Modern.az

Deputat Sahibə Qafarova: "Hərə öz dininə uyğun geyimlə məktəbə gəlsə, onda necə olar?"

Deputat Sahibə Qafarova: "Hərə öz dininə uyğun geyimlə məktəbə gəlsə, onda necə olar?"

23 Dekabr 2010, 13:40

Milli Məclisin deputatı, Bakı Slavyan Universitetinin prorektoru Sahibə Qafarova son zamanlar cəmiyyətin aktiv müzakirə etdiyi bir mövzuya – şagirdlərin hicabla dərsə gəlmələrinə qoyulan qadağaya münasibət bildirib. Hakim YAP-ın internet saytına müsahibəsində deputat deyib ki, Azərbaycanda dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır.
”"Təhsil haqqında" Qanununda da dünyəvilik təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri arasında yer almaqdadır. Konkret hicab məsələsinə gəldikdə qeyd etmək lazımdır ki, burada söhbət ölkəmizdə hicaba qarşı qadağa kimi anlanılmamalıdır. Bu günkü ictimai müzakirələr orta məktəbdə vahid geyimin tətbiqi ilə əlaqədardır. Təhsil Nazirliyi tərəfindən 2007-ci ilin avqust ayında bütün məktəblərdə məktəbli formasına keçilməsilə əlaqədar verilən əmrdə də göstərilir ki, məktəbli formasında kənar atributlar, eləcə də, dini elementlər olmamalıdır. Orta məktəblərdə geyim formasının təhsil müəssisəsinin daxili nizamnaməsi ilə təsbit olunması məsələsi isə "Təhsil haqqında" Qanunun 14-cü maddəsində öz əksini tapıb. Digər tərəfdən, ölkəmizdə bir çox dinlərə etiqad edən insanlar var. Təsəvvür edək ki, hər kəs öz diniin tələblərinə uyğun geyimlə məktəbə gəlsə, görün necə olar? Bu gün biz XXI əsrdə yaşayırıq və dünyaya yalnız elmi nailiyyətlərimizlə, yüksək intellektimizlə çıxmalıyıq. Ona görə də, təkcə hökumət və ya təhsil işçiləri deyil, bu gün elm və texnologiyalar əsri kimi qəbul edilən üçüncü minillikdə cəmiyyətin hər bir fəal üzvü, xüsusilə ziyalılarımız hələ müstəqil düşüncəyə malik olmayan və qərar qəbul etməyə hazır olmayan qızlarımızın ilk növbədə mükəmməl bilik əldə etməsi üçün çalışmalıdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir