Modern.az

Parlament jurnalistləri: “Pənah Hüseynin yeri görünür…”

Parlament jurnalistləri: “Pənah Hüseynin yeri görünür…”

23 Dekabr 2010, 18:01

Milli Məclisdə akkreditasiya olunan jurnalistlərin ilki təəssüratına görə, yeni parlament hələki köhndən fərqlənmir


2010-ci il 7 noyabrda ölkəmizdə dördüncü  parlament seçkiləri keçirilib. Yeni parlamentin ilk iclası noyabr ayının 15-də olub. Bu günə qədər dördüncü çağırış Milli Məclisin üç iclası keçirilib.
Modern.az-nın əməkdaşı parlamentdə akkreditasiya olunan jurnalistlərdən dördüncü çağırış Milli Məclisidə keçirilən iclaslar barədə təəssüratlarını öyrənməyə çalışıb.

“Yeni deputatların əksəriyyəti səsvermə, çıxışa yazılma qaydalarını da bilmir…” 

“Üç nöqtə” qəzetinin əməkdaşı  Elməddin Muradlı bildirib ki, dördüncü çağırış parlamentdə hələ yeni deputatlardan bir fəallıq görünmür.
“Tanıdığımız, hər zaman çıxış edən deputatlar əvvəlki çağırışda olduğu kimi çıxışlara yazılırlar. Sonuncu iclasda yeni deputatlardan yalnız bir nəfər- Çingiz Qənizadə çıxışa yazılmışdı, ona da vaxt çatmadı. Ancaq qalan yeni deputatlarda bir fəallıq görmədim. Hətta yeni deputatların əksəriyyəti səsvermə, çıxışa yazılma qaydalarını da bilmir”. 
E.Muradlı bunların tezliklə qaydaya düşəcəyini, növbəti sessiyada onların daha fəal olacağına ümid etdiyini qeyd edib.
“ Təzə deputatlardan yalnız bir-iki nəfər mətbuata müsahibə verib, öz fikirlərini, platformalarını açıqlayıblar ki, nə işlər görəcəklər. 38 nəfər yeni deputat seçilib, onlardan hələ 8-i mətbuata çıxmayıb, parlamentdə fəallığını göstərməyib.
Parlament jurnalistləri olaraq əsas təzə seçilənləri diqqətlə müşahidə edirik, amma hələlik onlarda bir fəallıq hiss etməmişik. Ümimilikdə isə keçən üç iclas normal axarla davam edib. Axırıncı sessiyada çox zəngin gündəlik təqdim olunub, müzakirə aparılıb. Yenə də köhnə deputatlar çıxış elədilər. Onlar öz fikilərini deyib fəallıq göstəriblər”.

“Köhnə məclis davam edir…”

“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli qeyd edib ki, yeni parlament hələ təzə formalaşdığından obyektiv fikir söyləmək çətin olardı.
“İclasın birində iştirak eləmişik. Qalan iclaslarda müşahidə elədiyimiz yalnız köhnə deputatların çıxışları olub. Milli Məclis rəhbərliyi deputat polimikasını davam etdirməkdədir. Növbəti iclaslarda yeni deputatların da çıxışlarını eşidəndən sonra tam fikir söyləmək olacaq. Hələlik köhnə məclis davam edir”.

“Bir fikirlilik real, əsl müxalifətin parlamentdə olmadığını təsdiqləyir…”

“Mediaforum” portalının müxbiri İmdad Əlizadə vurğulayıb ki, indiyə qədər müşahidə etdiyi iki iclas parlamentdə real müxalifətin olmadığını təsdiqləyir.
“Biz bu iki iclasda əvvəlki qızğın müzakirələrin şahidi olmadıq. Parlamentdə oxşar məsələlər müzakirə olunan zaman həmişə qızğın mübahisələr baş verirdi. Əgər üçüncü çağırış parlamentdə müxalifətdən olan deputatlar bu dəfə Milli Məclisdə olsaydı, mən əminəm ki yenə də qızğın müzakirələr keçirlərdi və onlar bir sıra məsələlərə etiraz edəcəkdilər. Hakimiyyətin mövqeyini dəstəkləyən deputatlar da onlara cavab verəcəkdilər və kifayət qədər maraqlı müzakirələr olacaqdı. Amma biz bu iki iclasda belə müzakirələrin şahidi olmamaşıq”.
İ.Əlizadə hesab edir ki, bir fikirlilik real, əsl müxalifətin parlamentdə olmadığını təsdiqləyir. “Eyni zamanda bunu müzakirəyə çıxarılan məsələlərin səsverməsində olan göstəricilər də təsdiqləyir. Bir sıra məsələlər yekdilliklkə qəbul olunur. Yalnız bir-iki məsələyə bir nəfərin əleyhinə səsi olur.
Eyni zamanda bu iki iclas onu göstərir ki, Azərbaycan parlamentinə təzə seçilən deputatlar sanki futbol yarışlarının isinmə hərəkətlərini keçirlər. Hiss olunur ki,  hazırda onlar müşahidə edirlər və prosesə uyğunlaşmağa çalışırlar. Yeni deputatlardan parlamentdə çıxış edənlər olmayıb və indi onların heç vaxt danışmayacağı haqqında bir söz demək olmaz. Bir neçə müddət sonra məlum olacaq ki, yeni deputatlar arasında fəalları var, yoxsa yox”.

“Bir az Pənah Hüseynin yeri görsənir, onunla bağlı qalmaqallar yoxdur…”

“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev bildirib ki, dördünçü  çağırış parlamentidə elə bir dəyişiklik hiss olunmur. Yeni parlament üçüncü çağırış parlamentin tam davamıdır. Bir az Pənah Hüseynin yeri görsənir, onunla bağlı qalmaqallar yoxdur. Qalan hər şey üçüncü çağırışda olduğu kimidir. İştirak elədiyim iclaslarda xüsusi bir yenilik hiss etməmişəm. Ancaq qanun layihələri müzakirəyə çıxarılır, təqdim olunur, qısa müzakirəklərdən sonra qəbul olunur”.

“Parlamentin əsas vəzifəsi qanunvericilikdir və qanunları qəbul etməkdir….”

“Səs” İnformasiya Agentliyinin müxbiri  Nailə Ağaverdiyeva qeyd edib ki, parlament ilk gündən fəaliyyətinə aktiv başalyıb:
“Mənə elə gəlir ki, yeni parlamentdə elə fərqli bir şey yoxdur. Düşünürəm ki, parlament hansı tərkibdə olursa olsun, öz fəaliyyətini davam etdirir. Milli Məclisin  əsas vəzifəsi qanunvericilikdir və qanunları qəbul eləməkdir.
Parlament öz fəaliyyətini yerinə yerirməkdədir və hər zaman da yerinə yetirib. Bildiyimiz kimi, ötən iclasda 19 məsələ müzakirə olunub. Bu az deyil”.
Nailə xanım paralamentin dördüncü çağırışının ötən çağırışlar kimi aktiv olacağını bildirib.

“İclaslarda danışanlar əvvəlki parlamentdən tanıdığımız deputatlardır…”

APA-nın əməkdaşı Rəşad Süleymanov yeni paralamentdə yenilik görmədiyini deyib.
“ Parlamentin iki iclası geridə qalsa da, mən burada elə bir yenilik görmürəm. İclaslarda danışanlar, məsələyə münasibət bildirənlər bizim əvvəlki parlamentdən tanıdığımız deputatlardır. Yəqin ki, parlamentin növbəti yaz ssesiyasında yeni deputatlar da öz fəaliyyətlərini sərgiləyəcəklər”

“Jurnalistlərin parlamentə buraxılmamasını düzgün hesab etmirəm…”

“Xalq Cəbhəsi” qəzetinin müxbiri Ağa Çəfərli jurnalistlərin parlamentin ilk iclasına buraxılmamasını düzgün hesab etmədiyini vurğulayıb.
“Parlamentin üç iclası olub, amma birinci iclasa biz jurnalistləri buraxmayıblar və mən bunu düzgün hesab eləmədim. Halbuki, deyirdilər bu il Prezident Administrasiyasında akkreditasiya olunmuş jurnalistlər parlamentə buraxılacaq. Prezident Administrasiyasında akkreditasiya olunsam da, məni də qoymadılar. Yəni əslində Prezident Administrasiyasında akkreditasiya olunmuş müxbirlər də kənarda qaldı. İkinci iclasda isə ancaq komitələr formalaşdırıldı, xüsusi çıxışlar olmadı”.
Jurnalistin fikrincə, sonuncu parlament iclası bir qədər maraqlı olub:
“Parlament seçkilərindən sonra ilk dəfə geniş müzakirələr oldu, fikirlər səsləndirildi. Ölkə üçün müstəsna əhəmiyyətli təkliflər irəli sürüldü. Bu təkiflər sırasında “Siyasi partiyalar haqqında” qanunun qəbul edilməsi, yeni komitələrin yaradılması, siyasi islahatların aparılması zəruriliyi  barədə təklifləri qeyd edə bilərəm. Sevindirici hal oldu ki, bu təkliflərə hakim partiyanın reaksiyası da normal idi. Yalnız  təzə deputatları gözləyirdik ki, görək onlar nə danışacaq, onlar nə fikirləşirlər. Amma onlardan heç biri çıxış eləmədi və bu maraqlı məqam kimi yadımızda qaldı”.

“Yeni parlamentdə ictimai əhəmiyyət daşıyan müzakirələr, rəylər eşitmədik…”

“Lent.az” saytının əməkdaşı Elxan Salahov yeni parlamentin fəaliyyətini zəif qiymətləndirdirib:
“İl yekunlaşıb, hələ üç dəfə iclas olub. Yeni parlamentdə ictimai əhəmiyyət daşıyan müzakirələr, rəylər eşitmədik. Yeni seçilən deputatların hələ səsini eşitməmişik ki, onların bu sahədəki ictimai  maraqları nə yerdədir, hansı mövqeni nümayiş elətdirəcəklər, hansı mövqedə duracaqlar”.  

“Yeni tərkibli parlament uğurlu fəaliyyət göstərəcək…”

“Yeni Azərbaycan” qəzetinin müxbiri Nardar Bayramlı qeyd edib ki, yeni parlamentdən ilk təəssüratları müsbətdir.
“Müəyyən səbəblərdən dördüncü çağırış parlamentin iki iclasında iştirak edə bilməmişəm. Bir iclasda iştirak etməklə rəy formalaşdırmaq çətindir. Gündəlikdə olan məsələlər normal müzakirə olunaraq qəbul olundu, xüsusilə Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik eləmiş Avropa Parlamentinin nümayəndəsinə qarşı çox kəskin, eyni zamanda birmənalı fikir ortaya qoyuldu. Millət vəkillərimiz tərəfindən bu çox təqdirəlayiq haldır və inanıram ki, gələcəkdə də yeni tərkibli parlament uğurlu fəaliyyət göstərəcək”.

“Yeni paralamentdə iş və elm adamları üstünlük təşkil edir…”

AzərTAc-ın əməkdaşı Xətayi Əzizov  bildirib ki, yeni parlament daha fəal olacaq. “İndidən fikir söyləmək düzgün olmazdı, amma üç iclasın gedişindən demək olar ki, yeni parlament yola saldığımız parlamentdən fəal olacaq. Çünki burda iş və elm adamları daha çox üstünlük təşkil edir”.

“Deputatların çoxunun neçə seçildiyi hamıya məlumdur…”

“525”-ci qəzetin əməkdaşı Kamil Həmzəoğlu bildirib ki, dördüncü çağırış Milli Məclisə seçilən 125 deputatın arasında səviyyəli, intellektual, türkçi, millətçi, Azərbaycan dövləti, dövlətçiliyi üçün həqiqətən də çalışan, qanunvericilik təşəbbüsləri ilə çıxış edən millət vəkilləri var.
”Bunların sırasında Qənirə Paşayevanı, Fuad Muradovu, Aydın Mirzəzadəni, Zahid Orucu, Əli Hüseynovu, Gövhər Baxşəliyevanı, Mehriban Əliyevanı, Rəbiyyət Aslanovanı, Sabir Rüstəmxanlını, Vahid Əhmədovu, yəni bir neçə deputatların adını çəkə bilərəm ki, kifayət qədər təcrübəli siyasətçi millət vəkilləridir və onların parlamentdə fəaliyyət göstərməsinə ehtiyac var”.
Həmkarımız hesab edir ki, bu deputatlar halallıqla, xalqın səsi ilə seçilmiş millət vəkilləridir. “Amma bunu parlamentin 70-80 faizinə şamil etməzdim. Onların çoxunun neçə seçildiyi hamıya məlumdur.
Artıq dördünçü çağırış parlamenti fəaliyyətə başlayıb, onun iki iclası təşkilatı məsələlərin həllinə həsr olundu. Üçüncü iclas isə xeyli sayda qanunvericilik aktlarının müzakirəsinə həsr olundu.  Parlamentdə əvvəldən deputat olub, yenidən seçilən və ya yeni seçilənlərin çoxusu gözləntiləri doğrultmadı. Təzə millət vəkillərindən heç birinin yeni parlamentdə çıxışı olmayıb. Əvvəlki parlamentdə fəallıq göstərən millət vəkilləri dördünçü çağırış parlametində də fərqləndilər”.
K.Həmzəoğlu dördünçü çağırış Milli Məclisdən bu tərkiblə beş il ərzində heç nə gözləmədiyini qeyd edib. “Təki yeni parlament Azərbaycan xalqının tarixində, taleyində böyük rol oynasın. Ancaq doğrusu, mənim buna o qədər də inamım yoxdur”.  

Aytən Əliyeva

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir