduğunu vurğulayıb. Bildirib ki, bu gün Azərbaycanın bütün rayonları demək olar eyni problemləri yaşayır.
“Amma mən deyərdim ki, problemlərin həddən artıq çox olmasına, sosial-iqtisadi durumun ağırlığına, işsizliyin səviyyəsinə görə Sabirabad digər rayonlar arasında «liderdir». Rayon sanki gözdən, könüldən uzaq, unudulmuş bir məkanı xatırladır. Sovet dönəmində Sabirabad ən varlı rayonlardan biri olub və Sabirabadı “çörəkli rayon” adandırıblar. Hətta rayon ağsaqqalları deyirlər ki, bu səbəbdən də Sabirabadda katib, prokuror, polis rəisi və digər vəzifələrdə işləmək istəyənlərin sayı həddən artıq çox olub. Sovet dövründə rayonda iki növbəli işləyən beton zavod, trestlər, “Sokzavod”, pambıq zavodu və digər müəsissələr fəaliyyət göstərib. “Sokzavod”un məhsulları o qədər keyfiyyətli olub ki, digər postsovet ölkələrinə də ixrac olunurdu və bu məhsullara təlabat böyük idi. Rayonda nəinki işsiz var idi, hətta insanlar iki növbəli işləyərək ailələrini normal təmin edirdilər”.

Pərvanə Sultanovanın sözlərinə görə, bu gün rayonda bir müəsisə, zavad, fabrik belə yoxdur. “Kişilər səhər çayxanaya, yaxud da bazara üz tuturlar. Əhalinin maddi vəziyyəti pis olduğundan bazarlarda alıcılıq qabiliyyəti də aşağı düşüb. Sosial yardım alan aztəminatlı ailələrin ödəmə kartı müvafiq strukturda qalır və onlar ümumi yardımın altı ayını özlərinə götürür, digər altı ayını isə həmin ailəyə verirlər”.

P.Sultanova qeyd edib ki, Kür daşqınları əhalinin vəziyyətini daha da ağırlaşdırıb. “Düzdür, dövlət başçısı rayona sosial-iqtisadi tədbirlərlə bağlı əlavə vəsaitin ayrılması barədə sərəncam verib. Daşqınlar zamanı ziyan çəkmiş evlər yenidən daha müasir və standartlara uyğun şəkildə tikilərək insanların istifadəsinə verilib. Problemlər olması görünür ondan qaynaqlanır ki, rayonda məsul şəxslər ayrılan vəsaiti düzgün istiqamətləndirmirlər”.

Həmkarımız onu da vurğulayıb ki, rayonun yolları çox pis vəziyyətdədir. “İcra Hakimiyyətinin ətrafını çıxmaq şərti ilə Sabirabadın yolları o qədər bərbaddır ki, bunu sözlə ifadə etmək belə çətindir. Hətta Şirvandan olan sürücülər «maşınlarının içi töküləcək»deyə Sabirabada maşın sürməkdən imtina edirlər. Bir az yağış yağan kimi rayonda palçıq dizə çıxır”.

Pərvanə Sultanova rayonda olan qaz, işıq, təhsil, səhiyyə problemlərindən də danışıb. “Rayonda icra strukturları, təhsil və səhiyyə qurumlarından başqa iş yerləri demək olar, mövcud deyil. Əhali qaz problemi də yaşayır. Təsəvvür edin, soyuqda onsuz da şam kimi yanan qazı istədikləri vaxt kəsirlər və gün ərzində, yaxud da saatlarla qaz verilmir. Səbəbi ilə maraqlananda isə deyirlər ki, təmir işi aparılır. Maraqlı sual yaranır, məgər təmir işini vaxtında aparmaq olmaz? Pensiya ümidinə yaşayan insanlar aldıqları pulu işıq, qaz borcunu ödəməyə sərf edirlər. Demək olar ki, hər ailənin ərzaq mağazalarında borc siyahısı var.
Rayonda təhsilin, səhiyyənin səviyyəsi çox aşağıdır. Əgər Sabirabadda həkimə müraciət edirsənsə, yüngül xəstəlikdən əziyyət çəksən belə, səni elə günə qoyacaqlar ki, daha heç yerdə dərmanın tapılmayacaq”. 

P.Sultanova sonda onu qeyd edib ki, Sabirabad rayon İcra Hakimiyyəti əhalinin problemləri ilə maraqlanmır. “İcra Hakimiyyəti ilə əhali arsında  münasibətlər yaxşı səviyyədə olsaydı, o zaman problemlər də aşıb-daşmazdı. Mən bir dəfə də eşitməmişəm ki, İcra Hakimiyyətinin başçısı, yaxud müavini əhali ilə məhəlli görüşlər keçirsin, onların problemlərini dinləsin, təkliflərini nəzərə alsın. Hər halda düşünürəm ki, rayonda bu qədər problemlərin olması məhz yerli rəhbər qurumların işlərinə məsuliyyətsiz yanaşmalarından irəli gəlir”.

“Azadlıq” radiosunun müxbiri Maarif Çingizoğlu ilkin olaraq Sabirabad rayonundakı mövcud problemlərdən danışıb.
“Mən rayonun özündə yox, kəndində anadan olmuşam. Bir il öncə hər şənbə-bazar Sabirabada gedirdim. Amma indi bir az gec-gec gedirəm. Bakı-Astara yolundan dönəndən sonra rayona gedən yol bir neçə il əvvəl yaxşı idi, indi həmin yol çox bərbad vəziyyətdədir. Adamların həmin yolun çəkilməsi ilə bağlı şikayətinə baxan yoxdur. Bundan başqa, rayonun işıq problemi var. Qonşu kəndlərdən mənə tez-tez zəng edirlər ki, işıqları yanmır. Müraciət edirsən elektrik şəbəkəsinə, bir müddət sonra elektrik enerjisini verirlər. Onlar da işıqların belə tez-tez kəsilməsini onunla əsaslandırılar ki, rayon əhalisinin borcları var. İnsanlar bildirirlər ki, iş yoxdu, ancaq təqaüd hesabına dolanırlar. Əvvəl müəyyən təsərrüfat sahələri var idisə, indi o da yoxdur. Bunu da onunla əsaslandırırlar ki, bu ilin mayında Kür daşqınları zamanı Sabirabadın 60-70 faiz kəndləri, əkin sahələri su altında qaldı. İnsanlar gözlədilər ki, bəlkə hökümət bu əkin sahələrinin yenidən becərilməsi üçün pul ayırar, amma o da olmadı. Sabirabad rayonunun daşqına məruz qalmış kəndlərindən ayda iki-üç dəfə 150-200-ə yaxın insan Bakıya gəlir ki, onlara kompensasiya verilmir, yaşaya bilmirlər, su altında qalan yerlər qurusa da, onları yenidən bərpa etməyə sakinlərin əlində vəsait yoxdur.
Sabirabadın yolları ümumiyyətlə yaxşı deyil. Rayona gedən yolların bir çoxu sovet dövründən asfatlanmış yollar idi, daşqınlardan sonra tamamilə dağıdıldı. Həmin yollara yamaq vurulsa da, sonradan yarasız hala düşür”.

M.Çingizoğu qeyd edib ki, rayondan adamların tez-tez Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Fövqəladə Hallar Nazirliyinə şikayətə gəlməsi ona deməyə əsas verir ki, sakinlərin rayon İcra Hakimiyyəti ilə münasibətləri, onların problemlərinə yanaşması o qədər də yerində deyil.
“Əgər bu münasibətlər normal olsaydı, insanlar 200 km məsafəni qət edərək, Bakıya gəlib Prezident Administrasiyasına müraciət etməzdilər, rayonda icra başçısı ilə problemləri həll edərdilər”.

Maarif bəy qeyd edir ki, rayon əhalisi, qohumları ilə əlaqə saxlayanda onlar şikayət edirlər ki,   həyətlərində olan bir neçə baş mal-qaranı daşqınlardan sonra satıb hökümətdən kompensasiya veriləcəyi ümidilə pulunu xərcləyiblər.

“Rayonda, kəndlərdə vəziyətin necə olduğunu bilmək üçün bir neçə kəndə gedib, gecələr nə qədər evdə işığın yandığını saymaq olar. Adamlardan soruşmaq olar ki, əvvəllər 200 evin olduğu, 200 ailənin yaşadığı kənddə indi neçə ailə qalıb? Çoxusu Bakıda tikintidə işləməyə gəlir.

Yerli icra sturukturları bu problemlə bağlı deyə bilər ki, orada fəlakət olub, ona görə bu qədər problem var. Amma may ayının 7-də ilk dəfə Kür daşıb, bəndi yarıb, ərazini su basıb. Həmin vaxtdan nə qədər müddət keçib, bu zaman çərçivəsində nə qədər problemi həll etmək olardı, ən azından torpaqların yenidən becərilməsi üçün vəsait ayrıla bilərdi”.

Maarif  Çingizoğlu onu da vurğulayıb ki, işsizlik nəticəsində insanlar çörəyi belə, borca alır. “Bir jurnalist kimi yox, adi vətəndaş kimi Sabirabad rayonunun mağazalarına gedib görmək olar ki, insanların nisyə dəftərlərində nə qədər borcları var. Əvvəllər əhali hansısa əşyanı nisyə götürürdüsə, indi Bakıya gələn sabirabadlılar deyir ki, hətta çörəyə belə borcları var. Artıq mağaza çörəyi nisyə vermir. Hər hansı dostumu, tanışımı Bakıdan gedənda istəyirəm aparım rayonumuza, amma hara aparım? Palçıqlı yollaramı və ya fasilərlə işıq verilən kəndəmi?”.

Marif bəy bildirib ki, ərazisini su basmayanlar əkinçilik və heyvandarlıqla və son vaxtlar da su basan yerlərdə qalmış gölməçələrdən balıq tutmaqla dolanır. “ İşsizlik baş alıb gedir. Son dövrlər televiziyada prezidentin bəzi müəssisələrin açılışına getməsini də göstərirlər, Şifer zavodu, Plastik dəmir örtüklərlə bağlı zavod açıldığını deyiblər. Tutaq ki, orada işləsin 200 nəfər, amma bu hələ işsizlik problemini tam həll etmir.
Rayonun bir çox kəndlərinə qaz çəkilmir. On il əvvəl qaz xətləri çəkilmişdi, o da bir-iki il işlədi, sonra dayandırıldı. İnsanlar gözlədilər ki, bəlkə yenidən bərpa olunsun. Olmadı və onlar da boruları kəsib götürdülər”.

M.Çingizoğlu Sabirabadda təhsilin də bərbad vəziyyətdə olduğunu qeyd edib. “İnsanların normal yaşaya bilmədiyi, normal iş yerinin olmadığı yerdə məncə yüksək təhsildən də danışmağa dəyməz. Çünki təhsillə də bağlı mənim özümə belə, tez-tez şikayət edirlər ki, məktəbin işığı yoxdu, sinif otaqları soyuq olur, şagirdləri evə tez buraxırlar. Bəlkə təhsilin səviyyəsi insanların uşaqlarını oxutdurmaq marağından bir az da olsa, yaxşıdır. Amma yenə deyirəm, iqtisadi vəziyyət yaxşı olmayan yerdə təhsil də yaxşı olmur. Çünki insanlar daha çox dolanışıq haqqında fikirləşir. Rayona gedəndə görürəm ki, yol kənarlarında məktəbli şagirdlər heyvan otarırlar. Bəlkə rayon mərkəzində təhsil yaxşıdır, amma kəndlərdə bir o qədər də yox, yəni Bakı məktəblərindəki şəraitlə, təhsilin səviyyəsi ilə müqayisə olunacaq dərəcədə deyil. Məktəbi bitirdiyim ildə - 1987-ci ildə mənimlə birlikdə bir neçə nəfər ali təhsil müəssisələrinə daxil olmuşdu. Amma Bakıya gələndən sonra eşitmirəm ki, kimsə Sabirabaddan ali məktəbə qəbul olub. Texnikuma qəbul olanlar çoxdur, bəlkə də bir-iki nəfər universitetə qəbul olub, amma əvvəlki illərlə müqayisə olunacaq dərəcədə deyil. Bizim məktəbdə işləyən müəllimlər öz orta məktəbimizi qurtaranlardır. Kəndimizdə olan həkimlərimiz, mühəndislər bizim məktəbin məzunlarıdır. Amma indi bu müşahidə olunmur”.

Həmkarızmız Sabirabadın səhiyyə sistemindən də danışıb. “Bizim kəndimizdə xəstəxana yoxdur, amma qonşu kənddə ambulator məntəqə var. Kəndimizin əhalisi səhiyyə ilə bağlı problemlərlə bağlı Salyana yaxın olduqları üçün ordakı xəstəxanalara gedirlər və ya Bakıya gəlirlər. 2001-ci ilə qədər bizim kənddə aptek var idi, amma sonradan orda dərman satılmadığına görə həmin aptek bağlanıldı. Dərman almaq üçün qonşu kəndə gedib ordan alırlar. Kəndimiz Kürdən bəlkə 1 km uzaq olar və daşqınlardan sonra orada da ciddi problemlər yaranmışdı. Subasma durandan sonra malariya xəstəliyi yayılmağa başlamışdı. Qardaşım həkim olduğu üçün öz vəsaiti hesabına qohumaları müalicə elədi. Amma bununla bağlı sel basmış kəndlərdə elə ciddi işlər görülmədi.
Ümumiyyətlə, Azərbaycanda kəndləri insanların öhdəliyinə veriblər. Normal bələdiyyə yoxdur ki, kəndin problemlərini həll etsin. Bu gün Azərbaycan kəndləri Avropa kəndlərindən xeyli arxadadır. Hələ bundan sonra 50-60, bəlkə də 100 il lazımdır ki, Avropanın ən ucqar kəndlərinə çatsın”.

“Bizim soy” qəzetinin baş redaktoru Razi Abbasbəyli bildirib ki, bütövlükdə Azərbaycanın rayonlarında olduğu kimi Sabirabad da iqtisadi və sosial problemlərdən əziyət çəkən bir bölgədir.
“Özüm Sabirabad rayonun Cavad kəndində anadan olmuşam. Bu rayonun spesifik olaraq fərqli problemləri də mövcuddur. Rayonlarda olan qaz, işıq, su infrasturktur çətinlikləri Sabirabadda da var. Ancaq rayonda son dövrlər ən sıx yaşanan problem elektrik enerjisinin təchizatı ilə bağlıdır. Bu gün Azərbaycanın digər rayonları ilə müqayisədə Sabirabadda elekrtrik enerjisinin verilməsi məsələsi illərdir problem olaraq qalır. Hətta bu dövlət qurumları arasında mübahisəli məsələyə çevrilib. İllərdir rayonun digər rayonlardan elektrik enerjisi alması, hətta Şirvan elektrik stansiyasından aldığı elektrik enerjisinə görə ödəməli olduğu borc məsələsini dəfələrlə dəyişən icra başçıları və işıq idarəsinin rəhbərləri həll edə bilmirlər”.
 
R,Abbasbəyli qeyd edib ki, Sabirabad rayonunun ərazisindən Kür və Araz çayları keçir. Rayonun digər ən ciddi problemi çayın sol sahilindəki kəndlərlə rayon mərkəzi arasında əlaqənin, yolun mövcud olmamasıdır.
”Kürün Sabirabad rayonu ərazisindən keçən hissəsində 70-ci illərin sonlarında  təxminən 30 km uzunluğunda bir körpü inşa edilib. Ondan başqa rayon mərkəzini digər kəndlərlə əlaqələndirən körpü, yol qovşağı mövcud deyil. Cavad, Əlicanlı, Həsənalı, Zəngənə, Yolçubəyli, Həsənli və daha adını çəkmədiyim onlarla kənd var ki, rayon mərkəzi ilə aralarındakı sədd yalnız Kür çayıdır. Lakin bu illər ərzində o səddi keçmək üçün hər hansı bir körpü, yol qovşağı inşa edilməyib. İnsanlar kustar üsullarla hazırladıqları dəmir parçalarını Kürün üzərinə qoyublar və ondan körpü kimi istifadə edirlər. Bu da hər an yüzlərlə insanın həyatı üçün təhlükə mənbəyidir. Bununla bağlı rayon əhalisi arasında şəxsən mən təşəbbüslə çıxış etmişəm. Bu ilin iyul ayında təxminən 7 minə yaxın imza toplayaraq əhalinin müraciətini dövlət başçısına və əlaqədar qurumlara çatdırmışıq. Təəssüf ki, hələ bu problemin həll edilməsi istiqamətində hansısa bir iş görülmür”.

Jurnalist qeyd edib ki, ötən ilin mart, may aylarında Sabirabadda Kür və Araz çaylarının daşması və sel fəlakəti ilə bağlı hökümət müxtəlif qabaqlayıcı tədbirlər görməyə başlayıb, amma bu görülən tədbirlər çox effektsiz və dövlət vəsaitlərinin talan edilməsinə hesablanmış bir addımdır.

“Orada Kür və Araz çaylarının sağ və sol sahillərində bəndlərin bərkidilməsi həyata keçirilir. Kür və Araz çayları sahillərindəki mühafizə bəndlərini ətrafda olan meşə zolaqlarının münbit torpaqları hesabına bərkidirlər. Bu həm həmin meşə torpaqlarının sıradan çıxması, həm o daşqın-sel fəlakətləri zamanı suyun axınının qarşısını alan landşaftın məhv edilməsi, həm də sel və daşqınlara davamsız olan mühafizə bəndlərinin salınması ilə nəticələnir. Bunu mütəxəssislər, eyni zamanda orada yaşayan insanlar da deyirlər ki, bəndlər növbəti mərhələdə rayonun bu probleminin qarşısını almasına yardım etməyəcək”.

R.Abbasbəyli rayonun səhiyyə sahəsində olan problemlərindən də danışıb: “Sabirabad rayonunda ən ciddi problem səhiyyə problemidir. Səhiyyə ocaqları rayonda olduqca azdır. Rayonun Mərkəzi Xəstəxanası olduqca acınacaqlı vəziyyətdədir. Son 20 ildə demək olar ki, təmir edilməyib. Kürün sol sahilində yerləşən kəndlərdəki bir sıra səhiyyə məntəqələri - kiçik xəstəxanalar, tibb müəssisələri son üç il ərzində bağlanıb. Doğum evi fatiki olaraq fəaliyyətsiz haldadır. Yalnız son iki ildə tikilən bir Diaqnostika mərkəzi var ki, əhaliyə səhiyyə sahəsində azda olsa, xidmət göstərə bilir”.

Razı Abbasbəyli vurğulayıb ki, rayonun nəqliyyat sahəsində də problemləri mövcuddur.
“Ucqar kəndlərlə demək olar ki, əlaqə yoxdur. Şəhərdaxili marşrutlar iflic vəziyyətindədir. Sabirabadla  Bakı arasında kütləvi sərnişindaşıma nəqliyyatının vəziyyəti çox acınacaqlıdır. 170 minlik əhalisi olan rayonda cəmi 70 kvadrat metrdən ibarət avtovağzal mövcuddur, 4 kiçik mikroavtobus Bakı və Sabirabad arasında insanların daşınmasını həyata keçirir. Bu ciddi problemdir”.

R.Abasbəyli bildirib ki, təhsil sahəsində rüşvət və korrupsiya kök atıb. “Sabirabadda təhsil sahəsində rüşvət və korrupsiya kök atıb. Bunun bariz nümunəsi kimi son üç il ərzində Sabirabad rayonunun Təhsil şöbəsinin rəhbəri vəzifəsində dörd dəfə dəyişiklik baş verib. Rayondan bir ay əvvəl bizə məlumat daxil olub ki, məktəb müəlimlərinin hər birindən 80 manat sinifpulu toplayıblar və bu açıq şəkildə həyata keçirilib. Bununla bağlı rayonda kütləvi narazılıqlar var idi, amma nə Təhsil Nazirliyi, nə də digər əlaqədar qurumlar bir fəaliyyət göstərmədilər. Bir il əvvəl Sabirabad rayonunda 2 saylı N.Nərimanov adına Litsey-məktəb yaradılıb. Litsey-məktəb qəbul élan edib, amma orada təhsil sovet dövründən qalmış orta məktəb mexanizmindən heç nəyi ilə fərqlənmir. Sadəcə olaraq, ortada prestij məsələsi var və kimsə pul verirsə, onun uşağını o litseyə şagird kimi qəbul edirlər. Yeni texnologiyalar, intellektual sistemin yüksəldilməsi istiqamətində hər hansı bir işin görülməsi haqda heç nə demək olmaz. 2010-cu ildə  Sabirabad rayonundan ali məktəblərə qəbul olan tələbələrin sayı, məsələn, 2008-ci ilin nəticələri ilə müqayisədə 90 nəfər azdır. Bu bir daha onu göstərir ki, bütün ölkədə olduğu kimi, Sabirabadda da təhsilin səviyyəsi durmadan aşağı düşür”.

R.Abasbəyli deyr ki, rayonda işsizlik problemi mövcudur. “Rayonda 2008-ci ildə “Qafqaz” konserv zavodu inşa edilmişdi. Həta cənab prezident də bu müəssisənin açılışında iştirak elədi, amma üç ay sonra Konserv zavodu fəaliyyətini dayandırdı.  Qeyd edə bilərəm ki, bu zavodda 300-ə yaxın insan aylarla işlədi, amma bu gün həmin insanlar əmək haqlarını ala bilmirlər. Ümumiyyətlə, çoxlu insanların işləməsi üçün bir böyük iş yeri açılmışdı, o da fəaliyyətini dayandırdı”.  

“Amma bununla yanaşı Sabirabad rayonunun mərkəz hissələrində, yollarda, parklarda, səkilərdə ciddi şəkildə abadlıq işləri həyata keçirilir. Bu proses bu gün də davam edir. Bu yaxınlarda Vidadi küçəsində də, Heydər Əliyev prospektində də ciddi təmir-tikinti işləri həyata keçirilir. Bunu da alqışlamaq lazımdır. Bu da icra strukturlarının görməli olduğu və gördüyü müsbət işlərdən biridir. Bu baxımdan rayonumuzda abadlaşdırma, parkların salınması, yolların  və yol kənarındakı səkilərin inşa edilməsi istiqamətində ciddi işlər nəzərə çarpır”-deyə R.Abbasbəyli əlavə edib.  

Jurnalist onu da vurğulayıb ki, Sabirabad rayonunun İcra Hakimiyyəti əhalinin problemləri ilə maraqlanır və ya maraqlanmır ifadəsini işlətmək düzgün olmazdı.
“Üç gün bundan əvvəl Sabirabadın Qasımbəyli, Muradbəyli, Muranlı, Ulacalı kəndlərindən təxminən 300-ə yaxın insan Fövqəladə Hallar Nazirliyinin qarşısında aksiya keçirdilər. Aksiyada iştirak edən insanlar dinc məqsəd üçün gəlmişdilər və onlar xahiş edirdilər ki, may ayında sel nəticəsində evləri qəzalı vəziyətə düşdüyünə görə dövlət tərəfindən kompensasiya ödənilməyib.  Təklif edirdilər ki, Fövqəladə Hallar Nazirliyində bir komissiya yaradılsın, gəlsin onların evinə yenidən baxış keçirsin və bu insanların problemlərini yerində araşdırıb bir qərar versin.
Narazı sakinlər yerli İcra Hakimiyyətindəki Fövqəladə hallar komissiyasının sədri Vəfadar Baharova müraciət edirlər. Amma Vəfadar Baharov dəfələrlə müraciət edilməsinə baxmayaraq, heç bir müraciətə əhəmiyyət vermir və müxtəlif təbəqədən olan insanlar məcbur olub, min-bir  əziyyətlə yol xərci çəkib, uzun yol qət edib Bakı şəhərinə gəlirlər. Əlbəttə, rayon İcra Hakimiyyəti yerlərdə bu problemi yoluna qoya bilsəydi, bu insanlar böyük əziyyətlə uzun yol qət edib Fövqəladə Hallar Nazirliyinin qarşısında aksiya keçirməzdilər. Müəyyən  hallarda olur ki, İcra Hakimiyyəti vətəndaşları qəbul edir, problemlərini araşdırır, onların həllində müəyyən işlər görürlər. Amma bu işlər  əhalini razı salacaq səviyyədə edilmir”.

Aytən Əliyeva

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü